Muxtar respublikada torpaqlardan qanunsuz istifadə hallarının qarşısı alınır - FOTOLAR

A- A A+

Torpaqlardan qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti monitorinq Şərur rayonunun bir sıra kəndlərində aparılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Şərur rayonunun İbadulla, Qışlaqabbas və Ərəbyengicə kəndlərində aparılan monitorinqlər nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi faktları aşkar edilib. Aşkarlanmış faktlar aktlaşdırıldıqdan sonra yerlərdə vətəndaşlarla görüş keçirilərək onlara torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların istehsalat və məişət tullantıları,  habelə çirkab suları ilə çirkləndirilməsi nəticəsində yaranan məsuliyyət barədə geniş izahat verilib, bu kimi halların təkrarlanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cəza tədbirləri barədə vətəndaşlara xəbərdarlıq edilib. Ümumilikdə, ötən il ərzində rayonun 28 yaşayış məntəqəsində torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan monitorinqlər başa çatdırılıb. Vətəndaşlar tərəfindən qanunsuz istifadə olunan 24 hektara yaxın torpaq sahəsi əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə geri qaytarılıb. Bələdiyyə mülkiyyətinə qaytarılması mümkün olmayan üzərində yaşayış evi və ya yardımçı tikililər olan torpaq sahələri isə qanunvericiliyə müvafiq qaydada vətəndaşların mülkiyyətinə verilib, 841 fiziki şəxsə isə torpaq qanunvericiliyinə uyğun olaraq xəbərdarlıq edilib.

Hazırda aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və torpaqların əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər davam etdirilir.

Növbəti monitorinqlər rayonun Axura, Aşağı Yaycı, Yuxarı Yaycı, Həmzəli kəndlərində və Şərur şəhərində aparılacaq.

                                                                                  Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: