Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanvar ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 19 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” təsdiq edilib. Müvafiq Qaydaya uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatları ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Sağlamlıq imkanları məhdud şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin olunurlar. Həmçinin işləməyən sağlamlıq imkanları məhdud şəxslər, pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar. Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.
Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq olunub. Həmin Qaydaya əsasən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran xərc maddələri, laborator, ambulator tibbi xidmətlər və cərrahi əməliyyatlar üzrə tariflərin hesablanması metodları, o cümlədən tariflərə yenidən baxılmasını şərtləndirən amillərlə bağlı müddəalar müəyyən edilib. Qeyd edək ki, 2022-ci ilin 1 iyun tarixindən etibarən yeni xidmətlər zərfi təsdiq edilənədək həmin Qayda ilə hesablanan tariflə hazırkı xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, o zaman aşağı məbləğdə olan tarif əsas götürülür.
Nazirlər Kabinetinin 2022-ci il 25 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na edilmiş dəyişikliyə görə ümumi təhsil müəssisələri bölməsinə “Dövlət məktəbəqədər təhsil müəssisələri olan körpələr evi-uşaq bağçaları” daxil edilib.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilib. Dəyişikliyə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən olunmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, eləcə də ortaaylıq əməkhaqqının 5 mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdusa, artıq bu xərclərin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına ödənilməsi təmin olunacaqdır.
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 26 yanvar tarixli Qərarı ilə “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsi yaradılaraq Nizamnaməsi təsdiq olunmuşdur. Nizamnaməyə əsasən mərkəz Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanmasını təmin edir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.