Ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə növbəti maarifləndirici tədbir Culfa rayonunda keçirilib
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, rayonunun Əbrəqunus kəndində keçirilən görüşdə əkin atlaslarına uyğun əkinlərin aparılmasının üstünlükləri, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqlardan təyinatına uyğun istifadə yolları və bu sahədə qanunvericiliyin tələbləri, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin təsərrüfat sahibləri torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsi, hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsi barədə maarifləndiriliblər.
Aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, etiketlənməsi, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, meyvə-tərəvəzlərin qurudulması metodları və texnologiyaları ilə bağlı təsərrüfat sahiblərinə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.