Qərənfil: Mənə bəraət verin! - MƏQALƏ

A- A A+

Bir gündə qərənfillə bağlı iki bir-birinə bənzər hadisə ilə qarşılaşdım. Küçədə məndən öndə gedən iki nəfərdən biri satılan qərənfillərə baxaraq “nə gözəl qərənfillərdir”, – deyəndə o biri “o, ölü gülüdür də”, – deyə cavab verdi. Bu an onsuz da soyuq küləyin təsirilə ləçəkləri pərişan olmuş qərənfillərin bir andaca rəngi soldu, bu sözlərin təsirilə özlərini biryolluq küləyin ağuşuna verib “götür, götür məni, hara istəyirsən apar, çırp daşlara, divarlara, məhv elə, var olmaq istəmirəm”,- deyirdillər. Bir az sonra isə metroda qarşılaşdığım başqa bir hadisə: bir qadının dizinin üstündə qəzetə bükülü bir dəstə qərənfil. Güllər elə bükülmüşdü ki, ləçəkləri əsla görünmürdü. Mən onları bağlamanın aşağısından ancaq görünən yarpaqlarından tanıdım. Bu dəfə qərənfilin yenidən hayqırtısı ilə qarşılaşdım. Qəzetin altından sanki onu ən çox duyan adam kimi mənə üz tutub gileylənməyə başladı:

– Mənə niyə ölü gülü deyirlər axı, günahım nədir? Məni niyə görünməyim deyə qəzetə bükürlər axı, bunamı layiqəm? Axı 1990-cı ildən əvvəl mən hər kəsin ən sevdiyi, əl-əl axtarılan bir çiçək idim. İlin bütün fəsillərində hər kəsin ehtiyacını ödəyən, sevgililərin bir-birinə bağışladığı, ad günlərində buketləşən, nişan-toy gülü idim. Yay-qış məni bitirməyə-yetirməyə çalışanlar var idi. Mənimlə şəxsi biznesini qurub başqalarından fərqli yaşayanlar var idi. Nə edim ki, alın yazım belə yazılıbmış... 90-cı ildə Azadlıq meydanında 70 illik rus imperiyasının buxovlarını darmadağın edib müstəqillik uğrunda mübarizəyə qalxan və üzərinə yeridilən rus ordusunun qəddarlığına uğrayan yüzlərlə şəhidin, torpağı al edən qanın üzərinə düzüldüm. 20 Yanvarda, qışın o çağında mən var oldum, küçələri, dalanları bəzədim, mən şəhid gülünə, azadlıq çiçəyinə çevrildim. Müstəqillik uğrunda canlarından keçənlərin ilk həmdəmi oldum. Ana-atalarından, yaxınlarından öncə mən aldım onları qoynuma. Nalə çəkdim, ağı dedim, göz yaşı axıtdım. Hansı ki, qoynumda həyatla vidalaşanların bir zamanlar mən qoyunlarında, əllərində ən xoş günlərə yollanırdım. Bir gecədə bəzədim Bakının küçələrini. O gecə ad günü olanların ad gününü qeyd etdim, sevgilisiylə görüşə gedənlərin görüş yeri, hədiyyəsi oldum. Toyuna hazırlaşanların toyunu etdim. Ən əsası isə müstəqillik, azadlıq təşnəsi kimi küçələrə səpildim. Elə o gündən mən şəhid gülü oldum, ölü gülü deməyin, mən şəhidlərin-ölməzlərin, əbədi yaşayanların gülüyəm. Mən müstəqillik gülüyəm, azadlığa gedən yolda mən də varam. Ölü gülü deyiləm, əbədi müstəqilliyə gedən yolun şahidi, bələdçisiyəm.

Niyə məni qəzetə bükürlər bəs? Utanırmı insanlar məndən? Axı mən qürur gülüyəm, niyə utansınlar ki? Yaxşı, məni istəmirlər, barı qəzetə hörmət etsinlər. Qəzet nə çətinliklə yaranıb, ərsəyə gəlib, bilirlərmi? Bugünkü azadlığımız, müstəqilliyimiz üçün mətbuata, qəzetlərə də borclu deyilikmi? Həsən bəy Zərdabi qanı bahasına qəzet yaradanda, rus çarizmi tərəfindən təhdid ediləndə, insanların beyninə maarifçilik toxumunu səpib illərlə cücərməsini gözləyəndə, onlara olmazın çətinlikləri ilə qəzet oxudanda, qəzetində əkinçiliyə çağırış altında azadlığa çağırış edəndə nə bilərdi ki, ömrünü verdiyi qəzet neçə əsr sonra bəzi insanların lüzumsuz istifadəsinə çevriləcək. Budurmu siz insanların bir-birinizə qoyduğunuz hörmət? Budurmu böyük bir tarixə, ənənəyə malik mətbuata verdiyiniz dəyər? Əlinizə gələni, həmçinin də məni bükməyin qəzetlərə. oxuyun qəzetləri. Qoymayın internet dünyası qəzetlə təmasınızı, bu tarixi nümunəni də tamamilə əlinizdən alsın.

Mənə bəraət verin, ey insanlar! Tökün daşı ətəyinizdən. Ölü gülü deməyin mənə, qəzetlərə bükməyin, başıaşağı tutmayın, heç kimdən gizlətməyin. Mən bunları haqq etmirəm. Qaytarın mənə sevginizi. Xarıbülbül də 30 ildi ki, başını aşağı dikmişdi. Torpağı əlindən alınmışdı, mənəviyyatı, heysiyyəti təhqir olumuşdu. Düz 30 il idi ki, nə yazısı yazıydı, nə də ki, yazı. Açmırdı, gizlətmişdi gözəlliyini. Qarabağın matəmini saxlayırdı. İşğal olunmuş torpaqların yasını tuturdu, sızlayırdı, ağlayırdı. İndi baxın onun büsatına. 44 günlük payızla yazı gəldi xarıbülbülün. Mənimlə başlanan azadlıq mübarizəsində şəhid olanların övladları 17-18 ildə bu ölkədə elə böyüdülər, elə tərbiyə olundular ki, ata-babalarının 90-cı illərdə uğrunda şəhid olduqları, o zamankı rəhbərlərin ermənilərə satdıqları torpaqları azad etməyə yollandılar. 20 Yanvarın, Xocalı faciəsinin, ermənilərin əsrlərlə xalqımıza qarşı törətdikləri soyqırımların da, bir-birinin ardınca işğal olunan torpaqların, didərgin salınan, öldürülən, qapıları illərlə bağlı qalan qarabağlıların da, o zaman həmin torpaqlar uğrunda canını qurban edənlərin də qisasını aldılar. 44 gündə Qarabağ ölkəmizə layiqli rəhbərlik edən sərkərdənin müzəffər ordusunun rəşadəti ilə düşməndən geri alındı. Üç minədək şəhid verdik yenə. Lakin torpaqlarımıza doğma nəfəs dəydi, namusumuz, heysiyyətimiz təmizləndi. Dünya Azərbaycana heyran qaldı.

Xarıbülbülü şəhidlər qanları ilə suvardılar. Onu şəhid nəfəsi həyata qaytardı. Otuz ildə çiyninə düşən başı yuxarı qalxdı, ta yazı gözləmədi, elə payızdaca çiçək açdı. Otuz ilin əvvəlinin şahidi mən – qərənfil, sonunun şahidi isə xarıbülbül oldu. Əzizləndi xarıbülbül, yenidən adına nəğmələr qoşuldu, hər kəs sinəsində gəzdirir indi onu. Mənim kimi nə adı ölü gülüdür, nə də qəzetlərə bükülür. Rəsmləri hər yeri bəzəyir. Artıq başı dik, üzü ağ, könlü açıq, hamının sözü-söhbətidir. Onun üzündəki gülüşün səbəbi mənəm, bilirsinizmi? 30 il əvvələ bir nəzər salın. Mən igidimi oxşamasaydın, xarıbülbül 30 il sonra açardımı? Mən azadlıq mücahidlərini o gecə qoynuma almasaydım, onların davamçıları Qarabağa yollanardımı? 30 ilin əvvəlində mən, sonunda xarıbülbül varsa, mənə bəraət verin. Ölü gülü yox, şəhid gülü deyin, qəzetə bükməyin, qürurla əlinizdə gəzdirin məni. Qatın məni də güllərə, çiçəklərə, yaralı qəlbimə məlhəm olun. Başımı dik tutun, “ağla, qərənfil, ağla” deməyin, “gülümsə qərənfil” deyin. Mən də, siz də şəhidimizi unudan deyilik sonsuzadək, onlar üfüqlərdən daim gülümsəyirlər bizə. Siz də məni gülümsədin, mənə bəraət verin!

P.S. Qərənfil “danışdıqca” ürəyimin sızıltısı ilə onu dinləyir, söylədiklərinin tamamilə gerçək olduğu anlamına gəlirdim. Həqiqətən, gəlin, qərənfilə bəraət verək. Onunla yenidən nişan, toy buketlərinə çevirək, bir-birimizə bağışlayaq. Qoy yeni qurulan ailələrimiz şəhid gülü ilə qurulsun. Qoy hər dəfə bir-birimizə bağışladığımız qərənfillərlə hər dəfə müstəqil, azad həyatımızı bizə bəxş edənləri xatırlayaq. Bu xatırlamaları övladlarımıza anladaq. Anladaq ki, qərənfil ölülərin deyil, əbədi yaşayanların gülüdür...

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: