Ötən il Naxçıvanda 52 bədii əsər nəşr edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu barədə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda keçirilən elmi konfransda məlumat verilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan ədəbi mühiti  Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib. Dövlət müstəqilliyimizin qazanılmasından sonra ədəbi prosesdə fəal iştirak edən yazıçıların sayı artıb, azərbaycançılıq məfkurəsi əsasında yazılmış əsərlərin meydanı daha da genişlənib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” 20 may 2019-cu il tarixli sərəncamı ilə digər yaradıcılıq birlikləri ilə yanaşı, Yazıçılar Birliyinə də vəsait ayrılıb. Yaradıcı insanlara göstərilən bu cür dövlət qayğısı onları yaradıcılıq axtarışlarını daha da genişləndirməyə ruhlandırır.

Qeyd olunub ki, 2021-ci ildə şair və yazıçılarımızın 52 kitabı çap olunub. Həmçinin Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib, yaradıcılıq müsabiqələri, şair və yazıçıların kitablarının təqdimatı və imza günlərinin keçirilməsi diqqətdə saxlanılıb. “Ötən ilin ən yaddaqalan hadisələrindən  biri də Şuşada keçirilən “Vaqif Poeziya Günləri”ndə  şair Qafar Qəriblə birlikdə iştirak etməyimiz olub”,-deyə bildirən birliyin sədri diqqətə çatdırıb ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid və qazilərimizin bədii obrazı da böyük sevgi ilə ədəbiyyata gətirilib. Son iki ildə çap olunan əsərlər içərisində poeziya ilk sırada yer alıb. Belə ki, 111 kitabın 61-i şeir və poemalardan, digər 50 kitab isə hekayə, povest, roman, elmi və publisistik əsərlərdən ibarətdir.

Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Məmmədovun, həmin institutun şöbə müdiri Ramiz Qasımovun, böyük elmi işçiləri Aygün Orucova və Leyla Səfərovanın çıxışları dinlənilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: