Naxçıvanın milli qadın geyimləri - FOTOLAR
Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkürünə və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər birinin ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək hər kəsdə Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam və geniş təsəvvür yaratmağa imkan verir. Qədim Naxçıvanın mədəniyyəti, incəsənəti isə gözəl təbiəti kimi daha rəngarəng, daha dolğun, daha zəngindir. Naxçıvanlıların zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə sıx bağlı olan milli geyim nümunələri tutur.
Ümumiyyətlə, Azərbaycanda dövrümüzə qədər gəlib çatmış ən qədim parça nümunələri təxminən eramızdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərinə aiddir. Arxeoloji qazıntılar zamanı tapılmış parça tikələrinin kimyəvi müayinəsi göstərmişdir ki, uzaq keçmişlərdə toxunmasına baxmayaraq, bu parçalar əlvan rəngli boyalarla boyanmışdır. Rənglər bitkilərdən və bəzi böcəklərdən hazırlandığı üçün çox təbii və davamlı olmuşdur. Boya istehsalı üçün ən çox alma, nar, qoz, soğan qabığı, ərik və tut ağacının kökündən istifadə edilmişdir. Boyaçılıqda, həmçinin, qırmızı rəng verən koşenil qurdundan da istifadə olunmuşdur.
Azərbaycanda istifadə olunan qədim parçalarda basma naxışlardan geniş istifadə olunurdu. Basma naxışlar adətən kətan və ipək parçaların üzərinə vurulurdu. Azərbaycanda ta qədimdən geniş yayılan basma naxışlı parçalar Azərbaycanın başqa şəhərləri ilə yanaşı, Naxçıvanda da XX əsrin əvvəllərinə kimi hazırlanırdı. Xalqımız lap qədimdən basma naxışlardan istifadə edərək öz geyiminə, eləcə də həyat və məişətində istifadə etdiyi bir çox əşyalara gözəllik verməyə çalışmışdır.
Geyim üzərinə, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, balınc, mütəkkə və s. üzərinə salınmış bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə də icra olunmuşdur. Parça və zərif dəridən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan bu tikmələr o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan, Şamaxı, Gəncə, Təbriz, Şuşa və Quba şəhərlərində olmuş əcnəbi səyyahlar tikmələrin yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində dəfələrlə qeyd etmişlər. Təkəlduz, saya, güləbətin, pilə, muncuqlu, qurama, oturtma və s. icra üsuluna görə tikmənin ən çox inkişaf edib xalq arasında yayılan örnəklərdən olmuşdur.
Alimlərin gəldiyi qənaətə görə, maddi mədəniyyətin mühüm elementlərindən biri olan geyimlər Azərbaycanın digər yerlərində olduğu kimi, Naxçıvanda da qədim tarixə malik olmuşdur. Qazıntılar zamanı Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Naxçıvandan tapılmış daş qaşov, sümük, biz və iynə ibtidai insanın dərini ilk formada emal etdiyini və paltarı əvəz edən geyim növləri hazırladığını sübut edir. Alimlərin fikrincə, Naxçıvanın Gilan şəhərində (Xaraba Gilan) aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilən parça qalığı Naxçıvanın geyim və bəzək əşyalarının Azərbaycan xalqının ənənəvi geyim və bəzəklərinin tərkib hissəsi olduğunu bir daha təsdiqləməklə Naxçıvanın tarixən Azərbaycan ərazisi olması, həm də burada yaşamış ulu əcdadların etnik mənsubiyyətcə eyniliyi ilə izah olunur. Cəmiyyətin sonrakı inkişafı prosesində sosial-iqtisadi amillərin geyimə təsiri güclənmiş, mövsümü geyim növləri meydana gəlmiş, kişi, qadın, qız və gəlin libası, hətta yaşla bağlı geyimlər bir-birindən fərqlənməyə başlamış, gündəlik, bayram (toy) və matəm mərasimi libasları yaranmışdır.
Naxçıvanda XIX əsrdə qadın geyimləri, əsasən, tafta, mahud, mitqal, bez, bəyaz qanovuz, darayı, zərbafta, atlas, xara, məxmər, tirmə və s. adlanan parçalardan tikilirdi. XIX əsrin əvvəllərinə aid mənbədə Naxçıvanda qadınların köynəyin üstündən qısa arxalıq geydikləri də qeyd olunur.
Qadın geyimləri içərisində çəpkənlər xüsusi yer tuturdu. Bunlar üst tumanla birlikdə kostyum kompleksi təşkil edirdi. Çəpkənlər sadə parçalardan olduğu kimi, qiymətli parçalardan da hazırlanırdı. Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılan çəpkənlər içərisində qırmızı parçadan tikilmiş çəpkən sadə olduğu qədər səliqəli və cəlbedicidir. Həmin çəpkənin ətəyinə və qolunun ağzına tikmə naxış vurulmuşdur. Kiçik cibləri ətəyin yaxınlığındadır və çox dayazdır.
İkinci tipə daxil olan çəpkənlərin ətək hissəsi əvvəlkilərdən fərqlənir. Saya parçalardan tikilmiş bu çəpkənlərin əksəriyyəti düz yaxalı olur. Yaxası konusvari formada biçilmiş çəpkənlərdə ətək hər iki tərəfdən irəli çıxmışdır. Belə çəpkənlərin çiyni, yaxası, ətəyi və qollarının ağzı zəngin bəzədilir.
Ləbbadə Naxçıvanda üst qadın geyimləri kompleksinə daxil olan geyimlərdən biridir. Ləbbadələr də çəpkən kimi çiyin geyim növünə daxildir. Onların çəpkənlərdən fərqi ondadır ki, qolu geniş və qısa olur. Ləbbadələrin tikilməsində əsasən saya və güllü parçalardan istifadə edilmişdir. Bu geyim növünün yaxası, qollarının kənarları və ətəkləri sadə və mürəkkəb naxışlarla bəzədilirdi.
Küləcə qadın geyimi də Naxçıvan qadınları üçün xarakterik olan geyim növlərindəndir. Onu qadın arxalığının xüsusi növü kimi də səciyyələndirmək olar. Bu geyim növü bahalı parçalardan – məxmər, tirmə şal, xara və zərxaradan tikilirdi. Küləcələrin yalnız yaxası, qolları və ətəyi bəzədilirdi. Bu zaman zərli tikmə naxışlarla yanaşı, muncuq və piləklərdən də istifadə edilirdi. XIX əsrdə Naxçıvanda tikilən küləcələr həm uzun, həm də qısa olurdu. Küləcələr eyni zamanda belə qədər düz, ətəyi büzməli, yaxud geniş olurdu.
Beldən aşağı ətəklərinin formasına görə XIX əsr Naxçıvan küləcələri iki qrupa bölünmüşdür. Ətəkləri trapes formalı və ön tərəfdən bir-birinin üstünü örtən küləcələr birinci qrupa daxildir. İkinci qrupa daxil olan küləcələrinsə ətəyi ön hissədə birincidən fərqli olaraq genişlənmişdir. Uzun qollu belə küləcələrin yaxası, qollarının ağzı və ətəkləri zəngin naxışlarla bəzədilmişdir.
Arxalıq üst qadın geyimləri içərisində xüsusi yer tuturdu. Qadın arxalığı kişi arxalığından fərqli olaraq daha zərif hazırlanırdı. Məxmər və ya qanovuzdan tikilən arxalıqların beli dar olurdu və yaxası hər iki tərəfdən müxtəlif naxışlarla bəzədilirdi. XIX-XX əsrlərdə Naxçıvanda düzyaxa və oyma yaxalı qadın arxalıqları geniş yayılmışdır. Düzyaxa arxalıqların bəziləri həm də düz bədənli, bəzilərinin ətəyi isə hər iki tərəfdən çıxıntılı olurdu.
Кürdü də Naxçıvanda çox geniş yayılmış qolsuz üst qadın geyim növünə daxildir. Əhali arasında “Xorasan kürdüsü” adlanan bu geyim növünün iki cibi olur, yaxası isə düz, ürəkvari formada biçilirdi. Bu növ geyimlərin də yaxası, ətəkləri, ciblərinin ağzı haşiyələnirdi. Kürdülərin çiyin hissələri hər iki tərəfdən haşiyəli tikmə naxışlarla bəzədilirdi.
Naxçıvanda qadın baş geyimləri – çaşbənd, ləçək, yaylıq, örpək, rübənd, çalma, kəlağayı və s. növlərə ayrılır. Qadın baş geyim növü olan örpək zərif lif və tellərdən toxunan materiallarına və ölçülərinə görə müxtəlif olmuşdur.
Rübəndlər Naxçıvanda geniş yayılmış baş geyimləri içərisində xüsusi yer tuturdu. Bu, əsasən, İslam dininin tələbləri ilə bağlı olmuşdur.
Müsəlman xalqları arasında geniş yayılmış çalma baş geyimi isə ipək, yun, qumaş və ağ rəngli toxuma parçalardan olub, çox vaxt fəs və araqçının üstündən dolanırdı. Naxçıvanın zəngin qadın təbəqəsi çalmanın üstündən dingə də taxardılar.
Kəlağayı Naxçıvanda ipəkdən hazırlanan qadın baş geyimləri içərisində xüsusi yer tuturdu. Kəlağayının bir neçə növü olmuşdur. Əhalinin kasıb təbəqəsi arasında “yeləni” tipli kəlağayılar geniş yayılmışdır. XIX əsrin ortalarından başlayaraq Naxçıvanda zəngin naxışlı Ordubad ipəyindən hazırlanmış kəlağayılar istehsal edilirdi. Bu tip kəlağayılar basma və tikmə naxışlarla bəzədilirdi. Naxçıvan kəlağayıları daha çox stilistik naxışlarla bəzədilirdi.
Naxçıvanda hazırlanan istər qadın alt və üst geyimləri, istərsə də qadın baş və ayaq geyimləri öz zərifliyi ilə hər zaman seçilmişdir. Bu geyimlərin üzərində işlənmiş işləmələr xalqımızın zəngin mədəniyyətindən xəbər verməklə yanaşı, milli dəyərlərə də hər zaman üstünlük verildiyini sübut edir.
Naxçıvanın milli geyimləri, şübhəsiz ki, min illər boyu təkamül yolu keçmişdir. Bu geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.
Nizami Əzizəliyev
“NUH YURDU” qəzeti