Süfrələrin müqəddəs neməti-çörək - FOTOLAR
Ta qədim zamanlardan nənə-babalarımız istər bayramlarda olsun, istərsə də digər məişət mövzularında həmişə xalqımıza məxsus adət-ənənələri yaşadıb, gələcək nəsillərə ötürüblər. Bunlar sadəcə adət-ənənələri yaşatmaq deyil, həm də nemətlərimizə dəyər, qiymət verib onları həmişə müqəddəs tutmağımızdır. Bildiyimiz kimi, insanı, ilk növbədə yaşadan oksigendirsə, təkcə oksigenin olmağı yaşamağımıza yetmir. Su və çörək də insanı yaşadan amillərdən öndə gələnlərdir. Tanrı sovqatı olan çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemət və hər kəs tərəfindən istifadə olunan qidadır. Xalqımız üçün də bu belədir. Çörəyi süfrəyə birinci gətirir və sonuncu aparırıq. Çörəyə hörmət, onu müqəddəs hesab etmək xalqımızın hər bir nümayəndəsində vardır. Çörək kəsdiyimiz insanları həmişə dost hesab etməyimiz çörəyə nə qədər dəyər verməyimizin sübutudur. Birlikdə çörək kəsən insanlar bir növ ictimai münasibətlərin qorunması üçün əsas amil kimi göstərilir, bir-birlərinə heç vaxt xəyanət etməyəcəklərini, həmişə bir-birlərinə qarşı dürüst olacaqlarını bildirirlər. Məhz buna görə də çörək müqəddəs nemətdən əlavə olaraq, həm də dostluq, qardaşlıq, etibarlılıq, sədaqət rəmzi və andıdır. Elə atalarımız da buna uyğun olaraq “Duzçörək- düz çörək”, “Kişi ilə çörək kəsərlər, namərdlə yox” və sair deyiblər. Hətta yerə düşən çörəyi yerdən qaldırıb öpür və göz üstünə qoyuruq. Bu isə o deməkdir ki, çörək xalqın və bütövlüklə ölkənin müqəddəs hesab etdiyi nemət olmaqla yanaşı, sərvəti, həm də qüdrətidir. Bundan əlavə, and içəndə belə çörəyə and içməyimiz (çörək haqqı) çörəyi necə müqəddəs hesab etdiyimizin bariz nümunəsidir. Bu isə çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Bunu da deyə bilərik ki, elimizə gələn hər bir kəsi lap qədimlərdən duz-çörəklə qarşılayıb, onlara əslində elimizin çörəyi necə müqəddəs hesab etdiyini, onu necə dəyərli gördüyünü göstərməyə çalışıb, həm də “El-oba çörəyi ilə tanınar” məsəlini əyani olaraq göstərmişik. Çörəyin qədrini, dəyərini bilmək isə hər birimizin müqəddəs borcudur. Çörək bolluqdur, baş ucalığıdır, buna görə də onu qorumaq hər birimizin işidir, vəzifəsidir. Bu isə iqtisadi qüdrətin əsas amillərindəndir.
Hətta çörəyin bol olması Vətənin basılmaz olduğu mənasına gəlib; “Çörək bol olarsa, basılmaz Vətən” deyib böyük şairimiz Səməd Vurğun. Bu, həqiqətən də belədir. Bir nemət ki, həm müqəddəs, həm sədaqət rəmzi sayılır və dostluğu, qardaşlığı, bərəkətliyi çörək kəsməklə yaradırsa, həm də basılmaz qüdrətimiz, qüvvəmiz sayılmalıdır və sayılır. Çörək həm də bolluğun, rifahın rəmzidir. Belə ki, çörəyi daha çox buğdadan hazırlayırlar. Buğdanın tərkibində isə bir çox vitaminlər və minerallar mövcuddur. Bu qədər minerallar və vitaminlərlə zəngin bir nemətin isə bolluğun rəmzi sayılması heç təəccüblü deyil. Təkcə onu demək kifayətdir ki, çörəyin tarixi bəşəriyyətin yarandığı vaxtlardan başlayır. Qədimdən çörək insanlar üçün ilk başda gələn qida, nemət və bolluğun rəmzi sayılıb. “Çörəyin qədrini bilməyən elin qədrini bilməz” deyib atalarımız. Çünki bizə uşaqlıqdan çörəyin müqəddəsliyi, onun əvəzsiz nemət olması, qardaşlığın, dostluğun simvolu, bolluğun rəmzi olması öyrədilib. Bu sözlərin hər birini kənara qoyan və çörəyin qədrini bilməyən kəslər elinin, millətinin, dövlətinin qədrini bilməz. Çörəyə xor baxan, ona hörmətsizlik edən adamın evində bolluq ola bilməz, çünki bu müqəddəs nemətə hörmətsizlik etmək evin bərəkətini qaçırar. “Çörək itirən çörək tapmaz”. Insan üçün, həyat üçün bu qədər dəyərli bir nemətin qədrini bilməli və çörəyə hörmətsizlik edənlərə bu nemətin qüdrətini, dəyərini izah etməliyik.
Fərizə Nağdəliyeva
“Yeni həyat” qəzeti