Xalq-ordu-dövlət birliyinin Naxçıvan nümunəsi

A- A A+

Deyirlər ki, ulu Teymurləng ordusunu düşmən üzərinə apararkən ulusun sərhədlərində düşərgə salırmış. Hər əsgərinə bir daş gətirib bəlli yerə qoymağını əmr edərmiş. Beləcə, hücumdan əvvəl ordunun daş andı mərasimini keçirərmiş. Geri dönərkən həmin yerdə yenidən ayaq saxlayarmış.Yeni əmr alarmış ordu: “Hərə öz daşını götürsün”. Yerdə ancaq şəhid əsgərlərin daşı qalarmış... Ordu qarşısında həmin daşları qucaqlayıb ağlarmış amansız sərkərdə. Sonra üzünü ordusuna tutarmış: Bura yurdun ən müqəddəs yeri-şəhidlərimizdən Vətən daşları qalan guşəmizdir. Buradan içəri düşmən keçməməlidir”. Daş andı, torpaq yəmini içmiş Azərbaycan əsgərinin mütləq çatmaq istədiyi Şuşa da Vətən oğlunun daşlaşdığı, keçilməz dediyi  müqəddəs məkandı. O yer ki, 44 gün ancaq və ancaq ora yetmək üçün döyüşdü müzəffər əsgər. O yer ki, yüzlərlə şəhidin son nəfəsi hopdu daşına, torpağına. O səma ki, şəhadətə yüksələn əsgərin gördüyü son vətən mənzərəsi idi. Şuşa bu xalqın keçilməzi, Ulu  öndərin “Arzu edirəm ki, sizinlə birlikdə gedəcəyik Şuşaya. Gedəcəyik, inan ki, gedəcəyik” əminliyindən doğan, mütləq ora qayıdacağıq dediyi türk dünyasının Məkkəsidir. Ölkə başçısı  2022-ci ili “Şuşa ili” elan etdi və sanki bundan sonra yaşanacaq bütün illər elə Şuşa, Zəfər, Qələbə ili olacaq. Çünki bu xalqın ruhu artıq  qələbə, birlik, bütövlük ovqatına  köklənib.

270 ilini geridə qoyan Şuşanın ruhunda həm də Naxçıvan torpağından boy alan yüzlərlə igidin son nəfəsi, son ayaq səsləri, əlinin toxunduğu son daşlar var. Vətən müharibəsinin başladığı o payız günündə “Biz də döyüşə qatılmalıyıq, qardaşlarımıza kömək etməliyik” deyib yola düşən Əlahiddə Ümumqoşun Ordunun şəhadətə yüksələn, qazi olan nümayəndələri həm də Şuşadakı ilk Naxçıvan izləridir. Şuşaya ilk ayaq basan bütün vətən oğulları kimi onların da ruhu 270 illik  var oluş tarixinə qızıl hərflərlə yazılacaq.

44 günlük Zəfər həm də onu sübut edirdi ki, təkcə ordu deyil, bu xalq hər an addım-addım yalnız qələbə üçün çalışıb. Ulu öndərimiz tərəfindən əsası qoyulan bütün müasir silahlarla təmin olunmuş, pozulmaz ruh yüksəkliyi ilə yetişdirilən yenilməz ordu yaratmaq missiyası vətənin hər bir bucağında, eləcə də Naxçıvanda ilmə-ilmə həyata keçirilir, reallaşır. Muxtar diyarda vətənpərvər insan yetişdirmək vətənin müdafiəsi sahəsində bir başlanğıc idi. Sarsılmaz tellərlə bağlanan ordu-xalq birliyi bu inkişafın, yenilməzliyin bünövrə daşı idi.

Vətən müharibəsində tarixi şücaət göstərən Naxçıvan döyüşçülərinin qəhrəmanlığını isə Qələbədən sonrakı çıxışlarında Ali Baş Komandan belə qiymətləndirəcəkdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Gedərkən özləri ilə birlikdə silahlarını, sursatlarının bir hissəsini də cəbhə bölgəsinə aparan Vətən fədailəri çiyinlərində tarixi qələbə ilə geri döndülər. Ölkə telekanallarının birində müharibədə iştirak edən bir həkimin dedikləri, adı məlum olmasa da, Naxçıvanlı döyüşçünün cəsarətinə işıq tutur. Həkimin “ayağını itirən bir Əlahiddə Ümumqoşun Ordunun zabiti onu yenidən cəbhəyə buraxmağım üçün təkid edirdi. Mən “sən ayağın olmadan necə vuruşacaqsan?” dediyimdə, mən onsuz sürünürdüm, ayağım gərək deyil” deməsi bir qəhrəmanlıq nümunəsi, cəsarətin təntənəsi idi.

Belə bir fikir var: “Təkcə hərbi qüvvələr ölkəni qorumaq üçün kifayət deyil, həm də xalq tərəfindən qorunan ölkə yenilməzdir”. Vətənin bütün bölgələri kimi Naxçıvanda da ordu quruculuğu diqqətdədir və bu sahədə hər il atılan addımlar dost, düşmən- hər kəsə bəllidir. Ən müasir silah və texnika ilə təchiz edilmiş ordu Naxçıvanı qala kimi qoruyur. Ölkə başçısının ötən ilin mayında Naxçıvana səfəri zamanı dediyi kimi: “Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir.

Elə təkcə ötən il yeni hospital, qərargah binaları, əsgər yataqxanaları, təlim meydanları tikilib, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün önəmli addımlar atılıb. Bir sözlə əsgərlərimizin isti geyim və keyfiyyətli ərzaqla təmin olunması, ən ucqar və sərhəd postlarında belə ən müasir əsgəri şəraitin yaradılması nümunə gücündədir.  Ancaq bu yenilməzliyin və möhkəmliyin əsasında xalq-ordu birliyi dayanır ki, bu dünyada bir ilkdir. Bu Azərbaycan insanının əsgərini, zabitini öz doğma  övladından ayrı tutmamasıdır. Zaman-zaman mətbuatda Əlahiddə Ümumqoşun Orduda keçirilən təlimlər, kurslarla yanaşı yurdumun insanının orduya göndərdiyi sovqatların da xəbəri yer alır. “Ana əli dəymiş kimi” toxunan yun corablar, papaqlar hər bir əsgərin əlindən çox ruhunu isidir. Çünki bu heç nə ilə müqayisə olunmayan ilahi bir sevgidir… Onlar geridə təkcə ata və analarının deyil, xalqın hər bir nümayəndəsinin onları düşündüyünü, onlara pay göndərdiyini hiss edir, buna əmin olur. Xidmət yeri yüksəklik, uzaq, qar-yağış fərq etmədən onlara göndərilən sovqatların ardı-arası kəsilmir. Bu sovqatlar həm də mənəvi anlam daşıyır, mənəvi körpü rolunu oynayır. “Yaxşı gündə də, yaman gündə də qəlbimiz, dualarımız sizinlədir” deməkdir. Əlinin qabarı, ürəyinin istisi ilə  ərsəyə gətirilən bu pay həm də  xalqın sevgisidir, əsgərinə qayğısıdır. Əlamətdar və bayram günlərində dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin nümayəndələri də bu müqəddəs missiyaya qoşulur.

Təkcə ötən ilin payız-qış mövsümündə məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri-2500 cüt yun corab, 2200 jilet və 1000 boyunluq Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən, çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə göndərilib. Hər birinin toxunuşda ana əllərinin istisini, nəfəsini hiss edən əsgərlərə bundan gözəl hədiyyə ola bilərmi? Hər şənbə Naxçıvanda yaşıllaşdırma aksiyasının keçirilməsi artıq ənənə halını alıb və  illər öncəki quru, xozan çöllərdə indi ucu-bucağı görünməyən meyvə bağları salınıb.Yurdun hər bir bucağında yetişdirilən meyvə bağlarının bəhrəsini də məhz ilk dadan əsgərdir. Təkcə elə ötən ilin yay mövsümündə iməciliklər zamanı salınmış meyvə bağlarından 50721 kiloqram ərik, 58594 kiloqram alma, 2939 kiloqram gilənar, 7190 kiloqram alça, 4000 kiloqram üzüm, 43 kiloqram gilas olmaqla, ümumilikdə, 124 tona yaxın meyvə yığılaraq muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilib. Bizi qoruyan əsgərlə Vətən bağında bitən neməti bölüşmək, pay tutmaq, yada salmaq, yanında olduğunu hiss etdirmək ənənəsinin isə coğrafiyası da, göndərilən sovqatın çəkisi də, ölçüsü də günbəgün artır. Ataların da dediyi kimi: “Güc birlikdən doğur” və bu birlik  daha güclü Azərbaycan yaradır.

Deyirlər, insanın həqiqi gücü həm biləyində, həm də diləyindədir. Biləyinin gücünü 2018-ci ildə Günnüt zəfərində ortaya qoyan Əlahiddə Ümumqoşun Ordu diləyinin gücünü iki il sonraya saxlayırdı. Diləyinin reallaşması üçün atılan hər bir addım isə zəfərin bünövrəsinə qoyulmuş bir kərpic idi. Xalq-ordu birliyi, müqəddəs diləyin gücü Azərbaycan ordusunu Qarabağa yetirdi. Qazanılan Günnüt zəfərinin Vətən müharibəsində yaratdığı üstünlüklərdən danışan müzəffər Ali Baş Komandan belə qiymətləndirirdi: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi”.

Tarix kitabları deyir ki, dözümlülük, davamlılıq və səbr - bunlar əsgərlər üçün vacib tələblərdir. Ancaq cəsarət və yalnız  cəsarət  bütün qalibiyyətlərin və zəfərin açarıdır. Bu açarı muxtar diyarın bütün postlarında dayanan əsgər daim əlində saxlayır. Ötən il  3700  metr yüksəklikdə yerləşən Təkəqaya və Soyuq bölgələrində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanarkən “3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir” deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərlərin cəsarət və dözümlülüyünü yüksək qiymətləndirib, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirib deyirdi: “Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir”.

Azərbaycan əsgəri qarşısına qoyulan tapşırığı şərəflə və qəhrəmanlıqla yerinə yetirib vətən sərhədini keçilməz etdi. Azərbaycan əsgəri bu xalqın 30 illik arzularını həyata keçirib düşmənin dünyanı saran mifini, ordusunu, xülyasını, dövlətini darmadağın etdi. Bu gücün arxasında isə heç vaxt sarsılmayan xalq-ordu-dövlət birliyi dayanır. Birliyimiz daim olsun…

Fizzə Bağırova

jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: