Muxtar respublikada yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini artırıb

A- A A+

Sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Ona görə də muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyətləri bərpa edilir və ya genişləndirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın rayon, qəsəbə və kəndlərinin xammal və əmək ehtiyatları nəzərə alınmaqla müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması məqsədilə yeni layihələrin sahibkarlara təqdimatı keçirilib.

Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi 2018-ci ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qoruyub. Həyata keçirilmiş belə layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb.

Bu tədbirlərin davamı olaraq qarışıq yem istehsalı, qaynaq çubuğu, kimyəvi tərkibli tikinti materialları istehsalı, plastik tara, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, plastik səbət, xalça, yun və boyaq bitkilərinin tədarükü, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, heyvandarlıq, balıqçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 20 sahənin yaradılması davam etdirilib.

Həyata keçirilən layihələrin real­laşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min 400 manat maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, bu il də müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 126 növdə 570 çeşiddə ərzaq, 256 növdə 884 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 382 növdə 1454 çeşiddə məhsul istehsal olunur. 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılı­lığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: