Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir. Məlumata görə, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 23 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətində, ümumilikdə, 329 müraciət qeydə alınıb. Həmin müraciətlərdən 116-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğulluq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılaraq müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 213 müraciət qeydə alınaraq icrası təmin edilib, həmin müraciətlərdən 65-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul olunub.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.