Qardaşına örnək olan cəsur döyüşçü və ya bir ailənin Vətən sevgisi

A- A A+

Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin səhifələrinə yazılmaqla, həm də azərbaycanlı kimi hər birimizin yaddaşına, ruhuna yazıldı. Bu tarixi dönəmin şahidləri olaraq 30 il yurd həsrəti çəkmiş, haqq etdiyimiz zəfər müjdəsini bir gün duyacağımız hissiylə yaşamışdıq, yaşlanmışdıq. Amma ümidimizi heç zaman itirməmişdik. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordumuzun günü-gündən gücləndiyinin, peşəkar zabit kadrları və vətənpərvər gənclərlə komplektləşdirildiyinin canlı şahidləri idik.

Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışı zamanı demişdir: “Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq”.

Əlbəttə, milli ruh olmadan hər hansısa fədakarlıqdan, qələbədən danışmaq olmaz. Nə qədər yüksək peşəkarlığa və güclü texnikaya sahib olsaq da, nəticədə silah-sursatı, necə deyərlər, dilə gətirən insan faktorudur.

Vətənə bağlı fədakar insanları, hərb peşəsinə könül verənləri, müharibənin sərt üzünə rəğmən bir addım geri çəkilməyərək düşmən üzərinə yeriyən və bizə zəfər hissini yaşadan igidlərimizi tanımaq, tanıtmaqdan gözəl nə iş ola bilər ki?! Bu il 22 yaşı tamam olan, ömrünün yaşanmış kiçik bir hissəsinə böyük qəhrəmanlıq dastanı sığdıran, sağlamlığını qurban verən, Vətən torpaqlarının azad olunmasında pay sahibi olan Fərman Mirzəmmədovu birlikdə tanıyaq, tanıtdıraq. Bu gəncin sinəsini medallar bəzəyir. Qoy yetişən nəsil də  görsün ki, qəhrəmanlığın yaşı olmur, Vətən məhəbbəti, xalq sevgisi, dövlətə sədaqət olan yerdə!

Əsrimizin və yazımızın qəhrəmanı ilə telefon danışığımız olur. O, bizi evinə dəvət edir-yeni mənzilinə. Məmnuniyyətlə dəvəti qəbul edir və Babək rayonunun Babək şəhərinə yol alırıq. Şəhərin mərkəzi küçələrinin birində ucalan yeddi mərtəbəli binanın dördüncü mərtəbəsinə liftlə qalxırıq. Qapını həyat yoldaşı  Zivər xanım açır. Bizi mehribanlıqla içəri dəvət edir. İlk baxışdan mənzil işıqlı və geniş olması ilə diqqəti cəlb edir. “Mənziliniz mübarək!” deyib söhbətə körpü salırıq. Müsahibim dərhal formasını əyninə alır. Sağ əlini yaxşı tərpədə bilmədiyinə görə yoldaşı ona kömək edir. Medallarını sinəsinə taxır-həvəslə, sevgi ilə. Hələ ikisi qalır, onu da verəcəklər deyir. Ordu sıralarından tərxis olunsa da, onun bizimlə adi ev geyimində deyil, hərbi formada cəsur döyüşçü obrazında dialoqa girmək istəyi nəzərimizdən yayınmır. Gəncin sevərək seçdiyi peşəsinə olan məhəbbətini, formasına olan sevgisini, sonu zəfərlə bitən müharibə xatirələrini bölüşmək həvəsini səmimi təbəssümlə qarşılayıb söhbətinə diqqət kəsilirik.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarında xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fərman Mirzəmmədov 2000-ci ildə Babək rayonunun Kərimbəyli kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra ailənin ilk övladı olan Fərman ömrünü orduya bağlamağı qərara alıb.

Sentyabrın 27-si müharibə başlayanda Vətən torpaqlarını yağı düşməndən təmizləmək kimi müqəddəs missiyanın iştirakçılarından olmaq  Fərmanın da arzusu olub. Axı onu hərb peşəsinə bağlayan düşmənin murdar ayağını torpaqlarımızdan təmizləmək, 20 Yanvar faciəsinin, Xocalı faciəsinin qisasını almaq əsas amillərdən idi. Bu amalla Fərman Mrzəmmədov oktyabrın 17-si Naxçıvandan yollanan qrupun tərkibində döyüşlərə qatılır. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Xocavənddən keçir.

Fərman Mirzəmmədov: Təxminən yarım saat davam edən qeyri-bərabər döyüşdə məqsədləri bizi əsir götürmək idi. Amma nəticədə özləri əsir düşdülər. Həmin döyüşdə iki nəfər yaralandı. Onlardan biri mən idim. Sağ tərəfimi, əsas da sağ qolumu hiss etmirdim. Səhərə yaxın ərazidən çıxarıb Füzuli xəstəxanasına çatdırdılar”.  

Vətən müharibəsi iştirakçısı kimi qələbənin qazanılmasına töhfə verdiyi üçün qürur duyan Fərman Mirzəmmədov “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 -Lazım gələrsə, yenə də torpaqlarımızın müdafiəsində dayanmağa, döyüşməyə, canımı fəda etməyə hazıram. Zəfər xəbərini mən xəstəxanada eşitdim, tibb bacılarından. İnanın, sevindiyimdən ağladım. Biz bu yolda çox şəhid verdik, nə qədər yaralılarımız oldu. Zəfər bizim haqqımız idi. O torpaqların sahibi kimi dönüşümüz də qəhrəmancasına oldu. Düşmən tərəfi kimi hiylə işlətmədən, səngərdən qaçmadan, döyüş meydanını tərk etmədən. Sonuna qədər döyüşdük, alnıaçıq, üzüağ. Ölümün üzünə belə dik baxdıq, əyilmədik, sınmadıq”. 

2021-ci il fevralın 8-də Vətən müharibəsi iştirakçıları ilə görüşən və onların Vətən müharibəsində şücaət, peşəkarlıq və vətənpərvərlik göstərdiklərini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan da milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır”.

Vətənpərvərlik tərbiyəsi ilk ailədən başlayır. Valideynlərinin xeyir-duası ilə müharibəyə yollanan Fərmanın kiçik qardaşı Azər Mirzəmmədov hazırda Heydər Əliyev adına Hərbi Liseyin kursantıdır. Qardaşı Fərmanın sinəsi medallı qalib əsgər kimi dönüşündən ruhlanan Azər bu il sənədlərini hərbi liseyə verib və qəbul olub. Fərmanın məlum səbəblərdən yarımçıq buraxdığı peşəsini Azər peşəkar zabit kimi şərəflə davam etdirəcək, qardaşının da əməyi olan azad torpaqların keşiyində sədaqətlə dayanacaqdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb, 1 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunub, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilib, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilib, 25-nin isə mənzilləri təmir olunub.

Görülən işlərin davamı olaraq ötən il dekabrın 24-də - Azərbaycan Respublikası Prezidentinin yubileyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub. Mənzil alan qazilərdən biri də əsrimizin və yazımızın bugünkü qəhrəmanı Fərman Mirzəmmədovdur. Fərman yeni ili ailəsi ilə birlikdə yeni mənzilində qarşılayıb. Tezliklə mənzili körpə qığıltısı bürüyəcək, işıqlı mənzili daha da çıraqban edəcəkdir. Xeyirli, uğurlu olsun!

                                                                         Ruhiyyə Rəsulova

                                                                       Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: