“Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin ölkə iqtisadiyyatına təsiri - FOTOLAR

A- A A+

Zəfərlə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.

Hazırda bir milyondan artıq soydaşımız öz el-obasına, kəndlərinə qayıtmağı səbirsizliklə gözləyir. İndi onları bir sual daha çox maraqlandırır. Qayıdış prosesi zamanı onların əvvəlki kəndlərinin və şəhərlərinin, mülkiyyətlərində olan ərazilərin gələcək taleyi necə olacaq: “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri, onlara hansı üstünlükləri verəcək?

Ümumiyyətlə, “Ağıllı kənd” platforması texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çoxtərəfli təşəbbüsdür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetməni təmin etməyi hədəfləyir.

Beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. “Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsi”nin (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.

Nəzərə almaq lazımdır ki, bugünkü iqtisadi sistem 30 il öncəki sistem deyil: “Belə ki, iqtisadi sistem 1992-ci ildə gündə 100 Gb informasiya formalaşdırırdısa, bu gün saniyədə 45 min Gb informasiya yaradır. Yaxın gələcəkdə isə saniyədə 150 min 700 Gb informasiyanın formalaşdırılacağı gözlənilir. Digər tərəfdən BMT-nin 2016-cı ildə apardığı araşdırmaların nəticələrinə görə, dünya əhalisinin 54 faizi şəhərlərdə məskunlaşıb. 2030-cu ilədək dünya əhalisinin 60 faizi, 2050-ci ilədək isə 70 faizinin müasir şəhərlərdə məskunlaşacağı proqnoz edilir. Eyni zamanda kəndlər və qəsəbələr də IV Sənaye İnqilabının, 5G texnologiyasının və s. təsiri altında nəinki ənənəvi simasını dəyişir, həmçinin idarəolunma, davranış, həyat tərzi və s. cəhətlərdən ciddi dəyişikliklərə məruz qalır”.

Prezident İlham Əliyevin uzaqgörən təşəbbüsü nəticəsində ölkəmiz Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Dövlətimizin başçısının 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Ötən il aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanın artıq “Ağıllı kənd” layihəsi ilə bağlı təcrübəsi də mövcuddur. Belə ki, hələ 2018-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan “Ağıllı Kənd” layihəsi təqdim edilib.

Hazırda işğaldan azad olunmuş ərazilər də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur.

Bəs “Ağıllı şəhər” layihəsi nə üçün önəmlidir?

"Ağıllı şəhər” fikri son illərdə texnoloji şirkətlər və şəhər planını hazırlayanlar arasında çox müzakirə edilən mövzudur. Hesab edilir ki, şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşa bilər.

İnsanların rahat yaşamasına hesablanan, iqtisadi, sosial və ekoloji cəhətdən səmərəli və dayanıqlı olan “Ağıllı şəhər” və “Ağıllı kənd” modelini gerçəkləşdirmək üçün innovativ informasiya və kommunikasiya texnologiyalarından istifadə edilir. Məsələn, vətəndaşların zəruri problemlərinin həlli üçün elektron xidmətlər, kommunal sahələr üzrə tədbirlərin təqvimi, mənzillərin icarəsi üçün platforma, elektron səyahət kartı, logistik xidmətlərin intellektuallaşması və s. “Ağıllı şəhər”in elementləridir.

Hazırda dünyada bütün ölkələrin hökumətləri qarşısında böyük bir problem var: şəhər infrastrukturunu səmərəli enerji mənbələri ilə necə təmin etmək və ətraf mühitə zərər verməmək. Çünki ekoloji vəziyyət bütün vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir edir. Bu məqamda yaşıl enerji mənbələrinin səmərəliliyinin artdığını və şərti kilovat-saatın qiymətinin durmadan azaldığını vurğulamaq vacibdir. Bir çox ölkələr günəş və küləyi perspektivli enerji mənbələri kimi görürlər. Prezident İlham Əliyevin “Azərbaycan  Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamının icrası müvafiq sahədə görülən işlərə geniş imkanlar yaradır.

Elm, texnologiya inkişaf etdikcə, dünya daha çox dəyişikliklərə məruz qalır. "Ağıllı şəhər” layihəsi də bu dəyişikliyin əsas hissələrini özündə ehtiva edir. Dünyada "Ağıllı şəhərlər” elm və texnologiyanın ən üst səviyyədə inkişaf etdiyi, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır.

Qabaqcıl informasiya texnologiyaları şirkətlərinin proqnozlarına əsasən, 2025-ci ilədək dünyada azı 90-100 “Ağıllı şəhər” olacaq. Onun da 50-dən çoxunun isə Asiya ölkələrində yaradılacağı gözlənilir.

"Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz şəhərə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından "Ağıllı şəhər”lərdə istifadə olunur. Həmçinin "Ağıllı şəhər” nəqliyyatın inkişaf etməsinə imkan verir”.

“Ağıllı şəhər”, “Ağıllı kənd” infrastrukturuna fiziki, İKT və xidmət infrastrukturu daxildir. Fiziki infrastruktura binalar, yollar, dəmir yolları, elektrik təchizatı xətləri, su təchizatı sistemi və s. aiddir. İKT “Ağıllı şəhər” və “Ağıllı kənd”in əsas komponenti olmaqla bütün digər komponentləri özündə birləşdirir və mahiyyətcə “sinir mərkəzi” rolunu oynayır. Xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunması funksiyasını həyata keçirir.

Konsepsiyanın digər tərkib hissəsini bütün vətəndaşlar üçün sağlam həyat tərzi təmin edən və əsas komponentləri keyfiyyətli səhiyyə, təhsil və təhlükəsizlik olan “ağıllı” həyat təşkil edir.

Müasir həyat tərzinin ayrılmaz atributları olan nəqliyyatın intellektual idarə edilməsi, “ağıllı” parkinq, ictimai nəqliyyatın idarə edilməsi, yol hərəkəti  qaydalarının pozulmasına videonəzarət, “ağıllı” işıqlandırma, “ağıllı” sayğac, sudan istifadənin “ağıllı” idarəedilməsi, “ağıllı” şəbəkə və digər bu kimi məsələlər konsepsiyanın mühüm komponentlərindən hesab edilir.

İqtisadi səmərəlilik

Hər bir layihənin məqsədi orada yaşayan insanların iqtisadi gəlirlərinin artmasına daha səmərəli şərait yaratmaqdır. “Ağıllı kənd” layihəsi, əslində, bu istiqamətdə geniş imkanlar açır. Məsələn, bu gün ölkəmizdə kənd təsərrüfatı sistemində ən böyük problemlərdən biri istehsal olunan məhsulların satış bazarının təşkili ilə bağlıdır. Bu layihələrin reallaşması sözügedən problemlərin aradan qaldırılmasına da yardımçı olacaq. Hazırda Kənd Təsərrüfatı Nazirliyi xətti ilə onlayn satış sistemi təşkil edilib. Bu layihənin hər bir kənd üzrə sistemli şəkildə genişləndirilməsi səmərəliliyi daha da artıra bilər. Elə infrastruktur qurulmalıdır ki, şəhərdə olduğu kimi, kənddə də bazara çıxış mümkün olsun.  Bunun üçün əsasən elektron platformalarından istifadə edilir. Bunlar Amazon və ya Alibaba kimi platformadır. Kənd sakinlərinin bank xidmətlərinə rahat çıxışı olmalıdır. Məsələn, kənd sakininin kartı yoxdur, amma onlar bankomat vasitəsilə kodla nağd pul verən xidmətdən istifadə edə bilərlər. Bundan başqa elektron ödənişlər və s. inkişaf etdirilməlidir.

Beləliklə, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasının mahiyyəti informasiya  kommunikasiya texnologiyalarından istifadə etməklə daha yaxşı dövlət xidməti, operativliyin artırılması, məlumatların ictimaiyyətlə bölüşdürülməsi, eyni zamanda “ağıllı” texnologiyalardan və məlumat təhlilindən istifadə edərək vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb.

Bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın inkişafına böyük töhfə verməklə, regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

 Hüseyn Əsgərli
Naxçıvan Dövlət Universitetinin müəllimi,

 İnformasiya-Kommunikasiya
Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri

Səkinə Cəfərli

İqtisadiyyat və İdarəetmə fakültəsinin,

 Menecment ixtisası üzrə 3-cü kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: