Şahbuz rayonunda torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata əsasən, seminar-müşavirə Şahbuz rayonunun Daylaqlı kəndində keçirilib.
Tədbirdə aid təşkilatların nümayəndələri torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq davam etdirilir.
Seminar-müşavirə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.