“Omikron” ştamı yüngül gedişatlı olmasına baxmayaraq, hər zaman ağırlaşma və ölüm hallarının qeydə alınması ehtimalı var

A- A A+

“Omikron” ştamı əvvəlki ştamlara nisbətən daha sürətlə yayılmaqdadır. Ölkəmizdə də bir müddət əvvəl “omikron” ştamının aşkarlanması təsdiq olundu. Yoluxma dinamikası həddən artıq sürətlidir. Bir çox hallarda həmin variant “delta” ştamını sıxışdırmaqda davam edir. Təhlükəli vəziyyət “delta” ştamında daha çox rast gəlinirdi. “Delta” variantı daha çox hospitalizasiya və ölüm halları ilə yadda qaldı. “Omikron” “delta” ilə müqayisədə daha mülayim gedişata malikdir. Burada daha qısa inkubasiya dövrü müşahidə olunur və 1-7 gün ərzində xəstəliyin klinik təzahürləri qeydə alına bilir. “Delta” variantı ilə müqayisədə daha yüngül gedişatlı olmasına baxmayaraq, ümumi götürdükdə hər zaman ağırlaşma və ölüm hallarının qeydə alınması ehtimalı var. Dünya praktikasında daha çox vaksinasiyadan keçməyənlər arasında ağırlaşma halları qeydə alınır. Bu baxımdan da arxayınlaşmaq olmaz. Yenə də ilk simptomlar başladıqda diqqətli olmaq lazımdır. Temperaturun həddən artıq yüksəlməsi müşahidə edildikdə hərarət izlənilməli, o cümlədən digər əlamətlər də nəzarətdə saxlanılmalıdır. Qeyri-düzgün aparılmış müalicə, yaxud diaqnostikanın ləngidilməsi ağırlaşmalara gətirib çıxara bilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova deyib.

Mütəxəssis bildirib ki, koronavirus infeksiyasına yoluxduqdan sonra qanda antitellər inkişaf edir. Lakin ya xəstəliyi keçirdikdə, ya da süni şəkildə, yəni peyvənd vasitəsilə immunitet yaradıldıqdan 5-6 ay sonra həmin antitellərin qanda titri enir. Hazırkı ştamların fəallığını öyrəndikdə belə məlum olur ki, hətta dörd ay sonra antitellərin səviyyəsi enməyə başlayır və yeni yaranan şamlardan qorunmaq məqsədilə “buster” dozanın aparılması zərurəti ortaya çıxır. Baza vaksinasiyadan sonra “buster” dozanın vurulması qoruma ehtimalını artırır. Bunu İsrail və Çində aparılan tədqiqatların nəticəsinə əsasən də söyləmək olar. “Buster” doza dedikdə qüvvətləndirici doza nəzərdə tutulur. Bu, o deməkdir ki, əsas iki doza peyvənd aldıqdan müəyyən müddət keçdikdən sonra üçüncü doza aparılır. Bu, ilk iki peyvənddən 5-6 ay sonra aparılan vaksinasiyadır. Bəzi insanlar var ki, iki doza vaksinasiyadan sonra onlarda immun cavab alınmır. Bu zaman həmin şəxslərdə aparılan vaksinasiya əlavə doza adlanır. Yəni “buster” dozanın əlavə dozadan fərqi odur ki, o sağlam əhali üçün nəzərdə tutulub və profilaktik məqsəd daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: