Naxçıvan: qadınların məşğulluqlarının artırılması istiqamətində uğurlu nəticələr qazanılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğu ilə bağlı qəbul edilən Dövlət proqramlarında qadınların işlə təmin edilməsi, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu gün muxtar respublikada 231 min 614 qadın yaşayır. Bu da muxtar respublika əhalisinin 50 faizini təşkil edir.

Özünüməşğulluq proqramına 340-dan çox qadın cəlb olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısına bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin icrasına uyğun olaraq, ötən il komitə tərəfindən tək yaşayan və yaxud ailə başçısı olan 627 qadınla əlaqə saxlanılıb, bunlardan 41-i peşə hazırlığı kurslarına yönləndirilib. 2021-ci ildə özünüməşğulluq proqramına 304 nəfər cəlb edilib ki, onların 108-i, yəni 36 faizi qadındır. Ümumilikdə isə bu günədək muxtar respublikada özünüməşğulluq proqramına 899 nəfər cəlb edilib. Bunlardan da 343 nəfəri, yəni 34 faizi qadındır.

Sahibkarlıq fəaliyyətləri ilə məşğul olan qadınların sayı 7772-yə çatıb

Qadınların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, orta və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Müqayisə üçün qeyd edək ki, əgər 2020-ci ildə 6979 qadın sahibkarlıq fəaliyyətləri ilə məşğul idisə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11,4 faiz artaraq 7772 nəfər olub.

Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında ailə təsərrüfatlarının qurulması muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Bu sahəyə göstərilən qayğı sayəsində qadınların məşğulluğu və sahibkarlıq fəaliyyətləri təmin olunur ki, bu da həmin ailələrə böyük iqtisadi dəstək deməkdir. Hazırda muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olanların 72 min 778 nəfəri, yəni 60 faizi qadınlardır ki, bunların da 117 nəfəri ailə təsərrüfatçısıdır.

Qadınların məşğulluğu ilə bağlı əhatəli sosial layihələr icra edilir

Muxtar respublikada müvafiq sahə ilə bağlı qəbul edilmiş və yaxud bu sahəni əhatə edən Dövlət proqramlarından əlavə olaraq, geniş sosial layihələr də icra olunur. Xatırladaq ki, 2019-cu ildə icra olunan Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və 2020-ci ildə həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi həyata keçirilib. 2021-ci ildə isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfində icra olunan “İcma quruculuğu təşəbbüsləri proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi 2021-ci ilin aprel-avqust ayları ərzində icra olunub. Layihə çərçivəsində qadınların müvafiq peşə biliklərinin artırılması üçün maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adlı təlimlər keçirilib.

Təlimlər zamanı muxtar respublikanın bütün şəhər və rayonlarından, ümumilikdə, sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan 28 qadın iştirak edib. Təlimlərin sonunda iştirakçılar tərəfindən biznes-planlar hazırlanıb, ən uğurlu biznes-plan hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Layihə çərçivəsində 26 qadın, ümumilikdə, 17000 manat dəyərində sərmayə kapitalı ilə təmin olunub. Sərmayə kapitalı almış qadınlar üçün öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb.

Sərmayə kapitalından istifadə edən qadınların 70 faizi ailə təsərrüfatını genişləndirib

Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, bərbərlik, dərzilik, toxuculuq, heykəltaraşlıq, rəssamlıq, zərgərlik, silahsazlıq, dekorativ tətbiqi sənət, uşaqlara psixoloji xidmət, xalçaçılıq, konservləşdirmə, qənnadı və un məmulatı və ailə təsərrüfatı sahələri ilə məşğul olmaları üçün verilib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində sərmayə kapitalı alan qadınlarla görüş keçirilib. Səfir Örl Litzenberqer bu layihənin tez bir vaxtda, uğurla icra olunmasından məmnunluğunu ifadə edib, ölkəsinin muxtar respublikada bu cür layihələrin icrasının davamlılığında maraqlı olduğunu bildirib.

128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilib

Ümumilikdə, komitə tərəfindən ötən 3 il ərzində icra edilən sosialyönümlü layihələrdə 17-si sağlamlıq imkanları məhdud olmaqla, 128 qadına 86250 manat dəyərində sərmayə kapitalı verilib.

Müvafiq layihələrdə sərmayə kapitalı almış qadınların sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələri əsas şərtlərdən biridir. Bunun üçün 2021–cil ərzində komitə tərəfindən həmin qadınların iş yerlərində və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 53 monitorinq keçirilib. Sevindirici haldır ki, monitorinqlər zamanı heç bir neqativ hala rast gəlinməyib, əksinə qadınların fəaliyyət sahələrinə uyğun olaraq təsərrüfatlarını genişləndirdikləri və əlavə gəlir əldə etdikləri məlum olub. Əldə olunan müsbət nəticələrə görə 1 qadına ehtiyacına uyğun həvəsləndirici əlavə aktiv verilib.

Qadınlar təlimlərə və peşə kurslarına cəlb olunurlar

Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində muxtar respublikanın bütün rayonlarını əhatə etməklə, komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və əlil qadınlar, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvü və dərnək rəhbərləri olan 228 qadın üçün toxuculuq peşəsi, dekorativ tətbiqi sənət və xalçaçılıq peşə sahələri üzrə 11 təlim keçirilib.

Sərgi-satışlarda 532 qadının 34 min 223 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılıb

Ötən il qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə ənənə halını almış müxtəlif səpkili yarmarkalar çərçivəsində sərgi-satışlar təşkil edilib. Keçirilən sərgi-satışlarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 517 şəxsin 32981 manat dəyərində 3778 əl işi və sərmayə kapitalı alan, ailə təsərrüfatçısı olan 15 qadının 1242 manat dəyərində 638 adda ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.

Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar qayğı ilə əhatə olunublar. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində lazımi kömək göstərilir. Belə insanlar mütəmadi olaraq evlərində ziyarət olunur, onların qayğıları öyrənilir və zəruri problemləri qısa zamanda həllini tapır. 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Şərur rayonunun Püsyan kəndində yaşayan muxtar respublikanın uzunömürlü sakini ahıl Laçın Tağıyevanın yaşadığı ünvanda görüş keçirilib, ona hədiyyələr təqdim olunub. Həmçinin bütün bayramlarda Şahbuz rayon Ahıllar Evində tədbirlər keçirilib, 12 nəfər ahıl vətəndaşa hədiyyələr təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir

Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olan ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir. Belə ki, 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə xüsusi qayğıya ehtiyacı olan 6 ailəyə baş çəkilib.

Bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcək. Dövlətin qayğısını daim üzərlərində hiss edən qadınlar bundan sonra da muxtar respublikanın inkişafı naminə səylə çalışacaq, gənc nəslin milli ruhunda tərbiyəsində fəallıq nümayiş etdirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: