NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Naxçıvan” Universitetində “Simli şəbəkələrin arxitekturası”, “Mənzilə qədər optik kabel üzərindən dar və genişzolaqlı xidmət” və “5G texnologiyası” mövzusunda təlim keçirilib.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva təlimin mahiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsindəki yeniliklərdən danışıb.
“HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsi Tural Zərbəliyev 5G texnologiyası barədə də məlumat verərək bildirib ki, bu texnologiya daha öncəki rabitə standartları ilə müqayisədə verilənlərin daha sürətli ötürülməsini, aşağı siqnal gecikməsini, daha çox cihazın bağlanması imkanını, yüksək enerji səmərəliliyini, dəfələrlə artan ötürmə qabiliyyəti və yüksək sürətli istifadəçi hərəkətliliyini təmin edir. Əvvəllər mobil rabitələrin hər nəsli əsasən fiziki xüsusiyyətlərinə görə əvvəlkindən daha önə keçirdi. 5G konteksti genişləndirərək yeni texnologiya anlayışı təklif edir. Bu, yenilikçi platforma əsasında bir çox sahələrin inkişafı üçün əlavə təkan olacaq və tamamilə yeni xidmətlərin, biznes-modellərin, qurğuların, istehsal zəncirlərinin və infrastrukturun qarşılıqlı fəaliyyət növlərinin ortaya çıxması deməkdir.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aynur Əliyeva