2019-cu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hərbi təyinatlı obyektlərin açılışında iştirak edən zaman əsgərlərdən biri minnətdarlıq edərək belə bir şeir səsləndirmişdi:
Günnütü fəth edən Müzəffər Ordu,
Bizim qürurumuz, vüqarımızdır.
Bir nəfər hamıdır, hamı bir nəfər,
Bu bizim əməldə şüarımızdır!
İlahi, necə də qəlbimizə toxunmuşdu o misralar. Naxçıvan televiziyasında həmin kadrları izləyən zaman ürəyimdə “bu şüar tezliklə ordumuzu Böyük Qələbəyə aparsın” demişdim, əsgər qardaşım. Deməli, tarixi Zəfərin kodu, açarı birlik və bərabərlik, yumruğu bir hədəfə vurmaq idi. Bu iş həm də xalqın ordu ilə vəhdət təşkil etməsini tələb edirdi və biz artıq bunu illər öncə formalaşdıra bilmişdik. Bu illər ərzində heç vaxt əsgərimizi, zabitimizi xidmət yerində tək buraxmadıq. Bütün bayramlarda, əlamətdar günlərdə onlarla bir olduq, süfrəmizin ən yaxşı nemətlərindən pay tutduq. Bu o demək deyildi ki, Azərbaycan Ordusunun hansısa kənar yardıma ehtiyacı var. Hər kəs bilir ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılıb, sadəcə, biz xalq olaraq ordunun hər bir fərdinə göstərmək istəyirdik ki, daim sizin yanınızdayıq. Hansı amal, hansı məqsəd uğrunda yola çıxdığınızı bilirik və bu işdə sonadək yanınızdayıq.
Bu yolun sonunda 30 ilin arzularının gerçəyə, reallığa dönməsi, işğalçının cəzalandırılması, tarixi ədalətin bərpa olunması, üçrəngli Azərbaycan bayrağının Qarabağ səmasında göylərə ucalması və Qalib əsgərin Qələbə müjdəsi verməsi, xarıbülbülün rahat nəfəs alması, Şuşanın doğmalarına qucaq açması var idi.
Torpaq həsrətimizə, yurd niskilimizə son qoyanların – ön xətdə Qalib əsgərin görüşünə gedərkən qeyri-ixtiyari bu fikirlər ruhuma hakim kəsilir. Artıq onlar Böyük Zəfəri Azərbaycan xalqına yaşatmış Qalib Ordunun üzvü kimi xidmət aparırlar. Başı qarlı dağlar, soyuq səngərlər əsgərin Vətən sevgisi, Vətən sevdası ilə isinir. Başqa sözlə, əsgərimin köksündə “Vətən” adlı ürək döyünür. Təxminən, 10 il bundan qabaq tale mənim də yolumu bu dağlardan salmışdı. İndi bu yerlərdə dəyişən çox şey var. Məsələn, xidməti borcunu başa vuran hərbi qulluqçular missiyanı başqalarına təhvil veriblər. Xidməti ərazidə yeni hərbi obyektlər inşa olunub, əsgər və zabitlərin məişət şəraiti daha da yaxşılaşdırılıb. Amma dəyişməyən bir amil var: “Torpaqlarımızın etibarlı müdafiəsini təmin etmək”.
Budur, artıq ünvandayıq. Bölüyün dayaq məntəqəsində hərbi qulluqçular üçün ən müasir xidmət şəraiti yaradılıb. Gördüklərimi tək-tək sadalamaq istəyirəm: əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün ideoloji otaqlar, idman zalı, hərbi qulluqçular üçün nəzərdə tutulan yataqxanalar, mətbəx, hamam otağı hərbçi nizam-intizamının, səliqəsinin fonunda daha gözəl görünür.
Zabit Musa Abdulov deyir ki, ön xətdəki bölmələrdə qışa hazırlıq həmişə qış qapını döyməmişdən öncə aparılır. Postlarda xidmət aparan hərbi qulluqçuların isti geyimlərlə təmin olunması, ərzaq ehtiyatının yaradılması adətən, payız aylarında yekunlaşdırılır. Artıq bizim bölmədə də bu işlər başa çatdırılıb. Bütün diqqətimiz xidmətin nümunəvi təşkilinə yönəlib. Həmsöhbətim deyir ki, bu gün muxtar respublikanın bütün döyüş mövqelərində olduğu kimi xidmət apardığımız bölmədə də ən müasir şərait yaradılıb. Bir neçə il bundan öncə Ali Məclisin Sədri cənab Vasif Talıbov bu tikilini biz hərbi qulluqçulara hədiyyə etdi. Fəxr edirik ki, məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, mühüm strateji mövqedə yerləşən qədim Naxçıvan torpağında xidmət edirik. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi kimi şərəfli missiya bizə tapşırılıb. Əmin edirik ki, bu istiqamətdə veriləcək hər hansı bir döyüş tapşırığını cəsarətlə yerinə yetirməyə tam hazırıq.
Zabit Naib Cəfərov uzun illərdir ki, ordu sıralarında xidmət edir. Naxçıvan Ordusunun keçdiyi inkişaf yolunun canlı şahidlərindəndir desək, yanılmarıq. Təcrübəli döyüşçü deyir ki, hər keçən gün gücünü, qüdrətini artıran Əlahiddə Ümumqoşun Ordu vətənpərvər şəxsi heyətə, güclü maddi-texniki bazaya və müasir silahlara malikdir. İstənilən halda ordunun gücü silah-sursatla yanaşı, hərbi qulluqçusunun şəraiti ilə də birbaşa bağlıdır. Bu gün ön xətdə və yaxud, mərkəzdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların mənzil-məişət şəraiti ən yaxşı səviyyədə təşkil olunub. Hərbçilərimiz əmindirlər ki, ailələri rahat və hər cür şəraiti olan mənzillərlə təmin olunublar. Bu zaman biz də bütün güc və qüvvəmizi xidmətimizə həsr edirik. Naxçıvanda ordu quruculuğu istiqamətində görülən işlər mərhələ-mərhələ ön xətdəki bölmələri də əhatə edib. Ordunun formalaşdığı ilk illərdə tək-tük bölmələrin şəraiti var idisə, indi postların hamısına qaz çəkilib, daimi elektrik enerjisi və rabitə xətti ilə təmin olunub, postlar arasındakı yollar yenidən qurulub. Qarşıdakı şəraitsiz düşmən mövqelərini görən zaman fəxr edirik ki, məhz bu cür orduda xidmət edirik. Bu gün həm də ona görə qürurluyuq ki, Qalib Azərbaycan Ordusunun formasını əynimizdə daşıyırıq. Düşmənə biabırçı məğlubiyyəti yaşadan, döyüş meydanında öz gücünü göstərənlər sırasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da var. Onlar Şuşa şəhərinədək şərəfli döyüş yolu keçdilər, adlarını tarixə yazdırdılar. Bəzən əsgərlər qarşısında çıxış edən zaman deyirəm: “Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir”. Biz tarixə adımızı Qalib kimi yazdırdıq, düşmən isə döyüş meydanından qaçmaqla rəzil vəziyyətə düşdü. Əslində bu, normal idi. Necə deyərlər, özgə atına minən tez düşər. Gec-tez tarixi ədalət bərpa olunmalı idi. Biz bizə məxsus olanı qürurumuzla düşməndən geri almışıq. Eşq olsun Azərbaycan Ordusuna!
“Naxçıvanda çox yaxşı bir ənənə var. Bayram və əlamətdar günlərdə kənd sakinləri, yaxından-uzaqdan gələn qonaqlar hərbçilərə bayram sovqatı gətirir, bizimlə bir olduqlarını nümayiş etdirirlər. Açığı, əvvəlcə çox təəccüblənmişdim. Sonra döyüş yoldaşlarım dedilər ki, bu, Naxçıvanda hər il təşkil olunur və bu addım bir növ ordu ilə xalqın birliyini göstərir”,– deyən əsgər Elmin Quliyev Ağcabədi rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Deyir ki, hərbi xidmət Vətən qarşısında övladlıq borcu olduğu üçün müqəddəs vəzifədir. Hərbi andı qəbul edən zaman valideynlərim də demişdilər ki, əsgərlik kişilik məktəbidir. Xidmət boyunca komandir və rəislərinin tapşırığına əməl etməli, texnikanın sirlərinə dərindən yiyələnməlisən. İndi onlarla danışanda deyirəm ki, bizimlə qürur duya bilərsiniz. Sizin yanınıza başıuca – Qalib əsgər kimi dönəcəyəm”.
Əsgər Elgün İsgəndərovla da söhbətimiz olduqca maraqlı alınır. Deyir ki, ölkəmizin müxtəlif yerlərindən hərbi xidmətə çağırılsaq da, bu ucqar zirvədə bizi birləşdirən bir amal, qayə var: torpaqlarımızın təhlükəsizliyini təmin etmək. Ön xətdəki xidmət hərbi qulluqçudan daha çox məsuliyyət və bacarıq tələb edir. Biz də bu səngərlərdə əsl döyüşçü kimi formalaşmışıq. Hərbi xidmət dövründə qazandığımız bir çox vərdişlərə görə əminəm ki, mülki həyatda yaşamaq bizə çətin olmayacaq. Bir həqiqəti başa düşdüm ki, hərbi xidmət hər bir gənc üçün əsl sınaq dövrüdür və necə deyərlər, biz burada “bərkiyirik”.
İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavelli “Hökmdar” əsərində yazırdı: “muzdlu qoşunlar faydasız və təhlükəlidirlər. Muzdlu qoşunlara güvənən hakimiyyət heç zaman möhkəm və uzunömürlü ola bilməz. Çünki muzdlu əsgərlər arasında birlik yoxdur, onlar təkəbbürlü, intizamsız, xəyanətkar olurlar”. Görkəmli dövlət xadiminin bu hikmətli fikirləri 44 günlük Vətən müharibəsində erməni ordusunun timsalında açıq-aydın göründü. Məqsədi, məramı olmayan, muzdlu qüvvələrdən təşkil olunmuş, işğalçı simada olan orduya ancaq döyüş meydanından qorxaqcasına qaçmaq yaraşırdı. Çünki onların qarşısında müstəqillik illərində hərtərəfli hazırlanan, maddi-texniki təminatı ən yüksək səviyyədə olan Azərbaycan Ordusu var idi. Haqqı, ədaləti bərpa edən ordu...
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti