Dağlar Qartalı-Şəhid baş leytenant Məmmədhəsən Sadıqlı - FOTOLAR

A- A A+

Vətən müharibəsi böyük  və tarixi qələbəmizlə başa çatan dövrdən bu günədək keçən müddətdə bu əbədi və əzəli mövzuda yüzlərlə əsərlər yazılıb, qəzet və jurnallarda dərc olunub, kitablar nəşr edilib. 44 günlük Vətən savaşında qəhrəmanlığı, döyüş meydanında şücaəti ilə öz adını zəfər salnaməsinə yazdıran igid Naxçıvan oğulları haqqında da hələ bundan sonra çox əsərlər qələmə alınacaq, filmlər çəkiləcək, kitablar çap ediləcək.

Müəllifi Alməmməd Eldaroğlu olan “Dağlar qartalı” lirik poemasında da Vətən müharibəsində şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və  “hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğlunun əziz xatirəsi əbədiləşdirilib.

Kitabda Sədərək rayonunun Dəmirçi kəndində anadan olan şəhid Məmmədhəsənin qəhrəmanlığı ilə bərabər, hələ Vətən müharibəsinə yollanmamışdan 2 il əvvəl Günnüt əməliyyatında göstərdiyi şücaətdən də bəhs olunur. 6 bölmədən ibarət olan lirik poemada  şair Məmmədhəsənin timsalında bütün şəhidlərimizi böyük sevgi və sayğı ilə tərənnüm edir, şəhidliyə ucalanlara, qazi kimi evlərinə-ailəsinin yanına qayıdanlara göz yaşı tökmür: 30 illik həsrətə son qoyanları xalqımızın qəhrəmanları  sayır.

Vətənin ümidi xilaskarına,

İgidin sevgisi torpağınadır,

Başını uca tut, şəhid anası

Övladın tanrının dərgahındadır...

Poemada müəllif şəhid Məmmədhəsəni isə oxucuya belə misralarla  təqdim edir:

Bütün zirvələri fəth edən igid,

Dağları, daşları silkələdəndir

Özü şəhadətə tələsən şəhid

Vətən Fədaisi Məmmədhəsəndir.

Müəllif əsərdə şəhid qəhrəmanın həyat yoldaşına göndərdiyi mesajdan bir neçə sətri də poemaya gətirməklə əbədiyaşar  Məhəmmədhəsəni həyat yoldaşını, övladını sevən Azərbaycan gənci kimi oxucuya təqdim edir.  “...İşdir, birdən şəhid olsam, başını dik tut, çünki sənin həyat yoldaşın haqq yolunda şəhid olub və mənim necə bir döyüşçü olduğumu Uğura (yəni oğluna) da danış və de ki, elə bir övlad olsun ki, həmişə başımızı uca eləsin”.

Alməmməd Eldaroğlu şəhidin doğulduğu Dəmirçi kəndini də məhəbbətlə tərənnüm edir:

Arxası Sarıdaş, sinəsi Araz

Hünəri Ağrıdağ, yolları taraz,

Səfər kəhrizindən aşağı biraz,

bir doğma məkan var- adı Dəmirçi.

Kitabın son səhifələrində şəhid qəhrəman Məmmədhəsən Sadıqlının iştirak etdiyi hərbi təlimlərdən, ailəsi ilə birlikdə çəkdirdiyi fotoşəkillərdən də nümunələr yer alıb.

Kitabın ön söz müəllifi  Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Asim Yadigar, redaktoru isə “Şərq qapısı” qəzetinin məsul katibi, əməkdar jurnalist Muxtar Məmmədoğludur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: