Şahbuz rayonunda dəm qazından qorunma ilə bağlı maarifləndirici tədbir təşkil edilib - FOTOLAR

A- A A+

Muxtar respublikada aparılan profilaktik tədbirlərə baxmayaraq qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən  əhali arasında dəm qazından zəhərlənmə və boğulma halları baş verir. Bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində qaz cihazlarının, suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, FHN tərəfindən bu istiqamətdə maarifləndirici növbəti tədbir Şahbuz rayonunda təşkil edilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevindik Abdullayev, Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Razim Vəliyev bildiriblər ki, kənd yaşayış məntəqələrində keçirilən reydlər zamanı vətəndaşlarla qaz və elektrik qızdırıcı cihazlarından istifadəsi zamanı təhlükəsizlik qaydalarına dair maarifləndirici söhbətlər aparılır və aşkar olunan nöqsanların müvafiq dövlət qurumları ilə birgə aradan qaldırılması təmin olunur.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı və qaz cihazlarından istifadə qaydaları, dəm qazından zəhərlənmə hallarının qarşısının alınmasından danışıb.

Qeyd olunub ki, zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanan qeyri-standart qızdırıcı qaz cihazlarından və su qızdırıcılarından istifadə olunmasıdır. Buna görə də satış məntəqələrindən əsasən zavodda istehsal edilən qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə ümumiyyətlə yol verilməməlidir. Bu məqsədlə ötən il 45 min 858 şəxsi yaşayış evində yanğın cəhətdən təhlükəli оlan 733 elektrik, 1549 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 345 şopen tipli su qızdırıcısının və 2 min 263 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. 

Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi, daxili xidmət mayoru Etibar Məmmədov, Şahbuz Rayon Polis Şöbəsinin baş polis sahə inspektoru, polis kapitanı Nurlan Heydərov və digər çıxış edənlər aparılan qabaqlayıcı tədbirlərdən bəhs ediblər.

                                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: