Culfa rayonunda şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçısına orden və medalların təqdimatı olub - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə respublikamızın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirən hərbi qulluqçular müxtəlif orden və medallarla təltif edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Culfa rayonundan olan şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçısına orden və medallar təqdim edilib.

Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev bildirib ki, 44 gün davam edən qanlı döyüşlərdə Culfa rayonunun qəhrəman övladları da böyük şücaət göstərdi, topraqlarımızın işğaldan azad olunmasında fəal iştirak etdilər. Onlardan 15-i şəhidlik zirvəsinə ucaldı, 50-yə yaxın qəhrəmanımız qazi oldu. Döyüşlərdə göstərdikləri yüksək rəşadətə görə rayonumuzun qəhrəman övladları 2 “Vətən Müharibəsi Qəhrəmanı” adı, 12 orden və 300-dən çox medalla təltif olundular.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən şəhid leytenant Quliyev Vəli Kamal oğlu “Azərbaycan bayrağı”, şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu, Məmmədli Nicat Rizvan oğlu və Seyidov Nihat Mehman oğlu 3-cü dərəcəli “Rəşadət” ordenləri, müharibə iştirakçısı əsgər Məmmədov Mahir Lətif oğlu isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Sonra şəhidlərin valideynlərinə və müharibə iştirakçısına orden və medallar təqdim olunub.

Şəhid ailələri və müharibə iştirakçısı göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

   Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: