Naxçıvanın muxtariyyət tarixi mövzusunda interaktiv dərs keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində keçirilən dərsi AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədris edib. Muxtar respublikanın 200-dən artıq məktəbində izlənilən dərsdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda hökm sürən gərgin ictimai-siyasi vəziyyət, muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələrdən danışılıb.
XIX əsrin 20-ci illərində Azərbaycan torpaqlarına köçürülən və tarixi ərazilərimiz hesabına öz xülyalarını reallaşdırmağa cəhd edən ermənilərin məkrli planları, Rusiya tərəfindən ərazi məsələlərinin ermənilərin xeyrinə həll etmək siyasəti ətraflı izah olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra bölgədə fəallaşan ermənilərin, xüsusilə Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağa qarşı ərazi iddiaları kəskin xarakter alıb və bu əsassız iddialar Naxçıvanın muxtariyyət məsələsinin vacibliyini artırıb.
Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Azərbaycanın diplomatiya və dövlətçilik tarixində özünəməxsus yeri olan Behbud ağa Şahtaxtinskinin oynadığı mühüm roldan da söz açan Yaşar Rəhimov vurğulayıb ki, xalqın əzmli müqaviməti və güclü iradəsi, qardaş Türkiyənin yardımı, Behbud ağa Şahtaxtinskinin diplomatik səriştəsi sayəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.
Dərsdə, həmçinin XX əsrin 90-cı illərində muxtar respublikada mövcud vəziyyət, mənfur ermənilərin hücumları barədə də məlumat verilib.
Bildirib ki, Naxçıvanın muxtariyyət statusu əsl bəhrəsini müstəqillik dövründə verib. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində imzalanan birgə bəyanatın 9-cu bəndinin Naxçıvanla bağlı olması və Azərbaycan tərəfinin təkidi ilə sözügedən bəyanata muxtar respublika ilə kommunikasiya dəhlizinin açılması haqqında bəndin salınması həm Naxçıvan, həm bütövlükdə Azərbaycan, həm də türk dünyası və Şərq-Qərb nəqliyyat dəhlizi üçün çox mühüm əhəmiyyət kəsb edir.
Ərhan Novruzov