Binali Yıldırım: Türk Dövlətləri Təşkilatının təsis edilməsi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın dünya miqyasında əhəmiyyəti artıb
Türk Dövlətləri Təşkilatının təsis edilməsi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın dünya miqyasında əhəmiyyəti artıb. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dövlət başçılarının qərarı ilə Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını təmin edən və türk birliyinə töhfə verən tarixi Qələbəyə imza atan Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu orden türk dünyasının ən ali mükafatıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və AK Partinin sədr müavini Binali Yıldırım təşkilatın Ağsaqqallar Şurasının XII toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.
Türk Dövlətləri Təşkilatının gündən-günə genişləndiyini, gücləndiyini qeyd edən Binali Yıldırım bununla təşkilatın məsuliyyətinin daha da artdığını, onun həm regionda, həm də dünyada daha mühüm quruma çevrildiyini bildirib.
Ağsaqqallar Şurasının dərin təcrübəyə malik insanlardan ibarət olduğunu və bu potensialdan ən yaxşı şəkildə istifadə edilməsinin zəruriliyini deyən Binali Yıldırım vurğulayıb: “Əslində, dövlət və hökumət başçılarının İstanbul Zirvə Görüşündə qəbul etdikləri qərarın arxasında bu həqiqət dayanır. Ağsaqqallar Şurasının təcrübəsinin təşkilatın həyata keçirdiyi layihələrə öz töhfəsini verəcəyinə ürəkdən inanıram. Bu baxımdan biz ağsaqqallar olaraq dövlət başçılarımızın müəyyən etdiyi istiqamətə uyğun olaraq türk dünyası ilə türkdilli dövlətlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, iqtisadi, sosial, mədəniyyət sahələrinə töhfələr vermək üçün çox çalışacağıq”.
İstanbulda keçirilən VIII Zirvə Görüşündə “2040-cı ilə baxış”a aid beşillik yol xəritəsinin qəbul edildiyini xatırladan B.Yıldırım deyib: “Təbii ki, bu beşillik plana daxil olan tədbirlər koordinasiyalı şəkildə həyata keçirilməlidir. Hesabatların hazırlanması, üzv ölkələr arasında inteqrasiya və harmoniya şəkilində ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, infrastruktur, mədəniyyət və digər sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi bizim əsas hədəflərimizdəndir”.