“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib - FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xidmət rəisinin müavini Elnur Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxışlarında tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, tədbir mahiyyət etibarilə Naxçıvan Muxtar Respublikasında işəgötürənlərin rahatlıqlarının təmin edilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarların miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
Xidmətin baş inspektoru Həmid Muxtarlı diqqətə çatdırıb ki, muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, qanunsuz miqrasiyanın vaxtında aşkarlanması, səmərəli və effektiv mübarizə, eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması ciddi nəzarətdə saxlanılır.
Vurğulanıb ki, dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi və iş icazələrinin verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikada haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün bəzi şərtlər var. Bunun üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmaması vacibdir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elmin Fərəcov muxtar respublikada əhalinin məşğulluğunun artırılması və daxili əmək bazarının qorunması məqsədilə yerli əmək ehtiyatlarından səmərəli istifadə olunmasının zəruriliyi barədə geniş məlumat verib.
Əmək miqrasiyası sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət mövzusuna toxunan xidmətin baş inspektoru Tural Bayramov bildirib ki, bu gün ölkə sərhədlərimiz hər nə qədər əməkçi miqrantların üzünə açıq olsa da, əlbəttə, mövcud prosedur qanunvericiliyin tələbləri səviyyəsində həyata keçirilməlidir. Muxtar respublikada iş icazəsi əsasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla icra olunmaqdadır.
Qarşılıqlı diskussiya şəraitində davam edən tədbirdə əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması, o cümlədən əmək miqrasiyası kvotası ilə bağlı ünvanlanan suallar ətraflı cavablandırılıb, məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarlara Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, tədbir Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində keçirilib.