Qida rasionunun zənginləşdirilməsində balıq və balıq məhsullarının əhəmiyyəti böyükdür. Soyuqqanlı heyvan növünə aid olmasına baxmayaraq, balıq əti kimyəvi tərkibinə görə istiqanlı cavan heyvan ətinə çox yaxındır. Balıq ətinin tərkibi zülallar, yağlar, mineral maddələr, vitaminlər, fermentlər və digər bioloji aktiv maddələrlə olduqca zəngindir. Tərkibində mioqlobin olmadığından əksər balıq növlərinin əti ağ rəngə çalır. Tərkibcə heyvan ətindəki zülallara bənzərliyinə baxmayaraq, balıq ətindəki bu birləşmə əsasən qlobulyar quruluşa malik sadə zülallardan təşkil olunub və tam dəyərlidir. Belə ki, onların tərkibi insan orqanizmi üçün vacib olan əvəzolunmaz amin turşularla zəngindir. Bu, bioloji dəyərinə görə balıq zülalları orqanizm tərəfindən daha yaxşı mənimsənilir və diyetikdir.
Bütün balıqların yağı qiymətli komponentlərlə, o cümlədən doymamış iri molekullu yağ turşuları ilə (linol, linolen, olein, araxidon və sair) zəngindir. Maye halında olan yağlar spesifik qoxu və dada malikdir. Karbohidratların miqdarı balıq ətinin tərkibində nisbətən çoxdur. Geniş yayılanı isə heyvan nişastası – qlikogendir. Balıq əzələsində qlikogenin hidroliz məhsulları olan qlükoza, piroüzüm turşusu və süd turşusuna da rast gəlmək mümkündür. Bu maddələrin balıq məhsullarının keyfiyyətinə, o cümlədən dadına və qoxusuna təsiri böyükdür.
Balıq ətinin yüksək qida dəyərinə malik olmasının digər səbəbi tərkibinin bir sıra aztapılan qida maddələri ilə zəngin olmasıdır. Balıqda olan A, D, E vitaminlərinin, mikroelementlərin və digər mineralların orqanizmdə rolu olduqca böyükdür. Uşaqlarda raxit xəstəliyi və anemiyalar zamanı balıq yağının müalicə vasitəsi kimi istifadəsi xalq təbabətində çoxdan məlumdur. Bu onun tərkibində asan mənimsənilən D vitamini, kalsium və dəmir elementlərinin olması ilə əlaqədardır.
Tibbi balıq yağı əsasən yağlı balıq növlərinin (treska, akula və sair) qaraciyərindən əldə olunur. Sterilizasiya zamanı termiki təsirə məruz qalmasına baxmayaraq, balıq konservlərinin tərkibində də çox miqdarda D vitamini var.
Belə bir fikir var ki, qış mövsümündə balıqla qidalanmaq daha faydalıdır. Əslində, mütəxəssislərin fikrincə, balığın hansı mövsümdə istehlakının fərqi yoxdur. Əsas odur ki, saxlanma şəraitinə düzgün əməl edilsin. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün mövsümlərdə həftədə 3 dəfə balıq yeyilməsini tövsiyə edir. Balıq alarkən diqqətli olmaq lazımdır. Sanitariya-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Növündən asılı olmayaraq balıq, həmçinin balıq konservləri alarkən saxlanma şəraitinə və temperaturuna diqqət yetirilməlidir. Konservləşdirilmiş məhsulun metal qabında əzik, batıq, pas, həmçinin alt və ya üst qapaqda şişmə (bombaj) müşahidə olunursa, istehlakı tövsiyə edilmir. Qablaşdırılmış balıq məhsulu alarkən onların istehsal və son istifadə tarixini, eyni zamanda etiketin üzərində istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və sair məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır. Belə ki, balıq alarkən və istifadə edərkən bu məqamlara diqqət etmək lazımdır:
-təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;
-təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;
-balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;
-təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.
-balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;
-təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.
-yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.
-təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və sair rənglərə çevrilə bilər;
-balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.
-təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır. Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.
“Yeni həyat” qəzeti