Ötən il Naxçıvan şəhərində sənaye məhsulunun həcmi 1,5 faiz artıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə  İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov diqqətə çatdırıb ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti 2021-ci ildə yeni istehsal müəssisələrinin yaradılması, sənaye və emal müəssisələrinin yenidən qurulması, sosial-infrastrukturun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və qeyri-məşğul əhalinin işlə təmin olunmasını daim diqqət mərkəzində saxlayıb, bu sahədə müvafiq işlər görüb. 

2021-ci ilin ötən dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox investisiya yönəldilib. Tikinti quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 1,7 faiz artıb.

Bildirilib ki, Naxçıvan şəhərində Türkiyə-Naxçıvan Dostluq Parkının, 2 saylı Nikah Evi və 3 saylı Notariat Ofisinin, Qaz Kompressor Stansiyasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın və Uzunoba Təlim-Məşq İdman Kompleksinin tikintisi ötən ilin ən layiqli töhfələrindəndir.

Mirsənani Seyidov diqqətə çatdırıb ki, 2021-ci ildə Naxçıvan şəhərində sənaye məhsulu istehsalı sahəsində bir sıra işlər görülüb, sənaye məhsulunun həcmi 1,5 faiz artıb. Dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 27 layihə üzrə istehsal obyektləri yaradılıb, 6 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir. Aqrar sektorun inkişafı üçün də bir sıra işlər görülüb. Bu sahədə görülən işlər kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb, 2021-ci ildə  Naxçıvan şəhərində 3 min 621 ton tərəvəz, 1084 ton meyvə, 387 ton kartof, 121 ton üzüm, 2 min 298 ton bostan məhsulları tədarük olunub. 967 hektar sahədə payızlıq əkin üçün şum qaldırılmış, 961 hektar sahədə payızlıq səpin aparılmışdır ki, bunun da 664 hektarı buğda, 297 hektarı isə arpadır. Müvafiq dövrdə dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 2 min 794 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 27,5 sentner olub.

Mirsənani Seyidov təhsil, nəqliyyat, idman, mədəniyyət, səhiyyə, rabitə, vergi və digər sahələrdə görülən işləri də ətraflı təhlil edib, sığorta işinin təşkilində buraxılmış nöqsanları qeyd edib və  aidiyyəti üzrə tapşırıqlar verib. Bildirilib ki, 2022-ci ildə idarə, müəssisə və təşkilatlarda əmlakın qorunması, əmək intizamına əməl olunması, ərazilərin təmizliyi diqqətdə saxlanılmalı, vətəndaşların müraciətlərinin qanuni həll edilməsinə nail olunmalıdır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulmuş vəzifələr tam icra edilməlidir.

Məruzə ətrafında Naxçıvan şəhər Maliyyə İdarəsinin rəisi Ramil Kərimov, Vergilər İdarəsinin rəisi Rəşad Əliyev, Statistika İdarəsinin rəisi Ramil Gülməmmədov və Təhsil şöbəsinin müdiri Baba Əliyev çıxış edərək görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıblar.

                        

                                                                      Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: