Min bir dərdin dərmanı-Çay - Söz tələbə jurnalistlərindir

A- A A+

İnsanlar bəzi bitkilərdən yeni birləşmələr əldə  edərək ondan istifadə edirlər.

Bir çox Şərq ölkələrində, xüsusən də  ölkəmizdə  sudan sonra ən çox istehlak edilən içki çaydır. Çay  daha çox təvazökar məkanlarda istiliyi ilə çox ürəyə və söhbətə dərinlik qatar, "Buyurun, bir stəkan çayımızı için" sözlərilə başlayan dostluq qapısının açarıdır. Dost və həqiqət məclislərinin, elm və hikmət söhbətlərinin içkisidir çay. Söz sultanlarının kəlamları yaddaşlara həkk olunarkən onun hərarəti qəlbləri isidir. Soyuq qış günlərində bir stəkan isti çayla isinərkən, yayın istisində də hərarətimizi çayla söndürürük. Bəzən də çay bəhanəsiylə həsrətimizi  söndürürük dost və sirdaşlarımızla.

Çay bitkisi əsasən tropik və rütubətli, çox yağışlı mülayim bölgələrdə bitir. Əhəngsiz asitlə zəngin torpaqları sevər. Bu şərtlərə sahib olan və dəniz səviyyəsindən yüksək olan bölgələrdə daha keyfiyyətli məhsul yetişdirmək olur. Çay bitkisinin böyüməsi üçün  xüsusilə inkişaf mərhələlərində müntəzəm və davamlı yağış  yağmalıdır. Bu bitkinin orta hesabla boyu 180 sm-dir. Bitki  tək göyərdikdə isə 30 metrə qədər çata bilir.

Vətəni Çin olan çay oradan Hindistan və Yaponiyaya, sonra Avropa və Rusiyaya, XVII əsrin sonlarında isə Yeni Dünyaya yayılıb. Çayın ziyanvericisi olmadığından yetişdirilərkən heç bir dərmanlama aparılmaz.

Çay bizim eradan öncə III minillikdən bəri ictimai səbəblər və ya müxtəlif vərdişlər üçün istifadə edilən dərman bitkisidir. Çinlilərin çaya olan aludəliklərini, “Üç gün çaysız qalmaqdansa, üç gün yeməksiz qalmağı seçərəm” cümləsi ilə ifadə edirlər.

Çay deyincə bir çoxlarımızın ağlına dərhal qara çay gəlir. Ancaq yaşıl çay yarpaqları da istehsal edilir və son illərdə evlərimizdə yaşıl çay öz yerini  tutmağa  başlayıb.

Qara və yaşıl çay eyni bitkinin yarpaqlarından əldə edilir. Lakin onların dadı və kimyəvi tərkibi saxlandıqları fermentasiya proseslərindən asılı olaraq çox dəyişir.

Qara çay yaşıl olaraq kəsilən yarpaqlar qaralana qədər rütubətli otaqlarda, soyuqda saxlanılaraq əldə edilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu prosedur zamanı çayın tərkibində olan maddələrin çoxu, xüsusilə də xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alan maddələr güclü antioksidantlarla birləşərək bu xüsusiyyətlərini müəyyən dərəcədə itirir. Buna görə də yaşıl çay qara çaydan daha faydalıdır. Çay bitkisinin faydalarından yararlanmaq üçün onu yaşıl çay olaraq istifadə etmək daha məqsədə uyğundur.

Tərkibi C və E vitamini ilə zəngin olan çay, eyni zamanda damar sərtliyinin meydana gəlməsinə mane olur. Çayın xərçəngə qarşı qoruyucu təsiri antioksidant  xüsusiyyətindən  irəli gəlir. Bundan əlavə çayın tərkibində olan xüsusi maddələrin digər faydası isə qandakı yağların damarlarda və ürəkdə qalıcı zərərlər yaratmasına  mane olmaqdır. Araşdırmalar zamanı sübut edilib ki, lazımi miqdarda çay içildiyində qanda xolesterinin səviyyəsi aşağı düşür. Çinli alimlərin apardığı tədqiqat zamanı çay içənlərin içməyənlərdən iki qat artıq xolesterinli  qidalar yeməsinə baxmayaraq onlarla eyni xolesterol səviyyəsinə sahib olduqları məlum olub.

Çayın digər faydaları sırasında ağız qoxusunu aparması, tərkibindəki C vitamini ilə soyuqdəymə və qripin qarşısının alınması, “Tip 2” adlandırılan şəkər xəstəliyindən qorumaq, vücudun suya olan ehtiyacını eyni ölçüdə saxlamaq,  stress və yorğunluğu azaltmaq, qanda laxtalanma riskini azaltmaq, çay yarpaqlarında olan florid sayəsində diş çürümələrinə  qarşı dişləri qorumaq xüsusiyyətlərini sadalamaq olar.

Amma hər  şeydə olduğu kimi çayın da normadan artıq istifadəsi faydadan çox zərər verə bilər. Gün ərzində 10 stəkandan artıq çay içildikdə qəbul etdiyimiz qidalardakı dəmirin sorulmasını vacib bir  ölçüdə azaldır. Nəticədə dəmir azlığı  anemiyası (yəni qansızlıq) yaranır. Çayı limonla birlikdə içmək isə onun dəmirbağlayıcı təsirini azaldır.

Çayın faydalarından yararlanmaq üçün dəmləmə üsullarına da diqqət etmək lazımdır. Belə ki, çay xarici qoxulardan və rütubətdən uzaq, quru və ağzıbağlı qabda saxlanılmalıdır. Onu tez soyumaması və daha ətirli olması üçün saxsı çaynikdə dəmləmək lazımdır. Əvvəlcədən qızdırılan çaynikə hər stəkan su üçün bir çay qaşığı  çay tökmək və qaynamış suyu bir az gözlədikdən sonra əlavə etmək məsləhət görülür. Çay bütün ləzzətini ortaya çıxarsın deyə ən azı 5-7 dəqiqə gözləməli və yarım saat içində istifadə edilməlidir.

Bütün deyilənlərə əməl etməklə becərilməsi, yığılması, istehsalı əmək tələb edən, lakin bizim istifadə etdiyimiz içkilər arasında ən asan hazırlanan çayın faydalarından yararlanmaq olar.            

                                İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: