Yemişan giləmeyvələrinin fitokimyəvi tədqiqi və kompleks istifadə perspektivləri - FOTOLAR
Crataegus L. (yemişan) cinsinin bəzi növləri çox qədim zamanlardan müxtəlif ölkələrin xalq təbabətində istifadə edilirdi. Farmakoloji və toksikoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, yemişan bitkisinin müxtəlif ekstraktları ürək-damar və sinir sistemi xəstəliklərində müsbət təsir göstərir. Həmçinin yemişanın çiçək və meyvələrindən alınmış ekstraktlar viruslara qarşı antioksidant aktivliyə malikdir.
Yemişan növlərinin əsas farmakoloji təsirləri onların tərkibindəki flavonoid tipli birləşmələrin varlığı ilə əlaqələndirilir. Bir çox flavonoidlərin geniş bioloji təsirlərə malik olduqları fitokimyəvi tədqiqatlarla müəyyən edilib. Onlar antibakterial, viruslara və iltihaba qarşı, antiallergik, antitrombik aktivliklər göstərir və kapilyarları genişləndirərək, onların elastikliyini artırmaq qabiliyyətinə malikdir.
Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, daşlı, çınqıllı, narın torpaqlı yamaclarda, qayalıqlarda kolların arasında daha yaxşı inkişaf edir. Böyük və Kiçik Qafqazda, həmçinin Naxçıvan MR-də təbii halda geniş yayılmış meyvə bitkisidir. Çox da iri olmayan meyvələri turşa-şirin tamlı, şirəlidir.
Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrup), mikroelementlər, üzvi turşular, efir yağları və bu kimi faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanların sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri hesab edilir. Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək və sakitləşdirici dərman preparatlarının tərkibinə yemişan ekstraktı daxil edilir. Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı (həssaslığı) azaldır. Bu giləmeyvələr ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Belə ki, ürəyin və beynin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır. Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə damarları müalicə edən həkimlər) yemişanı “qoca ürəyin dərmanı” adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığının müalicəsi zamanı istifadə olunur. Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirmiş insanlar üçün də bu giləmeyvə çox xeyirlidir.
Yemişan iltihab və mikrob əleyhinə də müsbət təsir edir. Tərkibi pektinlərlə zəngindir. Pektinlər bağırsaqları müxtəlif toksiki maddələrdən təmizləyir. Qədim Çin, Avropa, Amerikada loğman və həkimlər onunla ürək çatışmazlığı və aterosklerozu müalicə edirdilər. Alimlər yemişanın ürək-damar sisteminə 4 təsirini göstərir: antioksidant, iltihab əleyhinə (antibakterial, antiviral), damarların qorunması və lipidlərin səviyyəsinin azalması.
Müşahidələr göstərir ki, yemişan qəbul edən insanlarda təngnəfəslik, ürəkdöyünmə, yorğunluq, ürək problemləri azalır. Yemişan qanda azot oksidin səviyyəsini artırır, qan təzyiqini (hipertoniya) aşağı salır. Onun digər ürək-damar dərmanları ilə yanaşı qəbul edilməsinin hansısa yan təsirləri görülməyib. Yemişan qədimdən həzm, mədə-bağırsaq, qəbizliyə qarşı vasitə olub, liflidir, prebiotik kimi təsir edir. Yemişan ekstraktı bu problemlərdə də effektivdir:
- Qidanı həzm sistemindən tez keçirir
- Mədəni qoruyur
- Qaraciyərin piylənməsinin və bərkiməsinin qarşısını alır
- Qəbizliyi aradan qaldırır
- Gözəllik mənbəyidir.
Tərkibindəki polifenollar sayəsində dərinin struktur və funksiyasına da təsir edir. Onu ultrabənövşəyi şüaların təsirindən, kollagenin itirilməsindən, qocalmaqdan qoruyur. Yemişanla müalicə dərinin epidermisini yaxşılaşdırır.
Muxtar respublikamızda bu giləmeyvədən qışa hazırlıq məqsədilə kompot və mürəbbələr də hazırlanır. Təbii ki, xüsusən soyuq qış aylarında bu məhsulların da istifadəsinin özünəməxsus faydaları var.
Hazırda kimyəvi texnologiyaların inkişaf istiqaməti bitki mənşəli xammal mənbələrinin kompleks istifadəsinə istiqamətlənib. Bu məqsədlə bitki xammalının tullantısız və ya az tullantılı kompleks emalı sxemlərinin işlənməsi çox vacibdir və günün tələbidir.
Surə Rəhimova
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,
Biologiya üzrə fəlsəfə doktoru
Qəndab Hacıyeva, İnci Qənbərova
Naxçıvan şəhər 5 №-li tam orta məktəbin IX sinif şagirdləri