Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının yığıncağı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair ümumi yığıncağı keçirilib.

Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov şuranın 2021-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib.

Yığıncaqda məruzə ətrafında şəhər və rayon polis şöbələri veteranları şuralarının sədrləri çıxış ediblər.

İclasın davamında Veteranlar Şurasının  yeni tərkibi, sədri və müavini seçilib. İstefada olan polis polkovniki Yusif Həsənov yenidən Veteranlar Şurasının sədri seçilib.

Sonra qərar layihəsi oxunaraq qəbul edilib.

Yığıncaqda daxili işlər nazirinin vəzifələrini icra edən polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, nazirlik sistemində həyata keçirilən struktur islahatların tərkib hissəsi olaraq, daxili işlər orqanlarında polis veteranları ilə aparılacaq işin təşkili və veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Hesabat dövründə polis veteranları daxili işlər orqanlarına yaxından köməklik edərək bir sıra istiqamətlər üzrə ardıcıl fəaliyyət göstəriblər. Xüsusilə inzibati hüquqpozmalar, münaqişəli ailələr, təmizlik-abadlıq işləri, əhalidə olan silahların yığılması və sair istiqamətlərdə aparılan işlərdə xüsusi aktivlik hiss olunur.

Vurğulanıb ki, veteranlar şuraları və ərazi polis orqanlarının müvafiq xidmətləri daxili işlər orqanlarından təqaüdə buraxılmış bütün polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunması üçün tədbirləri davam etdirməli və onların hamısı ilə sıx əlaqə yaradılmalıdır. Bu məqsədlə polis orqanlarında veteranlarla mütəmadi görüşlər keçirilməli, onların sosial problemlərinin həllində köməkliklər göstərilməlidir. Polis veteranlarının imkanlarından milli və dövləti maraqların təmin olunması istiqamətində geniş istifadə edilməlidir.

Rəşad İsmayılov qeyd edib ki, bu gün muxtar respublikanın hər bir guşəsi quruculuq-abadlıq işləri ilə əhatə olunub. Ona görə də polis veteranları fəaliyyətlərini aktiv şəkildə davam etdirməli, mövcud infrastrukturun qorunması və təmizlik işlərinin aparılmasında bilavasitə iştirak etməklə əhali arasında maarifləndirici-profilaktiki söhbətlər aparmalıdırlar.

Sonda qarşıya qoyulan vəzifələrin icrasında qarşılıqlı səmərəli fəaliyyətinə görə və anadan olmasının 65-ci ildönümü münasibətilə istefada olan polis-polkovnik leytenantı Məhərrəm Həsənov Daxili İşlər Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: