Məqsəd olan yerdə nəticə mütləqdir və ya bir gəncin həyat hekayəsi - FOTOLAR

A- A A+

Ailənin ilk övladı olan Abbasəli Tarverdiyev Babək rayonunun Babək şəhərində dünyaya göz açıb. Onda 1996-cı il idi və torpaqlarımız işğal altında idi. Amma Abbasəlinin bunlardan xəbəri yox idi. O da bütün uşaqlar kimi dünyaya müharibələrdən, yağı düşməndən  bixəbər, saf, məsum bir uşaq kimi gəlmişdi. Böyüdükcə eşitdikləri, ekrandan izlədikləri, məktəbdə müəllimlərindən öyrəndikləri və müşahidə etdikləri onu tədricən peşə seçiminə istiqamətləndirmişdi. Sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verən Abbasəli birinci ili arzusuna nail ola bilmir. Bu müvəffəqiyyətsizlik onu ruhdan salmır, qarşısına qoyduğu məqsədin ardınca gedir. İkinci ili arzusuna çatan Abbasəli fəxrlə kursant formasını geyinir. Liseydə yaradılan yüksək tədris şəraitindən bəhrələnən gənc öz üzərində çalışır və yaxşı nəticə ilə təhsilini başa vurur. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə ixtisasını müvəffəqiyyətlə bitirir. Qusar rayonunun N saylı hərbi hissəsində xidmətə başlayır. Xidmət etdiyi dövrdə kurs və yarışlarda iştirak edir, bacarıqlarını daha da təkmilləşdirir.

Nəhayət, məqam yetişir. Hərbi təhsil ocaqlarında və xidmət etdiyi dövrdə sahib olduğu bilik və bacarıqları ortaya qoymanın zamanı çatır. Abbasəlinin tabeliyində olan əsgərlərlə döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənddən keçir. Bir sıra hakim yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və hərbi obyektlərinin məhv edilməsində şücaətlər göstərən Abbasəli noyabrın biri Xocavəndin Zoğalbulaq kəndində ağır yaralanır. Hərəkətdə olan avtomobilləri düşmənin hədəfinə tuş gəlir. Abbasəlinin sayıqlığı ilə avtomobilin içində olan digər hərbçilər də sağ qalır. Yaralı hərbçi yoldaşları ilə birgə ərazidən təxliyə olunan Abbasəli həmin günləri belə xatırlayır: “Arxada nə baş verdiyini bilmirdik. Ancaq irəli hərəkətdə idik. Döyüş yoldaşlarımızı itirirdik, gözümüzün qabağında şəhid olurdular. Bu, bizim intiqam hissimizi daha da alovlandırırdı. Yorğunluq, susuzluq bəzən bizi əldən salsa da, gücümüzü göstərməliydik. Düşmənə məğlub olmaq fikrini belə yaxına gətirmirdik. İllərdir bu məqamı gözləyirdik. Ona görə də həmin vaxt şüarımız da, amalımız da bir idi: Hər şey Vətən üçün! Sanki torpaq da bizə güc verirdi. O ərazilərə nabələd olsaq da, doğmalıq bizə cığır açırdı. Həmin vaxt yaşadığımız hissləri sözlə ifadə etmək çox çətindir. Bizə elə gəlirdi ki, sanki dağ, daş, elə torpağın özü də düşmənlə savaşır. Xalqımız bizə böyük ümidlər bəsləyirdi. O ümidi qırmağa haqqımız yox idi. Buna görə də illərlə qurulan müzəffər ordumuzun şəninə layiq qalib hərbçilər kimi geri döndük”.

“Lakin geri dönməyənlərimiz də oldu”,-anidən səs tonu aşağı düşür, gözlərini bizdən qaçırmağa çalışır, adları sadaladıqca hüzn və qürur qarışıq səsi bizi də həyəcanlandırır: “Leytenant Kamal Əbilov, Rauf Qurbanov, Güloğlan Qədimov, Elçin Əsgərov. Hər birinin timsalında bütün şəhidlərimizi ehtiramla anıram. Onlar mənim hərbi liseydəki taqım yoldaşlarım olub.  İtkiləri ilə barışmaq çətindir. Ancaq torpaq qanla qarışanda Vətən olur. Ən böyük təsəllim odur ki, şəhidlərimizin qisası yerdə qalmadı. Düşmənin layiqli cavabını verdik”.

Baş leytenant Abbasəli Tarverdiyev döyüşdə göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan Abbasəliyə də pay düşüb. Ötən il dekabrın 24-də şəhid ailələri və qazilərə verilən mənzillərdən birinin sahibi Abbasəli Tarverdiyevin ailəsidir. Babək rayonunun Babək şəhərində yeni mənzillə təmin olunan Abbasəli dövlətin göstərdiyi bu diqqətə əməli fəaliyyəti ilə cavab verir: “Ölkəmizdə, eləcə də onun ayrılmaz parçası olan muxtar respublikamızda şəhid ailələrinə və qazilərə böyük diqqət var. Düzdür, biz döyüşə  qiymətləndirilmək üçün getməmişdik. Bu, bizim Vətən qarşısında borcumuz idi. Dövlətimiz isə bizi dəyərləndirdi. Mənə verilən bu dəyər arxayınçılıq deyil, əksinə məsuliyyət yaradıb. Nə qədər ki, canımda can var, bu Vətənə, dövlətə sədaqətlə xidmət edəcəm. Mən, eyni zamanda Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinə hərbi rəhbər təyin olunmuşam. Bu isə mənə imkan verir ki, çağırışaqədərki gəncləri ilkin hərbi biliklərlə silahlandırım. Hərbi-idman oyunlarında müvəffəqiyyətli iştiraklarını təmin edim, eləcə də məktəbin vətənpərvərlik tərbiyəsi istiqamətində gördüyü işlərə faydam olsun. Ən böyük məqsədim isə gənclər arasında hərb peşəsinə marağı artırmaq, hərbi liseyə yönəltməkdir. Bu gün fiziki imkanlarım orduda xidmət etməyimi məhdudlaşdırsa da,  bütün mənəvi imkanlarımı səfərbər edib hərbi rəhbər kimi böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə sərf edəcəyəm”.

Bəli, vətənpərvər bir gəncin qısa həyat hekayəsi onu göstərir ki, məqsəd olan yerdə nəticə mütləqdir. Peşəyə sevgi bəslərsən, bütün əngəlləri aşar. O peşə sənə əziyyət yox, zövq verər. Baş leytenant Abbasəli Tarverdiyev bu gün öz missiyasını digər bir formada həyata keçirir. Bir məktəbin hərbi rəhbəri kimi gələcəyin əsgərlərini yetişdirir. Həm də Vətən qarşısında xidmətləri olan örnək qəhrəman kimi. Bu yolda qəhrəmanımıza uğurlar arzulayırıq. 

                                                                        Ruhiyyə Rəsulova

                                                                   Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: