Sənət fədaisi

A- A A+

Hələ 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Naxçıvan Teatrının yaşaması, fəaliyyət göstərməsi üçün təbii ki, bütün ziyalılar ciddi cəhdlə çalışırdılar. Bu ziyalıların əksəriyyəti o zaman Qafqazda məşhur olan təhsil ocaqlarında oxuyan gənclər idi. Onların bu fədakarlığı nəticəsində teatr hərəkatı hər il getdikcə daha yüksək sürətlə inkişaf edir, bir-birindən maraqlı əsərlər tamaşaya qoyulurdu. Düzdür, bu truppa hələ ki həvəskarlardan ibarət idi, amma yenə də oynanılan tamaşalar geniş rezonans doğururdu. Teatr tamaşalarında rol alan o dövrün ziyalılarından Cəlil Məmmədquluzadə, Əkbər Süleymanov, Əsgər Şeyxov, Məmmədtağı Səfərəli oğlu, Mirzə Əhməd Xəlilov, Əhməd ağa Hüseynov və başqalarınn adı bu gün də tarixdə yaşayır.  Bu gənclərin sıyahısında Mirzə Cəlil Şürbinin də xüsusi yeri var. Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Cəfərovun birgə tərtib etdikləri “Naxçıvan teatrı. Məqalələr, xatirələr” (“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi.2014 ) kitabında Mirzə Cəlil Şürbinin tamaşalarda bir aktyor kimi çıxış etməsi ilə bağlı sənədlər də yer alıb. Kitabda verilən  jurnalist Rzaqulu Nəcəfovun 1937-ci ildə yazdığı “Cəlil Məmmədquluzadə və Azərbaycan səhnəsi” adlı yazıdan oxuyuruq: “...Təqribən 1894-cü ildən 1899-cu ilin axırına kimi , yəni Mirzə Cəlilin Naxçıvanı tərk edərək , biryolluq İrəvana və sonra Tiflisə köçənədək bu həvəskarlar  dəstəsində aşağıdakı gənclər və ziyalılar iştirak etmişdilər: Cəlil Məmmədquluzadə, Məşəditağı, Sidqi, Mirzə Ələkbər Məmmədquluzadə (Mirzə Cəlilin qardaşı), Mirzə Ələkbər Süleymanov, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi (şair və müəllim)... və  bu sətrləri yazan dəxi üç-dörd son illərdə -Şərəfnisə və Güllü (“Müsyö Jordan”da), Süleyman bəy (“Dağılan tifaq”da) və başqa uşaq rollarını oynamışıq.. Qadın rollarını, ümumiyyətlə, Mirzə Cəlil Mirzəyev-Şürbi, Sərvər xan, Məmmədəli xan, Ağa Tahirov və Mirzə Kazım oynayırdılar... Qadın rollarında Mirzə Cəlil Şürbi və Ağa Tahirov bacarıqla oynayıb lazımi obrazlar yaradırdılar... ”  Bəs kimdir Mirzə Cəlil Mirzəyev- Şürbi?  Bunla bağlı “Naxçıvan teatrının salnaməsi. 1883-2008 ” kitabında ayrıca məqalə verilib.

Mirzə Cəlil oğlu Mirzəyev 12 fevral 1874-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1888-92-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Şərur-Dərələyəz  qəzasındakı  Aralıq  ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayıb. Buradan sonra Mirzə Cəlil Şürbini, lap dəqiqi  1894-cü ildə Cəlil Məmmədquluzadənin  müdiri olduğu Nehrəm məktəbinə işləməyə göndərirlər. Daha sonra isə  fəaliyyətini Naxçıvan şəhər ibtidai məktəbində davam etdirir. Müəllim kimi yaxşı işlədiyi üçün o zaman müxtəlif məktəblərə rəhbər vəzifəyə də  göndərilir. Belə ki,  1903-1908-ci illərdə Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbinin  və 1909-1913-cü illərdə isə Naxçıvan şəhər rus-tatar məktəbinin  müdiri olur.  O zaman ziyalılara verilən və xüsusi çin   sayılan  "Kollec registratoru" rütbəsi alıb. 

Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbdə işləməsi Şürbinin gələcəkdə teatrla daha sıx bağlanması üçün bir səbəb olur. Belə ki, o Mirzə Cəlilin  təşviqi ilə teatr hərəkatına qoşulur. Bundan sonra isə  yuxarıda da qeyd olunduğu kimi, Naxçıvan teatrında qadın rollarını ustalıqla oynayıb. Şair kimi  ədəbi-maarif tədbirlərinin təşkilində fəal iştirak edib.  Açıqfikirliliyinə, milli mənafeyi və maarifçiliyi üstün tutmasına, xurafata və fanatizmə qarşı çıxıb. Bunun üçün Şürbini  "siyasi bədgümanlıq" doğurmasına görə Naxçıvan mühitindən uzaqlaşdırmaq məqsədilə Şahbuz ibtidai məktəbinə göndərirlər. Çünki o şagirdlərə dünyəvi dərsləri, riyaziyyat, coğrafiya və digərlərini öyrənməyi tövsiyə edir, onların sağlam gələcəkləri üçün çalışırdı. Amma bu cür yanaşma o zaman Azərbaycanı işğal edən Çar hökumətinin milli məsələlərə bağlı apardığı siyasətlə üst-üstə düşmürdü. Şürbi Şahbuzdakı məktəbdə də şagirdlər arasında sağlam fikirlər, milli özünüdərk ideyaları yayırdı. Buna görə də  şərab içməsi bəhanə gətirilərək şübhəli şəxs kimi 3 aydan sonra vəzifəsindən geri çağırılır.  Bununla razılaşmayan Şürbi Aşqabad, yaxud Bakı məktəblərində münasib iş tapmaq üçün  ora getməklə bağlı müraciət edir. Amma  bu təşəbbüslərinə də maneə olurlar. İstedadlı ziyalı olan Mirzə Cəlil Mirzəyev öz şeirlərini  "Şürbi" təxəllüsü ilə yazdığı üçün onu hamı bu adla tanıyırdı. Onun şeirləri, yaradıcılığı da tamamilə yeni həyata çağırış idi.    Klassik üslubda qələmə aldığı qəzəllərində həyat eşqi qabarıq şəkildə ifadə olunub.  Maarifçi şeirlərində isə "Elm və cəhalət", "Səhranişin və ayı" və s.) fanatizmi, gerilik və cəhaləti tənqid edir,  yeniliyə, elmə və maarifə çağırışlar edirdi.

Maraqlı faktlardan biri də odur ki, Mirzə Cəlil Şürbi jurnalist fəaliyyəti ilə də məşğul olub. O,  ilk dəfə Naxçıvanda bölgə müxbiri kimi fəaliyyət göstərib.  "Molla Nəsrəddin"in Naxçıvan üzrə təmsilçisi kimi jurnalın abunə və satış məsələləri ilə məşğul olub, ora xəbər və məqalələr göndərib. Bu məqalələrdə gerilik, cəhalət tənqid olunur, avamlıq satira atəşinə tutulurdu. Bundan başqa Şürbi digər dərgilər, qəzetlərlə də əməkdaşlıq edirdi. Yazıları "Şərqi-Rus" qəzetində də dərc olunub. Bir qədər içkiyə meylli olduğu üçün  Cəlil Məmmədquluzadə "Ölülər" komediyasında Şürbidən İskəndər obrazının prototiplərindən biri kimi faydalanıb.

Görkəmli ziyalı, maarif və teatr xadimi olan Mirzə Şürbi  1915-ci ildə İranın Rəşt şəhərində vəfat edib. Ancaq onun və Naxçıvan Teatrının, o cümlədən həmin illərdə insanların savadlanması, dünyagörüşünün artması, bir sözlə müasirləşməsi üçün bacardıqlarını ortaya qoyan hər kəsin əməlləri əbədi yaşayır.

Səməd Canbaxşiyev,

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: