Distant fəaliyyətin öz üstünlükləri var. Lakin o, sağlamlıq üçün müxtəlif risklərlə bağlıdır. “Məsafədən” işləmək təcridə, emosional sarsıntıya, depressiyaya, alkoqolizmə, piylənməyə, dayaq-hərəkət aparatının travmasına və başqa fəsadlara səbəb olur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsində deyilir.
Tədqiqat müəllifləri bütün hökumətləri və işəgötürənləri evdən işləyən əməkdaşların sağlamlığının qorunması üçün zəruri tədbirlər görməyə çağırıblar.
ÜST-nin ətraf mühit, iqlim dəyişməsi və sağlamlıq departamentinin direktoru Mariya Neyra deyib: “Pandemiya məsafədən fəaliyyətin miqyasının kəskin artmasına gətirib çıxarıb”.
O qeyd edib ki, distant iş sağlamlıq üçün həm faydalı, həm də zərərli ola bilər. Tarazlığın pozulması bir çox hallarda hökumətlərin, işəgötürənlərin və işçilərin hansı dərəcədə uzlaşdırılmış hərəkət edəcəyindən, həmçinin əməyin təşkilinin düşünülmüş strategiyasından, o cümlədən çevik iş qrafikindən istifadə edilməsindən asılı olacaq.
ÜST və BƏT ekspertləri qeyd edirlər ki, COVID-19 pandemiyası ilə əlaqədar evdən işləməyin şübhəsiz, öz üstünlükləri var. Xüsusən də bu, yaxınlara daha çox diqqət ayırmaq, adətən yola sərf olunan vaxta qənaət etmək imkanı verir.
Kompüter arxasında uzun müddət oturmaq artıq çəki və dayaq-hərəkət aparatının problemləri, həmçinin digər fəsadlar əmələ gətirir. Digər tərəfdən də bəzi əməkdaşlar alkoqoldan sui-istifadə edirlər.
ÜST və BƏT-in yeni məruzəsinin müəllifləri işəgötürənləri bütün bu amilləri nəzərə almaqla distant əməyin daha sağlam və təhlükəsiz olmasını təmin etməyə çağırırlar. Məruzədə məsafədən işin təşkili üzrə praktiki tövsiyələr təqdim olunur.
“Distant və hibrid iş rejimi qaçılmazdır, yəqin ki, onun miqyası pandemiyadan sonra da genişlənəcək. Çünki həm şirkətlər, həm də əməkdaşlar onun üstünlüyünü dəyərləndiriblər”, - deyə BƏT-in idarəetmə məsələləri üzrə departamentinin direktoru Vera Pakete-Perdiqaru bildirib. O ehtimal edir ki, adət halını almış iş rejimindən çıxdıqda onun təşkilinin yeni metodlarını tətbiq etmək lazımdır. Bu, milyonlarla zəhmətkeşin maraqlarını müdafiə etmək üçün zəruridir.