21 fevral Beynəlxalq Ana Dili Günüdür

Azərbaycan dili ən ali dəyərimizdir

A- A A+

Hər il fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, - deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmış, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirmişdir. Bunun nəticəsidir ki, 1970-ci ildən başlayaraq Azərbaycan dili elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Dahi rəhbər ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.

Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldı. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır. Ölkə prezidentinin 2013-cü  il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul edilməsi dövlət-dil siyasətinin bütün parametrlər üzrə həyata keçirilməsinə şərait yaratmışdır. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncam dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaratmışdır.

Ölkə başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının daha bir nümunəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.

Ölkə Prezidenti cənab İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dilimizin başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir, ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, türk-islam ədəbiyyatının “Şahnamə”si sayılan “Qutadqu bilik” (XI əsr) poemasının, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri”, böyük islam mütəfəkkiri Nemətullah Naxçıvaninin 3 cildlik “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə”, 3 cildlik “Naxçıvan tarixi” kitabları, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırmışdır. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə, coğrafi ünvanlara doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması dilimizlə bağlı tədbir və nəşrlərin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Həmçinin Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin gücləndirilməsi, onun nəzdində Tərcümə mərkəzinin fəaliyyətə başlaması da dilimizin, sözümüzün qorunub inkişaf etdirilməsində mühüm addımlardandır. Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə dilimizin işləkliyi və düzgün təbliği diqqət mərkəzində saxlanılmış, muxtar respublikanın televiziya və radiolarında Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır. Bu qurumlar televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dil normalarının pozulması hallarının qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 533.1-ci maddə əlavə edilmişdir. Həmin dəyişikliyə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilmiş, bu istiqamətdə xeyli iş görülmüşdür.

Naxçıvan Dövlət Universitetində də Azərbaycan dili fənni ilə bağlı dərslərin tədrisinə və ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Tarix-filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr səviyyəsinin bütün kurslarında fənnin müxtəlif dərəcədə tədrisinin həyata keçirilməsindən başqa, xarici dillər fakültəsində, qeyri ixtisaslarla əlaqəli fakültələrdə Azərbaycan dili, nitq mədəniyyəti dərsləri də yüksək səviyyədə təşkil olunur. Bundan başqa, universitetin magistr səviyyəsində Azərbaycan dili fənni ilə bağlı pedaqoji və nəzəri istiqamətli bir sıra dərslər keçilir. Bu baxımdan dilin müxtəlif sahələri – orfoqrafiya və orfoepiya, fonetika, leksikologiya, morfologiya, sintaksis, ədəbi dil, poetik linqvistika, üslubiyyat üzrə biliklər verilir. İxtisaslara uyğun olaraq dərslərdə tanınmış professor və elm xadimləri iştirak edir. Həmçinin tələbələrin müasir şair və yazıçılar, elm xadimləri ilə mütəmadi olaraq görüşləri təşkil edilir ki, bunlar da tələbələrin öz ixtisaslarına daha dərindən yiyələnmələrinə şərait yaradır. Azərbaycan dili və ədəbiyyat kafedrasının professor və müəllim heyətinin çap olunmuş 50-dən artıq kitabı, yüzlərlə elmi və metodik məqalələri fənnin daha dərindən öyrədilməsində mühüm əhəmiyyətə malikdir. AMEA Naxçıvan Bölməsində də Azərbaycan dilinin bir sıra vacib məsələləri, Naxçıvan Muxtar Respublikasının onomastik vahidləri, dialekt və şivələri yüksək səviyyədə tədqiq olunaraq xaricdə və ölkəmizdə çoxsaylı elmi əsərlərin çapına nail olunmuşdur. Bundan başqa Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tələbələrinə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi dərəcəli əməkdaşları tərəfindən Azərbaycan dilinin ümumi problemləri, Naxçıvanın dialekt və şivələri, onomastik vahidləri və digər məsələlər ətrafında təlimlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bütün təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, maddi-tədris bazası möhkəmləndirilmiş, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, 3 milyona yaxın dərslik, 600 mindən çox bədii ədəbiyyatla təmin edilmişdir. Hər il muxtar respublika ümumtəhsil məktəblərində Azərbaycan dilinin inkişafı və qorunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə dilimizin zənginliyi şagirdlərimizə təbliğ edilir, məktəblilərarası inşa yazı, şeir müsabiqələri, yarışlar keçirilir, maarifləndirici söhbətlər aparılır. Eləcə də mütaliə aylığı, kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, bilik yarışları təşkil edilir.

Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim hər birimiz bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq.

 

Zülfiyyə  İsmayıl

AMEA Naxçıvan Bölməsi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: