NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 18-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təqdimatı keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada aparılan səhiyyə islahatlarından, o cümlədən gigiyena və epidemiologiya sahəsində görülən işlərdən danışıb, dövlət proqramının mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin fəaliyyəti təmin edilib, yeni binalar istifadəyə verilib, avadanlıqlar alınıb, müasir laboratoriyalar qurulub, ştat strukturu təsdiq olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamına əsasən təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da bu sahədə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və sanitar-epidemioloji xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə qəbul olunan dövlət proqramının məqsədi sanitar-epidemioloji sabitliyin qorunub saxlanılması, gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də yoluxucu və parazitar xəstəliklərin yayılmasının qarşısının alınmasından ibarətdir. Dövlət Proqramında sanitariya nəzarətinin həyata keçirilməsi, sanitariya qaydalarına və gigiyena normativlərinə nəzarət olunması, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin davam etdirilməsi, kadr hazırlığı ilə bağlı işlərin görülməsi, rayonların epidemioloji xəritəsinin və muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya işlərinin genişləndirilməsi kimi, ümumilikdə 19 bənd üzrə vəzifələr müəyyənləşdirilib, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də aid qurumlar qarşısında mühüm tapşırıqlar qoyulub. Qarşıya qoyulan vəzifələrin icrası əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunması, sanitariya mədəniyyətinin formalaşması və epidemioloji xidmətin müasir tələblərə uyğun qurulması kimi mühüm nəticələrin əldə olunmasına imkan verəcəkdir.
Ülvi Hüseynli bildirib ki, kollektiv Dövlət Proqramını əsas fəaliyyət istiqaməti kimi götürməli, Ali Məclis Sədrinin gigiyena və epidemiologiya sahəsində müəyyənləşdirdiyi vəzifələr ardıcıl şəkildə icra olunmalıdır.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva bildirib ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində səhiyyə sistemi və sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılıb. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, derartizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin edib. Həyata keçirilən uğurlu sosial-ekoloji siyasət tədbirləri çərçivəsində geniş yaşıllıq zolaqlarının salınması, yeni su anbarlarının tikilməsi muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin ləğvinə səbəb olub. “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da Naxçıvan Muxtar Respublikasında əhalinin sanitar-epidemioloji vəziyyətinin qorunması, sanitariya mədəniyyətinin formalaşmasına nail olmaq və epidemioloji xidməti müasir tələblərə uyğun qurmaq üçün əlverişli şərait yaradacaqdır. Zeynəb Mustafayeva dövlət proqramının mərkəz və rayon şöbələri tərəfindən icraya götürüldüyünü bildirib, qarşıya qoyulan vəzifələrin aidiyyəti üzrə həyata keçiriləcəyini diqqətə çatdırıb, sanitar epidemioloji xidmət səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri İradə Rəhimova deyib ki, ötən il Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə və laboratoriyaları ən son tibbi avadanlıqlarla təchiz edilib. Pandemiya ilə əlaqədar olaraq mərkəzin tərkibində Xüsusi Təhlükəli Xəstəliklər laboratoriyası yaradılıb, işin keyfiyyətlə aparılması üçün lazımi dərman preparatları ilə təmin olunub. Yaradılan şərait Dövlət Proqramı üzrə vəzifələrin vaxtında icrasına imkan verəcəkdir.
Rayon gigiyena və epidemiologiya şöbələrinin müdirləri çıxış edərək Dövlət Proqramının əhəmiyyətini vurğulayıb, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyini bildiriblər.
Sonda mərkəzdə arxiv işinin təşkili ilə bağlı görülən işlərə baxış olub.