Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yenilənmiş internet saytının təqdimatı olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yenilənmiş internet saytının təqdimatı olub.
Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Xidmət rəisi, polkovnik Mirzə Cəlilov çıxış edərək informasiya əsrini yaşadığımız dövrdə informasiyalaşdırma baxımından sosial şəbəkələrlə yanaşı, veb-saytların da elektron məkanlarda müntəzəm şəkildə müraciət edilən ünvanlar olduğunu qeyd edib. Mirzə Cəlilov bildirib ki, Xidmətin təqdimatı keçirilən www.shcdx.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı da həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçilərin rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilib, hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə uyğun hazırlanıb.
Xidmət rəisi vurğulayıb ki, yeni hazırlanmış sayt istifadəçilərin internet səhifəsindən daha operativ faydalanmalarına da töhfə verəcək. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı Xidmətin fəaliyyət istiqamətlərinin, bu sahədə yeniliklərin, həyata keçirilən tədbirlərin ictimaiyyətə daha dolğun və operativ çatdırılmasını təmin edəcək.
Yenilənmiş sayt barədə ətraflı məlumat verən Xidmətin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Şükufə Həsənova bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından istifadəçilərin rahatlığını təmin edəcək. Elektron xidmətlərin həcminin genişləndirildiyi rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. Belə ki, əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün “Səfərbərlik xidməti”, “Qanunvericilik”, “Hərbi təhsil”, “Qan yaddaşı”, “Zəfər tariximiz” bölmələri yerləşdirilib, “Vətəndaşlarla iş” bölməsində xidmətin ünvan və əlaqə nömrələri, şikayətetmə vasitələri, vətəndaşların müraciətlərinə baxılma qaydaları əksini tapıb. Daim yenilənəcək “Xəbərlər” və “Elanlar” altbölmələrinə isə keçidlər də qeyd edilib. Vətəndaşların elektron formada müraciət etmələri üçün “Elektron xidmətlər”, “Elektron müraciətlər” bölmələri yaradılıb, “Mətbuat” bölməsinə “Xəbərlər”, “Fotoqalereya”, “Videoqalereya” altbölmələrinə keçidlər daxil edilib. “Faydalı linklər” bölməsi yenilənib.
Şükufə Həsənova diqqətə çatdırıb ki, Xidmətin internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyasının (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı elektron poçt ünvanları ilə təmin olunub.