Qədim tarixi, müasirliyi ilə şan-şöhrət qazanan Naxçıvan həm də füsunkar təbiətinin bəxş etdiyi nemətlərdən hazırlanan dadlı yeməkləri ilə tanınır. Naxçıvanın qış mətbəxini qovurmasız təsəvvür etmək olmur. Qovurma ilə bişirilən yeməklər şaxtalı, boranlı qış günlərində insan bədəninə hərarət, ruhuna qüvvət verir.
Naxçıvan bölgəsində qışda tez-tez bişirilən yeməklərdən biri əriştə aşıdır. Bunun üçün su ilə undan duzlu xəmir yoğrulur. Kündələr açılır, əriştə kəsilir. Lobya və ya noxud qaynadılır. Qovurma ilə soğan qovrulur. Azacıq sarıkök vurulur. Bəzən yeməyə sarıkök əvəzinə tağalagül və ya zəfəran vurulur. Tağalagül həm xörəyin rəngini, həm də dadını dəyişir. Qış mövsümü sarıkök, zəfəran, tağalagül insan orqanizmində olan virusları məhv edir. Su əlavə olunandan sonra içərisinə lobya, quru ərik, alça, soğan, kartof əlavə olunur. Qaynara düşəndən sonra içərisinə əriştə salınır, duz, istiot vurulur. Zövqə görə əriştə aşına ələyiz, əvəlik, nanə, məzrə, quru lavaşa əlavə olunur.
Qış aylarında yarma və ələyəzdən, əvəlikdən bişirilən yeməklər insanın ağız dadına dad qatır. Qovrulmuş soğana su əlavə olunur. İçərisinə yarma, ələyəz, soğan, kartof, ərik, alça, salınır. Bəzən alça əvəzinə yeməyə zirinc vurulur.
Qışda boranıdan da müxtəlif yeməklər bişirilir. Boranı aşı, boranı plovu insan orqanizmini qışın soyuğundan, şaxtasından qoruyur, insana gümrahlıq bəxş edir. Dədə-babadan səhər tezdən boranı suyu ilə bal qəbul etmək insan orqanizmini möhkəmləndirir, onu xəstəliklərə yoluxmaqdan qoruyur. Boranı ilə bal mədə ağrılarının əsas dərmanı sayılır. Boranı aşı bişirmək üçün boranı xırda-xırda doğranılır. Lobya ayrıca qaynadılıb suyu süzülür. Qovrulmuş soğana su əlavə olunur, lobya salınır. İçərisinə soğan, kartof, alça, ərik vurulur, duz əlavə olunur. Yeməyə tam qatması üçün şəkər tozu əlavə edilir.
Boranı plovu bişirmək üçün düyü ayrı süzülür, boranı doğranılır, kök bişirilib dilimlənir. Təmizlənmiş kişmiş qaynar suya salınır. Qovurma ilə soğan yağda qovrulur, sarıkök vurulur. Azacıq su əlavə olunur. Boranı, kök, kişmiş içərisinə əlavə olunur. Azacıq duz vurulur. Suyu çəkiləndən sonra plovun üstünə qoyularaq dəm üçün zəif od üzərinə qoyulur. Boranı plovu ən çox turşu ilə yeyilir.
Qış yeməklərini kələcisiz, qaysavasız, xəşilsiz, quymaqsız təsəvvür etmək olmaz. Bunlar bizim dədə-baba yeməklərimizdir. Hərəsi bir dərdin dərmanı olan bu yeməklər süfrələrimizə xüsusi bəzək verir.
Kələci qurutdan hazırlanan yeməkdir. Qurut isladılır, su ilə ovulur. Soğan yağda qızardılır, oraya dad üçün kəklikotu, maralotu vurulur. Qovrulmuş cəviz yeməyə məxsusi dad verir. Adətən kələci doğranmış halda yeyilir.
Qaysava üçün qurudulmuş dənəsiz ərik isladılır. Dağ olmuş yağın içərisində qovrulur, su əlavə olunur. Bişəndən sonra qaysavanın üstü cəvizlə, badamla bəzədilir, üzərinə hind qozu səpilir. Qaysava ürək xəstəliyinin dərmanıdır.
Xəşil un və suyun qarışığından hazırlanır. Bunun üçün hazırlanan bulamac suyunu çəkənə qədər bişirilir. Ayrı qabda yağ dağ olunur. Qaba çəkilən xəşilin üzəri açılır, arasına qaynadılmış şirə və dağ olmuş yağ əlavə olunur.
Quymaq bişirmək üçün un və sudan istifadə olunur. Su şirə ilə qarışdırılır un ilə çalınaraq bərk qarışıq hazırlanır. Yağda qızardılır. Quymağın yağı üzərinə çıxanda bişmiş sayılır. Xəşil, quymaq, çaşır, acıqabaq, baldırğan turşusu ilə yeyilir. Quymaq doyumlu yeməkdir.
Naxçıvanda xəmir xörəklərinin ən sadə və geniş yayılmış növlərindən biri də umacdı. Umac öz tərkibinə görə üç növdə (adi, südlü, əvəlikli) hazırlanır. Südlü umac istisna olmaqla, digər umac növlərinə istiot və nar suyu qatılır, soyuqdəyməsi olan ailə üzvlərinə tərlətmə vasitəsi kimi verilir. Umacın hazırlanma qaydası isə belədir: unun üstünə duzlu su ilə çalınmış yumurta tökülür və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək arasıkəsilmədən qarışdırılır. Süfrəyə verildikdə umaca nanə səpilir. Bu yeməyi bəzi kəndlərdə ət, qovurma ilə bişirib içərisinə əvəlik və ya ələyəz qatırlar.
Qış xörəkləri sırasında xaş da diqqətdən yayınmır. Bu yemək heyvanın ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyəsinin hissələri və kəllə də əlavə olunur. Bu yemək gecədən ocağa asılır ki, səhərə kimi vam odda bişsin, əti sümükdən ayrılsın. Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə adətən səhərlər yeyirlər. Soyuq qış aylarının sevimli yeməyi olan şorbalar təkcə soyuq havalarda canımızı isitmir, həm də bir çox xəstəliklərlə mübarizə üçün mükəmməl çarədir. Bulyonla bişirilən mərcimək şorbası, toyuqlu əriştə şorbası xəstələr üçün tam bir dərmandır. Bu şorbanı içənlər güclənər və soyuqdəymədən çox tez sağalarlar. Qatıq, düyü və nanədən ibarət olan yayla şorbası isə mədə üçün ən yaxşı qidadır.
Havaların soyuq keçdiyi bu günlərdə orqanizmin müqavimət qüvvəsi aşağı düşür, o cümlədən tər və yağ vəzilərinin aktivliyi azalır, maddələr mübadiləsi zəifləyir, yorğunluq və daim aclıq müşahidə olunur. Əgər dinc və sağlam bir həyat sürmək istəyiriksə, ilk növbədə, sağlamlığın və gözəlliyin harmoniyası olan qidalanmamıza fikir verməliyik. Sağlam həyatın açarı elə düzgün qidalanmadır. Çalışın bu günləri sağlam yaşamaq üçün qışın mövsümü yeməklərindən nuşcanlıqla istifadə edin.
Nuray Hacıyeva
“Arazın səsi” qəzeti