Naxçıvanda Xalq artisti Tofiq Bakıxanovun 90 illik yubileyi qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında “Şöhrət” ordenli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanovla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilov musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Tofiq Bakıxanovu 90 illiyi münasibətilə təbrik edərək deyib ki, Tofiq Bakıxanov xalqımızın sevimli, seçilən bəstəkarlarından biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da səslənir. Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanov bir çox janrlarda musiqilərin, suitaların, üverturaların, romansların, eyni zamanda “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletlərinin, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamlarının çoxlu sayda kamera-instrumental əsərlərin müəllifidir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bəstəkar, professor Tofiq Bakıxanova Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilib. Görkəmli bəstəkar həm də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəxri üzvü, NDU-nun fəxri professoru seçilib. Tofiq Bakıxanovun 75-80 illik yubileyləri Naxçıvanda qeyd olunub.
Bəstəkarlar Təşkilatının idarə heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Tofiq Bakıxanovun yaradıcılığının tədqiqatçılarından olan Günay Məmmədova qeyd edib ki, professor Tofiq Bakıxanovun bütün yaradıcı fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi mərhələ kimi qiymətləndirilir.
Görüşdə Tofiq Bakıxanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin diqqət və qayğısı ilə incəsənət və musiqi sahəsində təqdirəlayiq işlər görülüb, musiqi kollektivlərinin fəaliyyəti üçün yüksək şərait yaradılıb. Görkəmli bəstəkar deyib ki, Naxçıvan mövzusu hər zaman mənim yaradıcılığımda aparıcı mövqe tutub. Mən hər zaman Naxçıvana bağlı olmuşam. Vurğulanıb ki, Naxçıvan musiqi məktəbinin istedadlı yetirmələri - Nəriman Məmmədov, Ramiz Mirişli, Rəşid Məmmədov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsillərini davam etdirib, respublikanın musiqi xəzinəsinə layiqli töhfələr veriblər. Tofiq Bakıxanov 90 illik yubileyinin qeyd edilməsinə görə minnətdarlığını bildirib.
Sonra görkəmli bəstəkarın 90 illik yubileyi münasibətilə Bakı şəhərində keçirilən konsertin videoyazısı nümayiş etdirilib.
Turab Hacızadə