Sədərək rayonunda rabitə xətləri yenilənir - FOTOLAR
Muxtar respublikanın digər bölgələri kimi, Sədərək rayonunda da əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində zəruri işlər görülür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda rayonun Sədərək və Dəmirçi kəndlərində uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, zədələnmiş kabellər yeni kabellərlə əvəzlənir. Bəzi yerlərdə aztutumlu rabitə xətləri çoxtutumlu rabitə xətləri ilə əvəz edilir ki, bu da öz növbəsində istifadəçi sayının artmasına imkan verir. Həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə əhatə olunmasına şərait yaradacaq.
Rayonda 2976 nömrə tutumuna malik 4 ədəd müasir Avtomat Telefon Stansiyası sakinlərin tələbatının ödənilməsinə xidmət edir.
Qeyd edək ki, muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi bütün sahələrdə olduğu kimi rabitə sahəsinin gələcək inkişafına, hər bir vətəndaşın müasir texnologiyalardan bəhrələnməsinə geniş imkanlar açıb. Rabitə və yeni texnologiya sahələrinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu gün ucqar kəndlərdə genişmiqyaslı abadlıq-quruculuq tədbirləri görülür, müasir rabitə infrastrukturu yaradılır.