Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 15-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verilməlidir.
Layihəyə əsasən, 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən dəyişikliklər aparılıb. Yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.
Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.
Qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.