“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOLAR
Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvanın zəngin tarixi-mədəni irsi İslam Mədəniyyətinin Paytaxtı kimi onun əhəmiyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun dediyi kimi, “Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.
Ali Məclis Aparatının rəhbəri bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin qorunmasına xüsusi diqqət yetirilir. Muxtar respublikada 211 məscid var. Onlardan 169-u yeni tikilib və ya yenidən qurulub, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilərək dindarların və zəvvarların ixtiyarına verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında İslam dininin əsasları tədris olunur. Görülən tədbirlərin nəticəsidir ki, müxtəlif məzhəb və təriqətlərin nümayəndələri məscidlərdə birgə ibadət edirlər. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi, üzərində loqotip əks olunmuş zərf və poçt markası, buklet və döş nişanları hazırlanıb.
2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Bu gün öz işinə başlayan “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda Beynəlxalq konfrans da Tədbirlər Planına uyğun olaraq görülən işlərin davamıdır.
Əli Həsənov beynəlxalq konfransın Naxçıvanın zəngin türk-islam mədəniyyətinin öyrənilməsi işinə mühüm töhfə olduğunu bildirib, konfrans iştirakçılarını salamlayıb və konfransa öz işində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsini sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: İslam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda çıxış edərək deyib ki, Naxçıvan şəhəri qədim və zəngin tarixə malikdir. Dünyada ilkin şəhər mədəniyyətinin yaranmasının beş min illik tarixi olan şəhərlər az saydadır. Həm də bu tarixdə çox böyük zənginlik olub. Bu zənginliyi yaradan ərazinin qədim sakinləri və Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsidir. Naxçıvanın Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görüb, öz yol qeydlərində bu haqda bəhs ediblər. Ona görə də orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar veriblər. Bu mənbələrdə Naxçıvan şəhəri “Yer üzərində bundan daha çox əhalisi olan şəhər yoxdur”, “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur”, “Şəhərdə çoxlu saray, köşk və eyvan vardır” və başqa bu kimi ifadələrlə “Nəqşi-cahan” epiteti tərənnüm olunub, “Naxçıvan İslamın ən güclü dayaqlarından biri” adlandırılıb. Bu gün də Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı bu şəhərin İslam Mədəniyyətinin Paytaxtı kimi tarixi missiyasını şərtləndirir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Bölgədə İslam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın bu ulu diyarı dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Naxçıvan tarixən təktanrıçılığın məskəni olub. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində islami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Zəngin tarixə malik olan bu diyar İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməkdədir.
İstanbul Universitetinin müəllimi, professor Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti” mövzusuna toxunaraq qeyd edib ki, bu konfrans türk tarixi üçün böyük əhəmiyyət daşıyır. Çünki Naxçıvanın türk dünyasında çox böyük yeri və rolu vardır. Bu qədim diyar olduqca zəngin tarixə malikdir. Bu ulu torpaq tarixi-mədəni abidələri ilə öz qədim keçmişindən xəbər verir. Körpülər, abidələr, karvansaraylar, məscidlər, hamamlar türk xalqının bu torpağa vurduğu naxışlardır və bu xalqın tarixinin nə qədər köklü olduğunu sübut edir.
Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Arazətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzularında məruzələr ediblər. Məruzəçilər qeyd ediblər ki, Naxçıvan müqəddəs torpaqdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Məhz bu baxımdan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib.