Əlincəçay vadisində bir gün - FOTOLAR

A- A A+

Əlincəçay vadisi öz tarixi, məskunlaşması və zəngin təbiəti ilə bu diyarın ən qiymətli bölgələrindəndir. Vaxtilə Əlincə nahiyəsi də elə, təxminən, bu ərazini əhatə edib və Naxçıvan sancağının 14 bölgəsindən biri olub. Ümumiyyətlə, Əlincəçay vadisi Culfa rayonunun gözəl, füsunkar guşələrindən hesab edilir. Bu ərazi təkcə özünün məğrurluq simvolu olan Əlincə qalası, Əlincə çayı ilə öyünmür. Vadidə yerləşən Haçadağ bu yerlərin yenilməzlik, ucalıq rəmzinə çevrilib. Romantik bir əfsanədə bu dağ müzəffər sərkərdənin başından düşən daş-qaşla bəzədilmiş dəbilqəyə bənzədilib. Deyilənə görə, Nuh Peyğəmbərin nəhəng gəmisinin zərbəsindən ikiyə bölünən dağ da elə Haçadağ olub. Əlincəçay vadisi həm də geniş, bərəkətli düzənlikləri, yaşıl bağları, sərin bulaqları, neçə-neçə dərdin dərmanı olan mineral suları, tarixi abidələri və qədim yaşayış yerləri ilə də məşhurdur. 

Elə buna görə də istirahət günlərinin birində vaxtımızı səmərəli keçirmək üçün bir qrup jurnalist yoldaşımla muxtar respublikanın zəngin təbiətini özündə ehtiva edən, tarixi abidələri və yaşayış məskənləri ilə məşhur Culfa rayonuna üz tutduq. Ərazinin zəngin təbiəti, Zəngəzur Milli Parkının ərazisinin böyük bir hissəsinin buranın payına düşməsi, eyni zamanda Haçadağ kimi maraqlı bir təbiət abidəsinin bu rayonda yerləşməsi buranı təbiət turizminin də maraqlı ünvanlarından birinə çevirir. 

 Mərkəzdən ucqarlara doğru sərbəst hərəkətin ilk amili yol infrastrukturunun müasir tələblərə cavab verməsidir. Bu sahəyə kifayət qədər diqqət göstərildiyindən istiqamətimizin son dayanacağına – Ləkətağa qədər qara örtüklü yol bizi müşayiət edərək mənzilbaşına tez və rahat şəkildə çatmağa imkan verir. Səfər yolunun uzun olmasına – Naxçıvan şəhərindən, təxminən, 55 kilometrlik bir məsafədə yerləşməsinə və mövsümün bu qarlı dövrünə baxmayaraq, bütün yollar gündəlik olaraq tamamilə qardan təmizlənir, avtomobillər üçün təhlükəsiz hərəkət şəraiti yaradılır. Muxtar respublikanın hər tərəfində olduğu kimi, burada da təmiz və rahat yol bu istiqamətə üz tutmaq üçün ilkin səbəblərdən biridir.

Əlincəçay vadisini üzük qaşı kimi dövrəyə alan Zəngəzur silsiləsi bütün gözəlliyi ilə bu hissədəki kəndlərin hüsnünə başqa bir əsrarəngiz mənzərə bəxş edir. Silsilənin bir-birini əvəz edən zirvələri çiyin-çiyinə duraraq vadinin ətrafında təbii bir sədd yaradır. Bu dağlar təbii meşə örtüyünə sahib olmasa da, nadir bitki və heyvanat aləminə ev sahibliyi edir. Qış mövsümü isə buranı ağ örpəyə bürüyərək yan-yana düzülmüş kəndləri daha bir turizmin – qış turizminin də maraqlı ünvanına çevirir. 

Ağ örpəyə bürünmüş düzlər və dağlar arasında qıvrılıb-açılan hamar yolla yaşayış məntəqələrini geridə qoyub irəlilədikcə möhtəşəm mənzərələr, təbiət tabloları bir-birini əvəz edir. Ağ örtüyü ilə təbiəti duvaqlı gəlinə bənzədən, yeri, göyü, təbiəti donduran qış mövsümü bu torpağa başqa bir gözəllik, əsrarəngizlik bəxş edib. Günəşli mavi səmanın bəyaza bürünmüş təbiətlə harmoniyası, göz işlədikcə uzanıb gedən düzənlik və düzənliyin sərhədindəki dağlar insanı mistik bir mənzərənin ağuşuna salır. Zərif duman örtüyünə bürünmüş dağlar üfüqdəki düzənliklə qovuşaraq vahid bir mənzərə yaradır. Yaranmış mənzərə, mavi üfüqün qübbəsi altında sanki yerlə səmanın birləşib vahid bir tandem yaratması ana təbiətin rəssam fırçasından çıxmış möcüzələrindən biridir.

İlin müxtəlif dövrlərində, xüsusilə yağan qardan zövq almaq üçün qarlı qış mövsümündə bu istiqamətə üz tutan qonaqlar üçün digər bir  məsələ isə qonaqlama üçün kirayə evlərin – kotteclərin olmasıdır. Muxtar respublikanın müxtəlif bölgələrində  turizmin inkişafı üçün əlverişli təbii mühitin mövcudluğu, yerli sakinlərin yaradılan şəraitdən səmərəli istifadə edərək turizmin inkişafına öz töhfələrini verməsini reallaşdırır. Culfa rayonunun bu istiqamətində yaşayan insanlar da tarix və təbiətin onlara bəxş etdiyi şəraitdən –  Əlincəçay, hündür dağlar, ekoloji-təmiz məhsul və tarixi abidələrdən bəhrələnərək digər insanların da buraları görməsi üçün səy göstərirlər. Sakinlərin öz torpaqlarında inşa edərək hər cür şərait yaratdıqları kiçik evlər buraya üz tutan insanların ilin istənilən mövsümündə rahat şəkildə yaşaya bilməsinə imkan verir. Onu da deyim ki, buradakı evləri rezerv etmək üçün kifayət qədər əvvəlcədən danışıb razılaşmaq lazımdır. Çünki qardan zövq almaq və qış istirahətini daha rəngarəng, eyni zamanda yayın istisində şəhərdən kənarda zaman keçirmək istəyənlər və ya yazın ətirli-çiçəkli dövründə təbiətdən zövq almaq istəyənlər bura tez-tez üz tuturlar. 

Elə biz də Ləkətağ kəndindəki əvvəlcədən əlaqə saxlayıb razılaşdığımız bu evlərdən birində yerləşirik. Çayın kənarında, dağlarla üz-üzə yerləşmiş evdə qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Ev hündürdə yerləşdiyindən eyvandan ətrafa kifayət qədər maraqlı və gözəl bir mənzərə açılır. Qarşıdakı dağların bəyaza bürünmüş möhtəşəm mənzərəsi nəyə desən dəyər. Aşağıda – çayın sahilində isə isti mövsümlərdə istifadəsi daha əlverişli olan eyvan qurulub. 

Sərt təbiətin, zəngin və qədim tarixin içində müasirliyi və rahatlığı yaşamaq burada o qədər də çətin olmayacaq. Təbii qaz və elektrik enerjisi ilə təmin edilib, rahat şərait yaradılmış evlər və mobil şəbəkələrin – internetin mövcudluğu sizi dünyanın müasirliyindən, sürətli informasiya axınından qoparmadan mənalı istirahətinizi etməyə imkan verəcək. Ancaq məsləhətdir ki, elə mobil telefonlarınızı söndürüb, internetdən imtina edib təbiət qoynunda, həyatın səs-küyündən uzaqda zövq alaraq istirahətinizi keçirəsiniz.

Hər fəsil təbiətə bir don geyindirir. Yaz, yay al-əlvan rəngli, payız sarı-qızılı don, qış isə yalnız bir rəngdən ibarətdir; birrəngli paltar geyindirə bilir təbiətə. Bilmirəm niyə, amma qışın donu daha gözəl olur. Əlincəçayın kənarındakı evlərin pəncərələrindən yağan həzin qarın müşayiətilə çayın aram səsini dinləmək, havanın soyuqluğuna qarşı ətrafdakı dağlardan toplanmış min bir dərdin dərmanı olan otlardan dəmlənmiş isti samovar çayı sizə xüsusi zövq verəcək. İstəsəniz, qonaqpərvər ev sahibləri sizi təbii kənd məhsullarına da qonaq edəcək. 

Axşam saatlarında evlərin pəncərələrindən düşən işıq ağ qarın üstündə özünəməxsus, ilıq bir mənzərə yaradır. Hər yer dümağ, parıldayan ipəyə oxşayır. Göydən isə sanki ələkdən un ələnir. Mənə elə gəlir ki, qış paklıq rəmzidir. Çünki örpəyi ağappaqdır. Qış fəsli insanı xatırladır desəm, yəqin ki, yanılmaram: soyuğu, şaxtası, gözəlliyi, cəlbediciliyi və müşahidə edə bilmədiyimiz daha neçə-neçə xüsusiyyətləri ilə...

Səhər saatlarında qarşıdakı Zəngəzur dağlarının arxasından doğan qış Günəşi, ətrafda uçuşub özünə yem axtaran quşların həyəcanlı, şən və bəzən qayğılı nəğmələri sizə soyuq qışın dizə qədər qalxan qarı ilə birlikdə təbiətin qoynunda maraqlı gün yaşamağa imkan verəcək. Çay sahilindəki sıx və hündür ağaclıq dağlara doğru azalsa da, donmuş meşənin quşlar tərəfindən pozulan lal sükutlu görkəmi sizi sehrli bir qış nağılının içində hiss etdirib, mistik bir aləmə qonaq edəcək. 

Belə bir vaxtda qarın üstü ilə tənha addımlayırsan. Ayağın altında qar yavaş-yavaş səs salır. Bu adi səs, diqqət etsəniz sanki sizə nəsə pıçıldayır. Bəlkə də, inləyir, deyir məni əzməyin. Bir də nağıl söyləyir bizə – qış nağılı. Qış nağılı yol uzandıqca davam edir. Sən isə mənzilbaşına çatmısan... Deyir, qorxmayın soyuğumdan, şaxtamdan, onsuz da qarşıdan bahar gəlir. 

Hər tərəfin ağ don geyinməsi, evlərin damından asılan buz parçaları, onlardan damla-damla aramla əriyib yerə düşən mirvari damlalar, çılpaq ağacların üzərində özünə yer edən qırov təbiətə elə gözəl bir görüntü verir ki, adamın lap rəssam olub bu mənzərəni çəkməyi, şair olub misraların yaddaşına köçürməyi gəlir. Ya da elə mənim kimi sətirlərə köçürüb vəsf eləməyi... Amma nə etməli ki, hamının belə istedadı olmur. Tamaşa etmək isə heç bir bacarıq istəmir. Əlimizdən nə gələr ki...

Yolunu Əlincəçay vadisindən salanları bu istiqamətdə bir-birindən qədim və dəyərli tarixi abidələr də gözləyir. Hürufiliyin banisi Fəzlullah Nəiminin Xanəgah kəndindəki məqbərəsi, Əmir Teymura qarşı əyilməzliyin və mübarizliyin simvolu Əlincəqala, tarixi Qazançı və Ərəfsə körpüləri, Ərəfsə, Boyəhməd, Kırna yaşayış yerləri, Naxçıvanın simvollarından biri olan Haçadağ Əlincəçay vadisinin daş salnaməsi olmaqla yanaşı, həm də bu diyarın qədimliyindən, zənginliyindən söz açmaq gücündədir. 

Sufi alim və mütəfəkkir, hürufiliyin banisi Şeyx Nəiminin məzarını –  qəbirüstü türbəsini ziyarət edərkən sanki orta əsrlərin sehrli bir aləminə qovuşursan. Türbənin tarixə şahidlik edən divarları, şeyxin məzarı və bəlkə də, bu divarlar arasında dolaşan ruhu ilahi sevginin və tərənnümün, insana məhəbbətin və var olmağın fəlsəfəsini sizə pıçıldayacaq. Əsrləri dilə gətirən ətrafdakı dağlar isə tarixin ağır məngənəsində bu torpaqlarda Əmir Teymura qarşı dirənişin, Vətən sevgisinin, qazanılmış qələbənin və buradakı insanların yaşadığı mübarizənin şahidləridir. 

Yolüstü tarixi Qazançı və Ərəfsə körpülərini, qüdrətli Əlincəqalanı, Tarix-Mədəniyyət Muzeyini görmək, möhtəşəm Haçadağın müxtəlif rakurslardan panoramını seyr etmək sizdə maraqlı təəssürat yaradacaq. Haçadağ və Əlincəqalanın qoşa müşahidə edilən mənzərəsi, xüsusilə ağ örpəyə bürünmüş şəkildə daha mistik görünərək nağıl qəhrəmanlarına bənzəyən iki nəhəng sərkərdə kimi bu torpaqların müdafiəsində durmuş keşikçilər təəssüratı yaradır. XVI-XVII əsr tarixi abidələri olan Qazançı və Ərəfsə körpülərinə mütləq baş çəkin. Hər iki körpü ikinci həyat alan abidələrimizdən olmaqla tarixə göstərilən dəyərin əyani sübutlarındandır. Elə buna görə də bu bölgə tarixi turizmin də maraqlı ünvanlarından birinə çevrilir... 

Geri qayıdanda jurnalist dostumun nəzərindən yayınmayan başqa bir amili müşahidə edirik. Şahbuz bölgəsində kənd turizminə yaranan marağın coğrafiyası artıq kifayət qədər genişlənib. Ordubadın bir sıra turistik kəndləri ilə yanaşı, Əlincəçay vadisi istiqamətində də mövcud turizm imkanları burada istirahət məqsədli ev tikintilərini daha da artırıb.

Muxtar respublikada görülən işlər, həyata keçirilən tədbirlər, turizmin inkişafına qayğı bu diyarın hər bir guşəsində mövcud olan turizm potensialının üzə çıxarılmasına və yeni nailiyyətlər qazanılmasına imkan verir. Xüsusilə müxtəlif bölgələrdə yaşayan sakinlərin bu istiqamətdə marağının artması qonaqların cəlb edilməsi üçün yaxşı şəraitin yaradılmasına, bölgələrin tanıdılması üçün müxtəlif üsullardan istifadə olunmasına, eyni zamanda sosial şəbəkələrdən təbliğat vasitəsi kimi məqsədyönlü yararlanmağa səbəb olub. Bu isə, öz növbəsində, sakinlərin istehsal etdikləri məhsulları rahat şəkildə satması, yaşadıqları yerin potensialından səmərəli istifadə etməsi, eyni zamanda ailə büdcəsinə əlavə dəstəyin formalaşmasına şərait yaradır. Bir sözlə, Əlincəçay vadisində keçirdiyimiz bir gün onu deməyə əsas verir ki, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq. 

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: