Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç ay müddətində bu qurumun fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə "e-sosial" internet portalının, altı ay müddətində isə məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədilə MEİS-də məşğulluq altsisteminin yaradılmasını təmin etmək tapşırılıb.
Həmçinin nazirlik yaradılacaq portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə və Maliyyə nazirlikləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində Fərmandan irəli gələn digər tədbirləri də görəcək.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Nazirlər Kabinetinə də bir sıra tapşırıqlar verilib.