Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı uğurla icra olunur - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub. Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir, komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, uşaqların diaqnostik göstəricisi və səbəbləri araşdırılır, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmələri tövsiyə edilir.

Sağlamlıq imkanları məhdud 119 uşağın yaşadığı evlərdə monitorinqlər keçirilib, 54 uşaq təhsilə cəlb edilib

Proqramın icrası çərçivəsində uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqətdə saxlanılır. Belə ki, ötən ildə komitə tərəfindən sağlamlıq imkanları məhdud 119 uşağın yaşadığı evlərdə monitorinqlər keçirilib, onlarla geniş maarifləndirici söhbətlər aparılıb, valideynlərə qanunamüvafiq izahat verilib, uşaqlar potensiallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə yönləndirilib.

Monitorinqlərin nəticəsində 34 uşaq ümumtəhsil məktəblərinə, 18 uşaq məktəbəqədər müəssisəyə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər isə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə olmaqla, ümumilikdə, 54 uşaq təhsilə cəlb edilib.

Müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, müəssisə rəhbərliyi ilə maarifləndirici söhbətlərin təşkili ötən ildə də davam etdirilib. Ümumilikdə, ötən il ərzində muxtar respublika üzrə 770 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 12 məktəbəqədər müəssisə, 71 ümumtəhsil məktəbi, 2 lisey, 20 musiqi məktəbi, 9 məktəbdənkənar müəssisə olmaqla, ümumilikdə 114 uşaq müəssisəsində monitorinq keçirilib.

Əlamətdar günlərdə uşaqlarla görüşlərin keçirilməsi, həmin günlərin uşaqlar üçün yaddaqalan olması məqsədi ilə tədbirlərin hazırlanması davam etdirilib. Belə ki, 1 iyun- Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Aksiyada hemofiliya və talassemiyalı uşaqlar üçün 16 litr qan ehtiyatı toplanıb.

Həmin tədbirlərin davamı olaraq iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları iştirak edib, 15 sağlamlıq imkanları məhdud uşağa komitə tərəfindən hədiyyələr verilib.

Görülən işlərin davamı olaraq xüsusi kateqoriyadan olan uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılıb, bu məqsədlə komitə tərəfindən müvafiq kateqoriyalardan olan, ümumilikdə 141 uşağın “Saat Meydanı” turistik istirahət mərkəzinə, muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə, “Badamlı Mineral Sular Zavodu”na ekskursiyaları təşkil edilib, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşaların, Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlərin nümayişi təmin olunub.

118 uşağa məktəbli forması və dərs ləvazimatları, xüsusi qayğıya ehtiyacı olan 87 uşağa isə qış geyimləri verilib

Hər il olduğu kimi, 2021-ci ildə də xüsusi kateqoriyadan olan uşaqlar məktəbli forması və dərs ləvazimatları, həmçinin qış geyimləri ilə təmin olunublar. Belə ki, muxtar respublikada yaşayan 10-u sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə, 118 uşağa məktəbli forması və dərs ləvazimatları, 8-i sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə, xüsusi qayğıya ehtiyacı olan 87 uşağa isə qış geyimləri verilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları olmaqla ümumilikdə, 14 sağlamlıq imkanları məhdud uşağa təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq, müvafiq tədbirləri davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: