3 may Beynəlxalq Mətbuat və Söz Azadlığı Günüdür
Muxtar respublikada mətbuat və söz azadlığı təmin edilib
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirmiş, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdə qəbul edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərini tənzimləyən və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir.
Ölkə Prezidenti söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayaraq demişdir: “Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.
Naxçıvan Muxtar Respublikasında da azad mətbuatın inkişafı təmin edilmişdir. Muxtar respublikada bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilmişdir. Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın informasiya blokadası ləğv edilmiş, azad mətbuatın inkişafı təmin olunmuşdur. Hazırda Naxçıvanda 2 televiziya, 2 radio, bundan başqa, “Universitet” televiziyası və radiosu fəaliyyət göstərir, 10 qəzet, eləcə də jurnallar nəşr olunur. Kütləvi informasiya vasitələrində 400-ə yaxın əməkdaş çalışır.
2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Artıq muxtar respublikada bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətdə nəşr olunur. Artıq 10 ildən çoxdur ki, muxtar respublikanın mərkəzi mətbuatı – “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqqı da artırılmışdır.
Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı konkret addımların atılması, dəyərli məsləhətlər verməsi jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar açır. Bu mənada ötən il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə mətbuatın fəaliyyət istiqamətlərinə dair mühüm məsələlərin müzakirə olunması mətbuatın yeni mərhələdə inkişafına, jurnalistlərin ölkəmizin maraqlarına xidmət edən materiallar hazırlamalarına, onların internetin imkanlarından yararlanaraq geniş təbliğat işləri aparmalarına stimul vermişdir.
Naxçıvanda qəzetlərlə yanaşı, televiziya və radioların da maddi-texniki bazası gücləndirilir. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdirlər. İnformasiya texnologiyalarının tətbiqi teleradio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırmış, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunmuş, Naxçıvan Dövlət Televiziyasının efir vaxtı artırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarının imkanlarından bütün sahələrdə, o cümlədən mətbuatda geniş istifadə olunur. 2011-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. 2016-cı ildə isə Naxçıvan Dövlət Televiziyasının saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Ali Məclis Sədrinin 2018-ci il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən bu il Naxçıvan Dövlət Teleradiosunun nəzdində “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. Bütün bunlar blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasını tamamilə yarmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında məlumat azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. 2011-ci il dekabrın 29-da “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilərək “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) həvalə edilmişdir. Bu isə məlumat azadlığının və informasiya əldə etmək hüququnun daha effektiv müdafiə və təmin edilməsinə imkan verir.
Bu gün muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Sərbəst və müstəqil fəaliyyət göstərən muxtar respublika jurnalistləri cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlərə, ictimaiyyəti narahat edən mövzulara geniş yer verir, televiziya və qəzetlərdə analitik və tənqidi materiallarla çıxış edir, onların həlli yollarının araşdırılmasında fəal iştirak edirlər.
Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Digər bir tərəfdən informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kəndlərdə belə genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. "Naxtel" mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açımışdır. Bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır, ölkə və dünya mediasında muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır. Bu gün Naxçıvanda ölkəmizin nüfuzlu televiziya və informasiya agentliklərinin müxbir postları fəaliyyət göstərir, muxtar respublikada baş verən yenilikləri, sosial-iqtisadi inkişafı, ictimai-mədəni hadisələri, beynəlxalq tədbirləri geniş tamaşaçı, dinləyici və oxucu auditoriyasına çatdırırlar. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, bu qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində jurnalistika kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı media mərkəzində fəaliyyət göstərən "Universitet televiziyası" və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”. Muxtar respublikanın kütləvi informasiya vasitələri işçiləri mətbuat və söz azadlığı üçün yaradılan imkanlardan istifadə edərək bundan sonra da Ali Məclis Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində səylə çalışacaq, maarifçilik işi aparacaq, milli dəyərlərimizin təbliğatçısı olacaq, bugünümüzün tarixini yaratmaqla və ictimaiyyəti düzgün istiqamətləndirməklə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edəcəklər.