Azadlığın od, şimşək zərrəsi, şərəf, qeyrət, ucalıq rəmzi!

A- A A+

Əslində mənimlə yaşıddır 1990-cı il 20 yanvarı. Hətta orta məktəbdə oxuyanda Fərizə adlı sinif yoldaşım da var idi. Valideynləri ona 20 yanvar günü şəhid olan həyat yoldaşının ölümünə dözməyib özünə qəsd edən Fərizənin adını qoymuşdular.  İndi  mənim də, o Fərizənin də 32 yaşı var. O hadisələrdən isə 32 illik bir zaman ötür. Həmişə doğmalarımdan eşitmişəm İlham və Fərizə dastanını, mavi ekranlardan görmüşəm, tarix kitablarından oxumuşam tariximizin bu qanlı və şanlı səhifəsini...

Deyirdilər, 1990-cı ilin qışı sərt gəldi, şaxta qılınc kimi kəsdi, soyuq iliyə işlədi. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə zülmət qaranlığa qərq oldu Bakı. Şimal küləyinin gətirdiyi qasırğa qarşısına çıxan hər kəsi, hər şeyi məhv etmək gücündə idi. 70 illik tarixin hökmdarı olan sovet imperiyasının qoşunları ilə üz-üzə, göz-gözə durdu şəhər və onun sakinləri. O soyuq qışda bu xalq azadlıq və müstəqillik yolunda   yüzlərlə şəhid verdi.Kiminin atası, qardaşı, kiminin anası, balası, kiminin nişanlısı, həyat yoldaşı o gecənin qurbanı oldu. Azadlıq qurbanları... O gecə azadlıq uğrunda ölənlərin qanı ilə  tarix yazıldı.

Əyilmədi, sınmadı. 1990-cı ilin 20 yanvarındakı  imtahandan  üzüağ çıxdı bu xalq. O qanlı günün tükürpərdici səhnələri isə fotoların yaddaşında əbədiləşdi. Küçələrə səpələnmiş insan cəsədləri, tankların xıncım-xıncım etdiyi avtomobillər, qar üzərinə  tökülmüş müqəddəs  qan  izləri... O lal şəkillər hadisələri zamandan-zamana daşıdı, nəsillərdən-nəsillərə ötürdü. 1990-cı ilin 22 yanvar tarixində açılan səhər şəhid oğul və qızlarımızın qanından  güc aldı.  Azadlıq meydanı insan selinə qərq oldu. Xalq azadlıq uğrunda canından keçən  oğul və qızlarını əbədiyyət yolçuluğuna yola salmağa axışdı. El birliyi ilə azadlıq şəhidləri  Bakının ən uca ünvanında Dağüstü parkda  dəfn edildi.  O şənbə gecəsi, o qətl günü çox namümkünü mümkünə döndərdi. O gün bu xalq bir oldu. Sonrakı aylar, illər Vətənin müstəqilliyini gətirdi. Ancaq   xalqımıza, vətənimizə əbədi düşmən kəsilən qüvvələr əl çəkmədi mənfur niyyətindən.

O illərdə Naxçıvanda, xüsusilə Sədərəkdə də vəziyyət yaxşı deyildi. 1990-cı ilin yanvarın 18-dən 1993-cü ilin avqustun 13-dək  14 dəfə erməni  hədəfinə tuş gələn Sədərək bu yurdun qeyrət qalasına döndü.  Naxçıvanın hər kəndindən, elindən-obasından  sərhədə, vətəni qorumağa getdi igid oğullar. O zaman bu hadisələrin şahidi olanlar danışır ki,  yurdu qorumaq üçün  sinələrini düşmən gülləsinə sipər edən  igidlərdən 17 nəfərin  nəşinin 10 gün Mil təpə dağında qaldığı günlər də olub, Əjdəkan dağının quşqonmaz sallarındakı “Əyyub zağası”nda həftə ilə qalan döyüşçülərin  son tikə çörəyi ovub  yediyi, son nəfəslərinə qədər vuruşub  səngərdən enməyəcəklərinə and içdiyi günlər də... Şəhidlərin al-qanı tökülən Sədərək dağları “Qırmızılar” adı ilə tanındı. Bu ulu torpaq 100-dən artıq şəhidin qanı bahasına qorundu. Torpaq uğrunda  şəhid olan o qəhrəman oğulların xatirəsini əbədiləşdirən ünvanlar var oldu.

Özündə ümummilli kədər, rəşadət və fədakarlıq  örnəyi daşıyan  belə ünvanlardan biri Naxçıvan şəhərindədir. Gələcək nəsillərə Vətən  tarixini əyani şəkildə öyrədən  dərs vəsaitidir Şəhidlər xiyabanı. Burada kitablar yox, adlar və əməllər dil açıb danışır. Vətənə qəlbən bağlı olan insanlar tez-tez bura gəlir, şəhidlərimizin xatirələrini ehtiramla yad edirlər.

Bu gün yenə  insan selinə qərq olub  bu xiyaban.  Köksündə  uyuyan  şəhidlərin xatirəsinə məşəl yanır. O məşəlin odundan, alovundan qara daşlara  işıq düşür. Kamanın yanıqlı səsi  qəlbləri sızladır. 

Buradakı məğrur qadın heykəli... Övladlarına ağı deyən o müdrik ananın fəryadını, göz yaşını,  qürurunu hamı duyur. Əbədi minnətdarlıq hissi ilə  ağır addımlarla keçir məzarların önündən. Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ürəklərdən pərvazlanır:

Şəhidlərin hamısı bənzəyir bir-birilərinə,

Bir bax qəbirlərinə.

Hamısı bir boyda, bir biçimdə cərgələnmiş,

Səbəb birdir, əməl  bir, hədəf birdir, hədə bir.

Hərəsi bir yaşda, hərəsi bir bölgədəndi. Amma hamısı vətən üçün keçib  şirin canından.  İdris Məmmədov, Canpolad Əsgərov, Mehman Orucov,  Babək Əliyev, Səyyad Əliyev, Milli Qəhrəmanlar Əmiraslan Əliyev, İbrahim Məmmədov, Yusif Mirzəyev, Mirəsgər Seyidov... daha  neçə-neçə oğullar uyuyur  bu müqəddəs məkanda.  

Asan deyil onların taleyindən, qısa ömür yolundan söz açmaq.

22 yaşında idi Mir Əsgər. Vətənin  ağır günlərində  onu müdafiə etməyi özünə borc bildi. Könüllü olaraq Yuxarı Buzqov kəndinin özünümüdafiə dəstəsinə yazıldı. Cəsur Əsgər son gülləsinə qədər  döyüşdü düşmənlə. Son döyüşü 1992-ci ilin iyunun 14-də  oldu. Əsgər  döyüş   yoldaşlarını mühasirədən çıxaran zaman şəhid oldu. Xalqın Milli Qəhrəmanı yaşasaydı, 52 yaşında bir ata, bəlkə də baba idi. Lakin 22 yaşında əbədiləşdi  onun ömrü.

Başdaşındakı rəsmindən qorxmazlıq, nifrət yağır Səyyadın. 90 -cı illərdə Sədərək olumla ölüm arasında qalanda Səyyad da qeyrətini çəkmişdi qeyrət qalamızın. Qarağac, Ucubiz, Qırmızılar uğrunda gedən döyüşlərin hamısında iştirak edib alnıaçıq, üzüağ qayıtmışdı evinə. Lakin 1992-ci il mayın 25-də Mildə gedən döyüşlərdən sağ qayıtmadı. Vətənə bağışladı ömrünü. 

Ulu Babəkin qanı axırdı onun damarlarında. Babək qeyrətli, Babək hünərli Babək  Əliyev də qorumalı idi vətəni canı bahasına. Qorudu da.    Özündən sonra adı  və  əməlləri  yaşadı.

1973-cü ildə Şahbuz rayonunda doğulmuşdu Mehman. Torpağa bağlılıq, qurub-yaratmaq əzmi çağlayırdı qəlbində. Doğma torpağının başı üzərini qara buludlar alanda qeyrətli bir oğul kimi Mehman da çıxdı düşmən qarşısına. Sədərək dağlarına düşdü onun döyüş yolu. Sözünü 1992-ci il mayın 18-də Mil uğrunda gedən döyüşlərdə dedi Mehman. Elə o gün də şəhid olub bu xiyabanın  əbədi mehmanı oldu.

Sonra neçə-neçə İbrahimlər, Yusiflər, Babəklər, Mehmanlar doğulub  bu  oğulların qüdrətindən güc aldı. Onlar da sözünü Vətən müharibəsində dedi. Aldılar qisasını o oğulların. Düşmənin bağrına ox olub elə sancıldılar ki, Ermənistan az qala yer üzündən silinəcəkdi.  Dünya Azərbaycan oğlunun   bu  hünərindən danışdı.  Cild-cild kitablar yazıldı.

Sinə gərib dünyanın

Payızına, qışına,

Həmişə qərq olubdur

Gül-çiçək yağışına

Şəhidlər xiyabanı.  

Azadlıq, müstəqillik, torpaq uğrunda şəhid olmuş oğulların adına  verilən qiymətin ifadəsi olan  Şərur rayonundakı  Şəhidlər xiyabanı da    gül–çiçək yağışına, insan axınına qərq olub  bu gün.

Zaman-zaman vətəni düşmən gülləsindən qoruyan oğullar və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlar uyuyur burada. Şəhidlərin isti evi, ocağı, əbədi ünvanı olan bu xiyabanda, əllərini sinəsinə sıxıb, dizlərini yerə söykəyib donan ana obrazı bütün  şəhidlərin anasıdır. Ard-arda sıralanan məzarlar  isə əmrə müntəzir əsgər kimi dayanıb. Qara, soyuq mərmərdən işıqlı simaları baxır. Gözləyirlər, əmr gəlsə, vətən uğrunda canlarından keçməyə hazırdırlar. Keçiblər də...  dünənə qədər həyatda idilər. Kimisi yeni ailə qurmuşdu, kimisi övlad böyüdürdü, kimisi övlad yolu gözləyirdi, kimisi nişanlı idi, kimisi də  min bir arzu ilə yaşayan  20 yaşlı gənc idi.  Qara daşa da üzağlığı gətirib bu  oğullar. Vətənin çağırışına biganə qala bilməyiblər. Döyüşüblər, azad ediblər torpağı düşmən tapdağından. Ömürlərini vətənə, bizə bağışlayıblar, qazancları bütöv vətən, özləri isə tariximizdə əbədi  yaşayanlar olub.

Əsgər Hümbətov Həsən, əsgər Abdullayev Rövşən, leytenant  Babayev Əli,  kapitan Meydanov Elməddin, çavuş İbrahimov Ruzi, kiçik çavuş Xəlilli Murad,  kapitan  Zeynalov Azad, mayor Vəliyev Vüsal, əsgər  Gözəlov Rüfət, baş gizir İsmayılov Əmrah, leytenant Məmmədov Elşən...

Burada uyuyan oğulların ən kiçiyidir Elşən. 1999-cu ilin payızında düyaya göz açmışdı. Özü seçmişdi hərbi peşəsini, o qədər sevmişdi ki, ailəsindən gizlin sənəd vermişdi Heydər Əliyev adına Hərbi Liseyə.  Elə bir payız günü də doğulduğu  kənddən çox-çox uzaqda Zəngilanda cismani olaraq son tapdı qısa  ömrü. Adi ölüm deyildi  bu. Onun  bu həyatdakı  əbədi varlığıdır şəhidliyi.

Xiyabanın hər daşından bir igidin obrazı boylanır.  Kimisinin gözləri gülür, kiminin baxışlarında qəzəb coşub daşır. Ömrü 23 ilə sığan bir gənc,  leytenant  Ənvər Əliyev  təhsilində də, vətənə xidmətində də hər zaman seçilib. Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda  gedən döyüşlərdə “Ənvər paşa” kimi qəhrəmanlıq göstərib. 2020-ci il oktyabrın 15-də Talış yüksəkliyində iki əsgəri ilə birgə top mərmisindən şəhid olub. Ənvərdən  ailəsinə- atası Nizamiyə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, adı, bir də əməlləri qalıb  yadigar.

Məzarlar doğma, yaxın! Məzarlar yan-yanadır. Kapitan Elnur Cəfərov. Həmkəndli idilər Ənvərlə. Axaməd kəndinin qəhrəman oğullarıdır onlar. Elnur 2014-cü ildə erməni silahlı bölmələrinin atəşkəsi pozaraq Tərtər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuşdu. Onun qisasını Ənvər aldı. Özü də gəldi  Elnurun yanına. Cənnətdə görüşüblər yəqin.

Hər kəsə nəsib olmaz həyatdan elə dünyaya gəldiyin gün köçəsən. Gizir Əmrahın döyüş yolu Günnütdən Şuşayadək uzandı. 2018-ci ilin yazında Günnütü bizə verən oğullardan olmuşdu  Əmrah.  Lakin bu qane etməmişdi onu. İstəmişdi ki, düşmənlə olan son hesabını Qarabağda  görsün. Vətən müharibəsində Şuşaya qədər döyüşmüşdü. Şuşa alınan gün bu xoş müjdəni ailəsinə, azyaşlı övladlarına da vermişdi. Noyabrın 10-u yeni yaşını qarşıladıqdan  bir neçə saat sonra  düşmən snayperinə tuş gəlib, uca məqama yüksəldi.

Bu da Elməddinin məzarıdır. Vətənin sərhədini qoruyan kapitanın. Zəngilandakı zirvəyə soyadı verilən, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına  görə” medalları ilə təltif olunan, oğulları Əli və Yusifi  bu vətənə əmanət edən Meydanov  Elməddin.

Burada uyuyanlar canını vətəninə qurban verənlərdir.  Kimisi şəhid olub çiyinlərdə gəldi, kimisi qazi olub yarımçıq qayıtdı, kimisi də  müharibənin son gününədək döyüşdü 44 günlük Vətən savaşında.   Sonda qalib etdilər bu xalqı.

Bu gün yenə onlarla insan  səcdəgahına gəlir  bu qəhrəman oğulların. Xalq bu görüşə  boynubükük gəlmir. Daha məğrur, daha qürurlu və başı dik dayanır məzarları önündə. Çünki torpaq uğrunda ölən hər bir şəhidin qisası alınıb. Qarabağın azadlığına, dirçəlişinə, yüksəlişinə şahidlik edir bu xalq. Ucalıq rəmzi, vətən daşı, qan yaddaşı, qürur mənbəyi, azadlığın od, şimşək zərrəsi, torpağın, elin qeyrətini çəkən belə oğullarla Vətəndir qaraca torpaq!                   

                                                                             Türkanə Əmoyeva

                                                                            “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: