Ağdam: qara günlərdən ağ günlərə doğru - MƏQALƏ

A- A A+

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf etdi Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması. Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən yaratdığı üçrəngli bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum” dedi Ağdam. 44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iki gün öncə 27 il qara günlərə sinə gərən bu rayonun ağ günlərə qovuşması üçün həyata keçirilən tədbirlərin davamı xarakterini daşıyan növbəti səfərləri zamanı bir daha yaddaşımdan süzülüb axdı və ötən il Respublika Günündə ölkə başçısının Ağdama səfərini xatırlatdı. O səfəri ki, həmin gün Ağdamın Baş Planı təsdiq edildi. Və dövlətimizin başçısının aşağıdakı dəyərli fikirləri Qarabağ zəfəri üzərinə yeni zəfəri əlavə etdi.

Prezident İlham Əliyev: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.

Ağdam nura boyanır

Qara günün ömrü az olar. Bəli, qara günün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi qısaltdı Ağdamın qara günlərinin ömrünü. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi qısaltdı Ağdamın qara günlərinin ömrünü. Ali Baş Komandanımızın da söylədiyi kimi Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən, başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldular. Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördüm...

Budur, artıq o gülümsəmə nura çevrilir. Fevralın 13-də dövlətimizin başçısının və birinci xanımın “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirakları ilə 27 ilin qara libasını əynindən çıxarıb öz tarixi bəyaz donunu geyindi Ağdam. İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttinin, Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabelin çəkilməsi, bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin gətirilməsi bu rayonun ağ günləri, düşməninsə qara günləri deyilmi?

Ağdam Sənaye Parkı yerli istehsalın inkişafına təkan verəcək

Sənayenin inkişafı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin hər anının ən başlıca prioritetlərindən olub. Çünki sənayenin inkişafı qeyri-neft sektoruna ən böyük töhfə kimi hesablanıb. O mənada ki, ölkədə neft amilindən asılılıq aradan qaldırılsın, sənayenin ayrıca bir sahə kimi inkişafı ilə əhalinin məşğulluğu təmin edilsin. Həyata keçirilən layihələrin nəticəsi olaraq hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb. Eləcə də ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin coğrafiyasını, yeraltı və yerüstü təbii ehtiyatlarını, bu torpaqlardakı mövcud resursları, logistik imkanları nəzərə alınanda Qarabağın gələcək sənaye mənzərəsi gözlər önündə canlanır. Elə bu səbəbdən Ağdam Sənaye Parkının yaradılması da məhz ölkənin yaxın gələcəyə hesablanmış iqtisadi inkişafına xidmət edir. Eyni zamanda bu bölgəyə yeni həyat bəxş edir, insanların öz yurd-yuvalarına qayıtmalarına, məşğulluqlarını təmin etmələrinə şərait yaradır, bu tarixi torpaqların zənginliyini, gücünü özünə qaytarır.

190 hektar ərazini əhatə edəcək Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək ki, bu da Ağdamı Ağdama qaytarmaq deməkdir.

Su gələn arxa bir də gələr...

Bəli, dilimizdə belə bir deyim də var ki, su gələn arxa bir də gələr. Yurd salmaq, ev tikmək nə qədər çətin olsa da, uzun illərə başa gəlsə də, çox insanlar üçün bir ömrə bərabər olsa da, belə imiş Qarabağ torpaqlarının sakinlərinin alın yazısı. Dağıdılacaqmış illərlə qurub-yaratdıqları. Yeməklərindən, geyimlərindən kəsib daşa, quma verib ucaltdıqları yurdları dağıdılacaqmış. İçərisində nə xəyallar qurduqları evlərə həsrət qalacaqmışlar. Nə arzularla əkdikləri ağaclar bar üstündə düşmənin xəyanətkar əllərinə veriləcəkdi. 27 il bu yurdun insanları köçkün həyatı yaşaya-yaşaya tək təsəlliləri Ağdamın ağ günlərini xəyallarında canladırmaq olacaqdı. Amma bir məsələ də var ki, gedənlərin, itirilənlərin hər birini qaytarmaq olar, tək torpaqdan savayı. Qoy yansın, sökülsün, dağılsın evlərimiz. Ta ki torpaqlarımız özümüzünkü olsun, yadlar ona sahib çıxmasın. Qoy evsiz-eşiksiz qalaq, torpağın üzərində süfrə açaq, çörək kəsək, evimiz torpağın üzəri olsun, lakin torpağımız özümüzün olsun. Torpaq varsa, onun üzərində hər zaman gözəl, yaraşıqlı evlər qurmaq mümkündür. Su gələn arxa, bir də gələr, deyib atalarımız. O arxın varlığı ilə ona yenidən su gələ bilirsə, torpağın varlığı ilə də yeni yurdlar salına bilər. Ağdamda da salınır o yurdlar. Sevinir, gülür kəndləri, şəhərləri, insanları.

Ölkə başçısı tərəfindən “Park Forest Otel Ağdam” mehmanxanasının, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binasının, Ağdam Mərkəzi Xəstəxanasının təməlinin qoyulması Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq” kimi dəyərli fikirlərinin bu gün reallaşmasıdır.

Abidələrin bərpası Ağdamın ağ günüdür

Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri ötən 27 ildə yerlə yeksan olunub Ağdamımızın. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Bu qeyrətli oğulların sayəsində Ağdamın azan səsi təşnəsinə də son qoyuldu. Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il ağ çöhrəsinə qaranlıq çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni novraq bəxş etmək üçün gəlmişdi. Ağ günlərin müjdəsi ilə Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olmaları, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmaları və dövlətimizin başçısının “Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar… Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”,- dəyərli fikirləri səsləndirməsi 44 günlük müharibədə olduğu kimi yalnız birlik, bərabərlik, həmrəyliklə Ağdamın ağ günləri əldə edəcəyinə bir mesaj idi.

Bəli, 27 ilin sonunda işğaldan azad olunmuş Ağdam qara günləri arxada qoyub, ağ günlərə doğru sürətlə irəliləyir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan xalqımız bu gün Ağdamın timsalında qarşıda Qarabağın dünyaya nümunə olacaq hər bir bölgəsinin yeni növrağı ilə qürur duyacaqdır. Hər bir qürur isə düşmənə yenildiyini hər dəfə bir daha xatırlatmaqdır.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: