Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə, bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir.
Eyni zamanda qeyd edək ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının digər işçilərə həvalə edilməsi Əmək Məcəlləsinin 61-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə, nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə, əlavə əməkhaqqı ödənilir.
Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi, mövcud əmək şəraiti nəzərə alınmaqla, faktik yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda (16 yaşınadək işçilər üçün 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün 36 saat) yol verilə bilər.