Tarixi qələbənin Şuşa ili

A- A A+

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini hamımız yaxşı bilirik, 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri səsləndirən  Qalib Komandan cənab İlham Əliyev   2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı. Bu, cənab İlham Əliyevin atdığı növbəti tarixi addım, zərbə mesajıdır. Yəni, bu torpaq mənimdir, onun tarixini mən bilirəm. Bu gününü də, gələcəyini də mən təmin edəcəyəm. Qoy bütün dünya bunu bilsin. Bir sözlə, 270 il əvvəl Qarabağ xanı Pənahəli xanın əsasını qoyduğu Şuşanın yubileyinin keçirilməsi dosta sevinc, düşmənə göz dağıdır.

Bəzən öz-özümə düşünürəm. Görmədiyin, üstündə gəzmədiyin, havasını udmadığın, suyunu içmədiyin bir torpağı bütün qəlbinlə necə sevə bilərsən? Sanki Qarabağın hər qarış torpağını addım-addım gəzib, hay-haraylı Cıdır düzünü at üstündə dolanmışam. Elə bil ki, uca Kirs dağının ən hündür zirvəsindən bütün Qarabağı seyr etmişəm. Xarıbülbülün ətrini duyub, Turşsu bulağının dişgöynədən suyundan içib, İstisuyun qaynar və möcüzəli təmasını duymuşam. Bəs Şuşa sevgisi, Şuşa həsrəti niyə bu qədər güclü, niyə bu qədər göynərtili idi? Quşqonmaz, əlçatmaz sıldırım qayaların qoynuna sığınmış bu dağlar gözəli niyə hər bir azərbaycanlı üçün bu qədər doğmadır, əzizdir?

Bəzən də düşünürəm ki, bəlkə bu gözəl şəhərin əsasını qeyrətli və tədbirli Azərbaycan xanı – Pənahəli xan qoyduğu üçün, bu diyar neçə-neçə zalım düşmənə mərdliklə sinə gərdiyi üçün bizə bu qədər doğmadır. Bəlkə də xan qızı Ağabəyim ağa Şuşa sevgisini bizə aşılayıb. Onun Vətənə olan sonsuz məhəbbətini anlayan Fətəli şah qərara gəlir ki, Şuşanın bir parçasını Tehrana köçürsün. Şuşadan atlarla, dəvələrlə torpaq daşıtdırıb bağ saldırır. Bağa ayaq basan Ağabəyim ağa bir anlıq özünü itirir. O, sanki Şuşaya ayaq basır. Ancaq elə həmin an üzünü kədər buludları bürüyür. Gözləri nəyi isə həsrətlə axtarır – Şuşa gözəli Xarıbülbül yox idi. Qeyri-ixtiyari dodaqlarından bir nalə qopdu:

Vətən bağı al-əlvandır,

Yox içində Xarıbülbül.

Ömür sürməli dövrandır,

Səsin gəlsin barı bülbül.

Şuşa adi bir şəhər, bir rayon, bir torpaq deyildi. Şuşa bizim şah vüqarımız, şanlı tariximiz, xan əmanətimiz, Qarabağ simvolumuzdur. Şuşanı quranlar, onu ərsəyə gətirənlər bu torpağın qoruyucuları, əsl sahibləri idilər. Bu şəhər ulu babalarımızın bizə miras qoyduğu ən əzəmətli abidədir.

XX əsrin 90-cı illərində Qarabağın incisi Şuşanın başını qara buludlar alır. Namərd düşmən öz qəddarlığını Xocalı şəhərində bir daha nümayiş etdirir. Bu vəhşilik daha çox əhalinin gözünü qorxutmaq məqsədi güdürdü. Bu hadisədən bir neçə ay sonra mayın 8-də Şuşa işğal olunur. Həmin dövrdə hakimiyyətdə olan səriştəsizlik, xarici siyasətdə yol verilən nöqsanlar, daxildə sabitliyin olmaması, ordu quruculuğundakı boşluqlar, hakimiyyət uğrunda gedən çəkişmələr Şuşanın işğalına şərait yaratdı. Nə az, nə çox, 28 il Şuşasız qaldıq. Ürəklərində Şuşa həsrəti ilə çoxları köçdü bu dünyadan. Hər il qulaqlarımız bu alqışı eşitdi “İnşallah, gələn il Şuşada, Qarabağda görüşərik”. Bəli, Şuşa adı Qarabağdan qabaq çəkildi. Bəlkə də bir çoxu üçün Şuşa ağrısı Qarabağ dərdindən də böyük oldu. Şuşa faciəsi Azərbaycan insanının psixologiyasında dərin depresiya yaratdı, milli qürurumuza, ləyaqətimizə ağır, sarsıdıcı zərbə endirdi. Bu depresiyadan çıxmaq üçünsə bizə təxminən 30 il vaxt lazım oldu.

Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəyə başladı.   Bu mübarizənin əsasını torpaqlarımızın işğaldan azad olunması təşkil edirdi. Uzaqgörən Lider bu illər ərzində istər diplomatiya, istər informasiya savaşı, eləcə də digər platformalarda dünyaya haqqın bizim tərəfimizdə olduğunu dəfələrlə sübut və bəyan etmişdi. Bu mübarizənin sonu isə, əlbəttə, aydınlıq olmalı idi. Şuşanın işğaldan azad olunması uğrunda Azərbaycanın Müzəffər Ali Baş Komandanı və əsgərinin həyata keçirdiyi əməliyyat isə tarixdə əbədi qalacaq. Qarabağın tacı olan şəhər təbii istehkam olduğundan ora hərbi texnika, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Ona sahib olmağın iki variantı vardı. Ya şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək, ya da əlbəyaxa döyüş taktikasından istifadə etmək. Komandanlıq birinci variant seçmədi və alternativ varianta üstünlük verdi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Noyabrın 8-də Azərbaycan Müzəffər Liderdən belə bir müjdə aldı: “Əziz Şuşa, sən azadsan, əziz Şuşa, biz qayıtmışıq!”.

İlahi, nə xoşbəxtdir bu xəbəri xalqına çatdıran insan, nə xoşbəxtdir, bu müjdəni Qalib Komandandan duyan xalq. Şuşa uğrunda canından keçən oğullar, siz müasir Azərbaycan tarixinin unudulmazları sırasındasınız. Müqəddəs şəhid, qazi adınız hesabına bizə Şuşanı qaytardınız, mənfur düşmənin murdar ayağını Şuşadan birdəfəlik kəsdiniz. O düşmən ki, bizim üçün müqəddəs olan əfsanəvi Cıdır düzündə yallı gedərək, qondarma rejim üçün Şuşada parlament binası tikməklə xalqımızın qüruru ilə oynayırdı. Artıq düşmən bütün bunların cavabını döyüş meydanında biabırçı məğlubiyyəti ilə verib. İşğalçılıq siyasətinin gec-tez bir sonu olacaqdı...

Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır. Azərbaycanın ən güclü musiqiçilərini yetişdirən, havası şüşə kimi şəffaf, suyu can dərmanı olan, Daşaltı çayının zümzüməsilə oyanan Şuşa indi doğmalarının nəfəsi ilə isinir, əzizlərinə qucaq açıb. Əsrlərin şahidi, Qarabağ atlarının yarış meydanı, igid oğlanların, qeyrətli qızların şənlik toplantısı, tarixi hadisələrin məskəni Cıdır düzü  yenə qonaqlı-qaralıdır... Qasım bəy Zakiri, Üzeyir Hacıbəyovu, Xan qızı Natəvanı, Xan Şuşinskini, Bülbülü, Cavanşirlər nəslini və yüzlərlə sənətkarlar yetişdirən bu sirli-sehirli diyarın yeri hər bir  azərbaycanlının qəlbində başqadır. Şuşa bizim milli qürurumuz, mədəniyyət beşiyimiz, Azərbaycanımızın dilbər guşəsidir. Prezidentimizin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərə mütəmadi səfər etməsi həmin yurd yerlərinin tarixinə qızıl hərflərlə yazılır. İndi nəinki Şuşa, bütün Qarabağ böyük quruculuq, tikinti meydançasını xatırladır.

Cənab İlham Əliyev Qarabağ torpağına yenidən həyat qaytarır. Təkcə həyat yox, həm də tarixi, mədəniyyəti, ədəbiyyatı... Gözəllik nəğməkarı Vaqifin qəbirüstü məqbərəsinin əvvəlki üslubu və görünüşü saxlanılmaqla tez bir zamanda bərpa olunması və onun önündə incəsənət ustalarının iştirakı ilə “Vaqif poeziya günləri”nin keçirilməsi  Şuşanın əvvəlki şanlı-şöhrətli günlərinə qayıdışın ilkin mərhələsi oldu. Tolerant ölkə olan Azərbaycan müxtəlif dinlərə eyni münasibət bəsləyir, kilsələrə də, sinaqoqlara da hörmətlə yanaşır. Ancaq öz vəhşi xislətini gizlətməyən ermənilərin məscidlərimizə olan qeyri-insani münasibəti görənləri heyrətə gətirir. Ali Baş Komandan Yuxarı Gövhər ağa məscidinin bərpa olunmasına göstəriş verdi və tez bir zamanda məscid yeniləndi. 2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi nəinki Azərbaycan vətəndaşlarının, eləcə də bütün Türk dövlətlərinin gözlədiyi cəsarətli bir addım idi. Bu həm də Şuşanın Azərbaycan üçün nə qədər qiymətli olduğunun göstəricisi idi. Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi, Ermənistan üzərində parlaq Qələbəmizin nəticəsi olaraq Prezidentimizin atdığı önəmli addımlardan biri də “Xarıbülbül” musiqi festivalının bərpası oldu. 2021-ci il may ayının 12 və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda yaşayan müxtəlif xalqların və Azərbaycan incəsənət ustalarının iştirakı ilə yüksək səviyyədə musiqi festivalı keçirildi. Şuşanın rəmzlərindən olan Cıdır düzündə keçirilən bu konsert proqramı məğlub ermənilərə həzm edə bilməyəcəkləri növbəti Qələbə mesajı oldu. Ötən ilin iyun ayında tarixi şəhər daha bir tarixi ana şahidlik etdi. Şuşa Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının təntənəsini yaşadı, möhtəşəm tədbirə ev sahibliyi etdi. Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilmiş Şuşa şəhərinə səfəri baş tutdu. İki dost, iki qardaş ölkə başçılarının məhz burada – Qarabağın incisi Şuşada görüşməsinin də rəmzi mənası var idi. Şuşada iki ölkə arasında imzalanmış “Şuşa bəyannaməsi” regionda sülh və sabitliyin bərpa edilməsi, ölkələrimizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən çox vacib sənəd oldu. Şuşadan ucalan bu birlik və həmrəylik yumruğunun sədası düşmənin qulaqlarında cingildədi.

2022-ci ilin Şuşa ili elan olunması hər bir azərbaycanlının bu şəhərə olan məhəbbətinin təcəssümü oldu. Qarabağın zümrüd qaşı – Şuşa, bu il sənin üçün parlaq və təntənəli tədbirlərlə –  quruculuq, festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər, yüksəlişlə yadda qalacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan şəhər, tezliklə təşkil olunan səfərlərin birində iştirak edərək sənin görüşünə gələcəyəm. Qismət olsun, yenə də sənin barəndə yazacağam, təəssüratlarımı qələmə alacağam. Elə indidən təbrikimi qəbul et. 270 yaşın mübarək, əziz Şuşa!

                                                                Məlahət Tağıyeva

                                        Şıxmahmud kənd tam orta məktəbinin müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: