NASA: Tonqada vulkan püskürməsi yüzlərlə atom bombasının partlayışına bərabərdir

324

Tonqa yaxınlığında Sakit okeanda sunami əmələ gətirən Xunqa-Tonqa-Xunqa-Xaapay sualtı vulkanının püskürməsi Xirosimaya atılan atom bombasının partlayışını öz gücünə görə yüz dəfələrlə üstələyir.

NUHÇIXAN İnformasiya Agentliyi BBC-yə istinadla xəbər verir ki, bu barədə NASA bildirir.

NASA alimləri vurğulayırlar ki, Sakit okeanın cənubuna təbii fəlakətin vurduğu ziyan indiyədək təsəvvür edildiyindən daha irihəcmlidir.

Son tədqiqatlar göstərir ki, vulkanla eyni adda olan Xunqa-Tonqa-Xunqa-Xaapay adasının böyük hissəsi praktik olaraq daha mövcud deyil. Püskürməyə qədər o, kimsə yaşamayan iki adadan - Xunqa-Tonqa və Xunqa-Xaapaydan ibarət idi. 2014-cü ildə bu adalar arasında formalaşan vulkan bərzəxi sayəsində onlar birləşib.

NASA mütəxəssislərinin sözlərinə görə, indi orta hissə tamamilə parçalanıb, daha köhnə olan iki adadan yalnız kiçik hissələr qalıb.

Sakit okeanın yaşayış olan adaları arasında təbii fəlakətdən ən çox əziyyət çəkən Tonqa krallığının arxipelaqı olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəyərləndirməsinə görə, bu ada dövlətinin sakinlərinin 80 faizi son püskürmənin və onun əmələ gətirdiyi sunaminin fəsadlarını öz üzərlərində hiss ediblər. 3 nəfər ölmüş hesab olunur.

Tonqanın paytaxtı Nukualofa üzərinə 1,2 metr hündürlükdə dalğa qalxıb. Şəhər sakinləri hündür yerlərə dırmaşaraq özlərini xilas ediblər. Onlardan çoxu təkcə subasmadan deyil, həm də yuxarıdan tökülən daş və küldən zərər çəkiblər.

Manqo adası arxipelaqda ən çox zərər çəkən adalardan biridir. Onun sakinlərinin əksəriyyəti yaşayış yerindən tutmuş şəxsi əşyalarınadək hər şeylərini itiriblər. 62 nəfər Nomuka adasına təxliyə olunub, lakin hakimiyyət orqanlarının dediklərinə görə, orada ərzaq tükənmək üzrədir və yüzlərlə insan Tonqa dövlətinin əsas adası sayılan Tonqatapuya təxliyə olunmalarını gözləyir.

Arxipelaq adalarının böyük hissəsi hələ də kül ilə örtülüb. Kömək üçün cəlb edilmiş qüvvələrin hamısı, ilk növbədə, yeganə beynəlxalq aeroportun uçuş-enmə zolağının təmizlənməsinə yönəldilib. Artıq bir neçə gündür ki, buraya humanitar yüklər çatdırılır.

BMT-də daha çox şirin su mənbələrinin kül ilə çirklənəcəyindən ehtiyat edirlər. Çünki bu, vəba epidemiyası və digər mədə-bağırsaq xəstəlikləri ilə nəticələnə bilər.

Lakin Tonqanın hakimiyyət orqanları xəbər verir ki, şirin su hövzələrində suyun keyfiyyətinin son yoxlamaları onun istifadəyə yararlı olduğunu göstərib. Ada sakinlərinə yağış suyunu toplamaq da tövsiyə edilir.

Bununla yanaşı, əhali arasında ağciyər və ürək-damar xəstəliklərinin kəskinləşməsi təhlükəsi qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: