Kənd Təsərrüfatı Nazirliyinin internet saytı yenilənib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yenilənmiş internet saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, nazirliyin rəsmi internet saytı ən yeni proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən qurulub. Sayt Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən dizayn və məzmun cəhətdən müasir üslubda tərtib edilib, kompüterlərin, planşet və smartfonların ekran ölçülərinə uyğun hazırlanıb. ktn.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Artıq sayt istifadəçiləri nazirliyin fəaliyyət sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri vahid mənbədən ala biləcəklər.
Yenilənən saytın üstünlüklərini diqqətə çatdıran nazirliyin əməkdaşı Səbuhi Həsənov bildirib ki, saytda vətəndaşların elektron formada müraciət etmələri üçün ayrıca bölməsi yaradılıb. Bundan başqa əsas səhifədə Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçtu və "Axtarış" bölməsi, "Nazirlik", "Qanunvericilik", "Aqrar sığorta fondu” bölmələrinə keçidlər yerləşdirilib.
Qeyd edilib ki, “Mətbuat" bölməsində "Xəbərlər" alt bölməsinə keçməklə muxtar respublikanın aqrar sferasında baş verən hadisələr öz əksini tapır. Foto qalereya və video qalereya bölməsində muxtar respublikanın kənd təsərrüfatı sahəsinə aid foto və videolara keçid almaq mümkündür. Səhifədəki əhəmiyyətli bölmələrdən biri də "Fermerlərə məsləhət"dir. Burada kənd təsərrüfatı istehsalçılarına müvafiq mövzularda mütəxəssis tövsiyələri yerləşdiriləcək.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yeni internet səhifəsi SSL təhlükəsizlik sertifikatı ilə təmin olunub, saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib və domenə bağlı C-poçt adresləri ilə təmin olunub. Sayt hazırlandıqdan sonra nazirliyin aidiyyəti əməkdaşlarına istifadəçi idarəetmə panelinin təlimi ilə əlaqədar metodiki köməklik göstərilib.
Mahmud Hüseynov