Şərur rayonunda kartof əkinləri genişləndirilir - FOTOLAR

A- A A+

Şərur rayonunda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, ekoloji baxımdan saf, təmiz kənd təsərrüfatı məhsulları istehsalına diqqət və qayğı xeyli artırılıb. Hazırda  rayonda 408 nümunəvi iri ailə təsərrüfatı fəaliyyət göstərir. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar  sahələrdə yazlıq bitkilər, xüsusən də kartof əkinlərini davam etdirirlər.

Kartofçuluq Şərurda geniş vüsət alan əkinçiliyin aparıcı istiqamətlərindən birini təşkil edir. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ötən il rayonun ailə təsərrüfatçıları 1374 hektar sahədə məhsul yetişdirib, 24 min 297 ton kartof əldə ediblər. Ailə təsərrüfatçıları bu ilin bol məhsulu üçün də lazımi hazırlıq işləri görüb, sahələrdə kartof əkinlərinə başlayıblar. Qısa müddətdə 20 hektarda kartof əkini aparılıb.

Rayonun Cəlilkənd sakini Məhəmməd Tağıyev uzun illərdir ki, ailə təsərrüfatı yaradıb. Bu il kartof əkini sahələrini 25 hektara çatdırmaq istəyində olan təsərrüfatçılar hələ ötən ilin payızında sahələri münbitləşdirib, keyfiyyətli şum aparıblar. Mütəşəkkil hazırlıqdan sonra həmin sahələrdə artıq kartof əkini həyata keçirilir.

Ailə təsərrüfatının 40 nəfərə yaxın üzvü var. Onlar müxtəlif sahələrdə çalışmaqla yanaşı, əsas diqqəti kartof və soğan əkinlərinə yönəldiblər. Təsərrüfat işlərində qadınlar da yaxından iştirak edirlər. Onlar mövsümi işlərdə vegetasiya becərmələrini aqrotexniki qaydalar əsasında həyata keçirir, məhsuldarlığı artırır, bazar və yarmarkalara bol və keyfiyyətli məhsul çıxarmaqla bərabər, həm də öz ailə büdcələrini zənginləşdirirlər.

Qeyd edək ki, rayonun Aralıq, Cəlilkənd, Zeyvə, Xanlıqlar, Düdəngə, Mahmudkənd, Sərxanlı və digər yaşayış məntəqələrində də artıq kartof əkinlərinə başlanılıb. Bu isə o deməkdir ki, artıq may ayından qədim əkinçilik diyarında faraş məhsul istehsal edilib, ayrı-ayrı ticarət şəbəkələrinə, bazar və yarmarkalara çıxarılacaq.  Məqsəd isə əhalinin bu ərzağa olan tələbatını yerli imkanlar hesabına ilboyu ödəməkdir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: